Otuz ikinci ilin müstəqillik sevinci – suveren Azərbaycan qüruru

post-img

18 Oktyabr – Müstəqilliyimizin Bərpası Günü

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Yəni, ölkəmiz dövlət müstəqilliyinin bərpasının növbəti ildönümünü qeyd edir. Uzun illər Müstəqillik Günü kimi yaddaşımızda qalan bu tarix 2021-ci ilin payızından indiki adı ilə rəsmiləşib. Məlum olduğu kimi, həmin il oktyabrın 11-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 

Qeyd edək ki, müstəqilliyimizin bərpasının ildönümün­dən söz açmaq onu əldə etdiyimiz gündən indiyədək heç vaxt bu qədər qürur və fəxarət hissi yaşatmamışdı. Hazırda bunu söyləmək üçün çox şeylər var. Azərbaycan indi tam­dır, bütövdür, suveren haqlarına sahiblənib. Artıq 2020-ci ildə işğaldan azad olunmuş digər torpaqlarımız kimi, Xoca­lı, Xocavənd, Ağdərə, Əsgəran və nəhayət, Xankəndi də, sözün əsl mənasında, Azərbaycandır. Müstəqilliyimizi qa­zandığımız andan bəri dilədiyimiz arzular çin çıxıb. Deməli, bu günün sevincini tam könül rahatlığı ilə yaşamağa dəyər. Hərçənd, yaxın tariximizə nəzərən deyə bilərik ki, 1991-ci ilin oktyabrında heç də hər şey indiki qədər rəvan deyildi... 

Bəli, 32 il əvvəl Azərbaycan Respublikasının Ali So­veti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qə­bul etdi. Bununla bağlı müzakirələr isə hələ oktyabrın 8-də başlamışdı. Həmin gün işə növbədənkənar sessi­ya məsələni dörd gün müzakirə etmişdi. Lakin nədənsə qərar verməyə tələsməmişdi. Yalnız bir həftə sonra – oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul olunmuşdu. Ali Sovetin 360 deputatından 231-i ona səs vermişdi. Qalanları isə... 

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Akt 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ mü­zakirəyə çıxarılmış və əhalinin 95 faizi səsvermədə iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyə­tinə səs vermişdi. Müstəqilliyimizi ilk tanıyan ölkə isə qardaş Türkiyə olmuşdu. Bu, 1991-ci il noyabrın 9-da baş vermişdi. Ardınca Rumıniya, Pakistan, İsveçrə, İran, Rusiya və başqa dövlətlər də müstəqilliyimizi tanımışdılar.

O da məlumdur ki, müstəqilliyini elan edən Azərbaycan çətin və mürəkkəb mərhələyə qədəm qoymuşdu. Xalq əyani şəkildə görmüşdü ki, müstəqilliyi qorumaq onu qa­zanmaqdan daha çətindir. Axı, bu böyük nemətə sahiblən­məyimizdən cəmi iki il sonra onu yenidən itirmək təhlükəsi yaşanmışdı. Bir tərəfdən erməni təcavüzü, digər yandan dövlət rəhbərliyində olan səriştəsizlik fonunda daxili çəkiş­mələr müstəqilliyimizin beşiyindəcə boğulması təhlükəsini yaratmışdı. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində təhlükə sovuşmuşdu. Dayağını xalqdan alan Heydər Əliyev ağır günlərdə qətiyyət və iradə nümayiş etdirməklə müstəqil dövlətçiliyimizi qorumuşdu. 

Onu da vurğulamaq lazımdır ki, əslində, Azərbaycanın müasir dövrdəki dövlət müstəqilliyinə gedən yolunun əsa­sını ilk dəfə Ümummilli lider Heydər Əliyev qoymuşdu. Ulu öndər üçrəngli bayrağımızı Naxçıvan Muxtar Respublika­sının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdı. Sovet İttifaqının mövcud olduğu bir şəraitdə belə cəsarətli addımın atılması dahi şəxsiyyətin xalqına, dövlətinə yüksək bağlılığını, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərmişdi.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən son­ra ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqti­sadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırmış, möhkəm əsaslar üzərində yeni inkişaf xəttini müəyyənləşdir­mişdi. Ümummilli liderin idarəçilik kursunu davam etdirmiş Prezident İlham Əliyev suverenliyimizin möhkəmləndirilməsi istiqamətində yorulmaz səylər göstərmiş, müstəqillik sözü­nün gerçək anlamını praktiki müstəviyə çıxarmağı bacarmış­dı. Nəticə etibarilə, Azərbaycan dünyada öz mövqeyi və prin­sipləri olan ölkə kimi tanınmış və hörmət qazanmışdı. İlham Əliyevin ötən 20 illik prezidentlik fəaliyyəti Ulu öndərin “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik” kəlamının bütün mənalarda doğrulduğunun təsdiqidir. 

Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan Respublikası yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstər­məyə qadir olan ölkəyə çevrilib. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində milli maraqlarımıza uyğun beynəlxalq faydalı əməkdaşlıq həyata keçirilir, ölkəmiz günü-gündən çiçəklənir. Qətiyyətlə demək mümkündür ki, İlham Əliyevin rəhbərlik etdiyi Azər­baycan, eyni zamanda, rifah ölkəsidir. 

Əlbəttə, rifah və əmin-amanlıq ərazi bütövlüyünün, su­verenliyin bərpası olmadan yarımçıq xarakterə malik olardı. Buna görə də Prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də dövlət başçısı seçilən gündən Qarabağı azad etmək hədəfini müəyyənləşdirdi. O, Ulu öndərin Qarabağ ideo­loji xəttini zənginləşdirərək, onu müstəqil dövlətçiliyimizin məfkurə davası halına gətirdi, illər ərzində bu dava üçün möhkəm zəmin formalaşdırdı. İndi dövlət müstəqilliyimizin bərpasının 32-ci ildönümünü qeyd etdiyimiz gündə İlham Əliyev şəxsiyyətinin davasının tam qələbə ilə başa çatdığını görmək, hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. 

Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan Res­publikası milli dövlətçilik quruculuğu yolunda müvəffəqiy­yətlər qazanaraq, şərəfli gələcək istiqamətində inamla ad­dımlayır. Bəli, dahi liderin fikirləri hər zaman olduğu kimi, yenə də aktualdır. Bu gün dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünü qeyd edən Vətənimiz Prezident İlham Əli­yevin rəhbərliyi ilə nəinki şərəfli gələcəyə doğru addımlayır, eyni zamanda, o gələcəyi özü yaradır. Hesab edirik ki, əsl müstəqillik də elə bu yaradıcılıq xüsusiyyətinə malik olmaq­dadır. Yaşasın müstəqil Azərbaycan!

XQ

Siyasət