Bağların qayğı çağı

post-img

Respublikamızın Quba-Xaçmaz, Şəki-Zaqatala və digər bölgələrində tumlu (alma, armud, heyva) meyvə bağları geniş sahələri əhatə edir. Belə bağlar son illərdə aran yerlərdə də salınır. Hazırda ölkəmizdə 24 min 581 hektara qədər alma, 6 min 672 hektar armud və 4 min 408 hektar heyva bağları becərilir.

Xatırladaq ki, intensiv texnologiyalar əsasında alma, armud və heyva bağları ilk dəfə 2005-ci illərdə Quba-Xaçmaz bölgəsində salınıb və bu müsbət tendensiya digər bölgələrə də yayılıb.

Meyvəçilik sahəsində çalışan fermerlər və bağbanları “Tumlu meyvə bağlarında zərərvericilərə qarşı səmərəli mübarizə necə aparılmalıdır” sualı çox maraqlandırır. Onların bu marağını təcrübəli alim-aqronom, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov belə cavablandırır:

– İlin bu fəslində alma, armud və heyva bağlarında baş qaldıra biləcək bir sıra qorxulu və məhsuldarlığa ciddi ziyan vura biləcək xəstəlik və zərərvericiləri vaxtında aşkar etmək və onlara qarşı inteqrir mübarizə tədbirlərini həyata keçirmək çox vacibdir. İnteqrir mübarizə tədbirləri dedikdə, xəstəlik və zərərvericilərə qarşı ayrı-ayrılıqda yox, kompleks şəkildə, yəni zəruri kimyəvi məhlulların xüsusiyyətlərini nəzərə almaq şərti ilə, bir yerdə istifadə etmək nəzərdə tutulur.

May ayında tumlu meyvə bağlarında ən qorxulu xəstəliklərdən biri dəmgil və monilioz sayılır. Xəstəliyin törədicisi göbələk və onun ayrı-ayrı növləridir. Xəstəliyin törədiciləri bitkilərin zoğ, yarpaq, çiçək və meyvələrini yoluxdurur. Nəticədə bitkilər zəifləyir, yoluxmuş meyvələr isə öz əmtəəlik qabiliyyətini itirirlər. Cari ilin yaz aylarının olduqca rütubətli, temperaturun isə aşağı olması nəticəsində bu xəstəliyin bağlarda kütləvi artması müşahidə edilir.

Hazırda bağlarda monilioz xəstəliyindən başqa unlu şeh, fillostiktoz, septarioz və digər xəstəliklər də müşahidə edilir. Bu xəstəliklərlə yanaşı, may ayında tumlu meyvə bağlarında alma meyvəyeyəni, alma güvəsi, minalayıcı güvələr, uzunburun böcəklər, yarpaqbükənlər, qarışçılar, alma və armud ballıcaları, meyvə gənələri, mənənələr və bir sıra digər zərərvericilər də müşahidə edilir.

Bu zərərvericilərin hər biri ayrı-ayrılıqda bitkilərin yarpaq, çiçək, zoğ, meyvə və s. orqanlarına böyük zərər vura bilirlər. Bu zərərvericilər arasında alma meyvəyeyəni xüsusilə təhlükəlidir. Belə ki, alma meyvəyeyəni mayın ortalarından başlayıb alma və armudun təzə əmələ gəlmiş meyvələrini deşərək yumurtalığa daxil olur və orada inkişaf etməyə başlayır. Həşəratlar sinfinin pulcuqqanadlılar dəstəsinə daxil olan dişi kəpənək 150-yə qədər yumurta qoya bilir. Yumurtadan çıxan hər bir tırtılın 4 ədədə qədər meyvəni zədələyə biləcəyini nəzərə alsaq, o zaman bağa dəyəcək ziyanın miqyasını təsəvvür edə bilərik.

Bütün bunları nəzərə alaraq, xəstəlik və zərərvericilərə qarşı kompleks şəkildə mübarizə aparılmalıdır. Belə ki, çiçəkləmənin sonunda (ləçəklərin 90 faizi töküldükdə) xəstəliklərə qarşı krezoksim-metil, siprodinil, dodin, difenokonazol fungisidlərindən biri ilə lambda-siqalotrin, deltametrin, alfasipermetrin insektisidlərindən birinin qarışığı çilənməlidir.

Yeri gəlmişkən, hava şəraitini nəzərə alaraq növbəti mübarizə tədbirini çiçəkləmənin sonunda aparılmış kimyəvi mübarizədən 8-10 gün sonra aparmaq lazımdır.

Mayın ortalarında alma meyvəyeyəni zərərvericisinin I nəslinin, həmçinin dəmgil, unlu şeh xəstəliklərinin inkişafını nəzərə alaraq, zərərverici və xəstəliklərə qarşı emamektin-benzoat, deltametrin, lambda-siqalotrin insektisidlərindən biri ilə difenokonazol, ditianon, kaptan fungisidlərindən biri və eləcə də penkonazol, 80 faizli kolloid kükürd fungisidlərindən birinin qarışıqlarını istifadə etmək lazımdır. Armud bağlarında armud ballıcasının I nəslinə qarşı 1 ton suya 5 l mineral yağ + 1,5 l abamektin, yaxud 0,5 l asetamiprid + 0,5 l lambda-siqalotrin + 1,5 l abamektin qarışığından istifadə edildikdə yaxşı nəticə alınır.

Meyvə gənələrinin bağlarda 7 növünün yayıldığı və əksəriyyətinin 8-9 nəsil verdiyi nəzərə alınsa, mübarizə tədbirləri aparıldıqda səciyyəvi akarisidlərdən (abamektin, etoxazol və s.) də istifadə edilməlidir. Qeyd edək ki, xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə aparmaqla may ayı ərzində tumlu meyvə bağlarında fitosanitar vəziyyəti normal saxlamaq mümkündür.

Xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizənin aparılması ilə yanaşı, bu dövrdə bağların gübrələnməsi və suvarılmasına da ciddi fikir verilməlidir. Belə ki, damcı suvarma sistemi olan bağlara hər həftə 20-25 kiloqram azot, 15-20 kiloqram monoammonium-fosfat və 12-15 kiloqram kalium-nitrat gübrələri verilməlidir.

Beləliklə, mayda tumlu meyvə sahələrində qeyd etdiyimiz becərmə tədbirlərini həyata keçirməklə bağlarda bol məhsulun yetişdirilməsinin əsasını qoya bilərik.

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV
XQ



Sosial həyat