ABŞ-dan HƏMAS-a “son xəbərdarlıq” edilib

post-img

ABŞ Prezidenti Donald Tramp HƏMAS-a “son xəbərdarlıq” edərək, İsrailin Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtləri qəbul etdiyini bildirib. Tramp bu şərtlərin nə olduğunu açıqlamayıb. 

Məlumatı “Euronews” yayıb. 

Amerika liderinin sözlərinə görə, İsrail artıq onun şərtləri ilə razılaşıb. Tramp Truth sosial şəbəkəsində yazıb: “Hamı girovların geri qaytarılmasını istəyir. Hamı istəyir ki, bu müharibə bitsin!”

O əlavə edib ki, bu, onun son xəbərdarlığıdır.

Məlumata görə, təklif bazar günü ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff tərəfindən HƏMAS-a göndərilib. İddialara görə, Vaşinqton bütün girovların dərhal azad edilməsi müqabilində İsrailin hərbi əməliyyatının dayandırılmasına zəmanət verəcək. 

Öz növbəsində İsrail hakimiyyəti üç minə yaxın fələstinli məhbusu həbsdən azad etməyə razıdır. Hazırda Qəzzada 48 girov qalıb, lakin onlardan yalnız 20-yə yaxınının sağ olduğu güman edilir.

Bu, Trampın HƏMAS-a ilk ultimatumu deyil. Mart ayında o, analoji “son xəbərdarlıq” etmişdi. Yeni təklif, Vaşinqtonun fikrincə, uzanan münaqişəyə son qoymalıdır.

P.Əmircanov
XQ

 

Dünya