Kimdir müqəssir?

post-img

Ermənistan parlamenti “milli məğlubiyyət”in müəlliflərini açıqlayacaq 

İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan hələ də bunun fəsadlarını yaşamaqdadır. Hayastanda siyasi və sosial gərginlik 5 ildir ki, davam edir. Hakimiyyətlə müxalifət hər fürsətdə bir-birini ittiham edir, vətənə xəyanətdə suçlayır. Müxalifətin əsas lokomotivi hesab edilən keçmiş hakimiyyət nümayəndələri Serj Sarkisyan və Robert Koçaryan tandemi bu mübahisələrin önündə dayanır.

Onlar çıxışlarında birbaşa Nikol Paşinyanı hədəfə alaraq, Qarabağın “itirilməsində” əsas məsuliyyətin onun üzərində olduğunu vurğulayırlar. Səbəb də odur ki, ölkənin baş naziri silahlı qüvvələrə ümumi rəhbərliyə və təhlükəsizlik orqanlarının koordinasiyasına cavabdehdir. Bununla belə, məsələnin dərinliyinə enəndə görünür ki, rüsvayçı məğlubiyyətə görə təkcə Paşinyanı “günah keçisi” kimi qələmə vermək doğru yanaşma deyil. Ermənistanın İkinci Qarabağ müharibəsində rəzil vəziyyətə düşməsində yalnız Paşinyanın deyil, ona qədər 20 il hakimiyyətdə olmuş “Qarabağ klanı”nın – Koçaryan–Sarkisyan cütlüyünün böyük payı var.

Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, müharibə ilə bağlı təhlillər onu göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. Halbuki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib və o, cəmi iki il ərzində nə yeni ordu qura bilərdi, nə də “möhkəm” və “güclü ordunu” dağıda bilərdi. Çünki Ermənistan ordusunun formalaşmasında əsas rolu Serj Sarkisyan oynayıb. O, vaxtilə ölkənin müdafiə naziri, baş naziri, Prezident Administrasiyasının, təhlükəsizlik orqanlarının rəhbəri olub və 10 il dövlət başçısı vəzifəsində çalışıb. Bu ordunu quran Serj Sarkisyandır, əksini iddia etmək çətindir.

İndi qalır Ermənistan üçün günahkarları cəmiyyətə göstərib onu “daşa tutmaq”. Həmin şəxslər kimlər olacaq? Bu sualın cavabını eşitməyimizə az qalıb.

***

2022-ci ilin fevralında Ermənistan Milli Assambleyası 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibənin səbəblərini və şəraitini araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradıb. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının təşəbbüsü ilə formalaşan komissiya müharibə dövründə müdafiə və xarici siyasətə cavabdeh şəxsləri ifadəyə çağırıb. Komissiyanın rəhbəri Andranik Koçaryan hesabatın 2025-ci ilin sentyabrında ictimaiyyətə təqdim ediləcəyini bildirib. Hesabatın təqdimatı Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsi tərəfindən həyata keçirilib. Komissiya müharibənin səbəbləri və nəticələri ilə bağlı geniş bir araşdırma aparıb və müvafiq şəxsləri ifadəyə çağırıb. Komissiyanın hazırladığı hesabat Ermənistan Milli Assambleyasının sədri Alen Simonyana təqdim olunub. Sənədin tam mətninin sentyabr ayının sonunadək parlamentdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Komissiyanın işi nəticəsində ortaya çıxan qənaətlər və hesabatın içərisindəki məzmun ölkənin daxili siyasi gündəminə, eləcə də regional münasibətlərə ciddi təsir göstərə bilər. Hesabatda iqtidarın müdafiə və idarəetmədəki boşluqları üzə çıxarsa, seçicilər arasında etimadsızlıq arta bilər. Amma komissiyanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının təşəbbüsü ilə yaradılması və əksər üzvlərin bu fraksiyadan olması səbəbindən ittihamların birbaşa Paşinyana yönəlməsi ehtimalı azdır.

Digər tərəfdən, sənəd müxalifətə əlverişli fürsət verə bilər. Onlar hesabatdan hakimiyyətin “qeyri-effektivliyi”ni sübut edən arqument kimi istifadə edə bilərlər. Hesabat seçki ərəfəsində açıqlanarsa, hakimiyyət və müxalifət arasında qarşıdurma güclənəcək. Belə olan halda İrəvanda xaotik hadisələrin baş verməsi qaçılmaz olacaq. Bununla belə, Nikol Paşinyanın hesabatdan öz xeyrinə yararlanacağı şübhəsizdir. Mümkündür ki, o, komissiyanın yaradılmasını şəffaflıq və demokratik idarəçilik nümunəsi kimi təqdim edərək məsuliyyətli lider imici formalaşdırsın. Baş nazir, həmçinin hesabatdakı çatışmazlıqları əsasən keçmiş hakimiyyətlərin səhvi kimi göstərməklə müxalifətin tənqidlərini zəiflətməyə çalışacaq.

Amma ola bilsin sənədin məzmunu gözlənilməz rezonans doğursun. Əgər məsuliyyətin böyük hissəsi birbaşa Paşinyanın üzərinə yönəlmiş şəkildə təqdim olunarsa, bu, seçki kampaniyasına təsirsiz ötüşməyəcək. Ümumilikdə, hesabat seçki öncəsi həm hakimiyyət, həm də müxalifət üçün siyasi alətə çevrilə, seçicilərin davranışına təsir edə bilər. Bundan başqa, hesabatın nəticəsindən asılı olaraq müharibə günahkarları erməni xalqının gözündə “açıq kitab” kimi görünəcək.

Tofiq ABBASOV,
politoloq

İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, həqiqətən də Ermənistanın dövlət strukturunun və cəmiyyətinin nə qədər zəif, qeyri-sabit olduğunu açıq şəkildə göstərdi. Bu, başqa cür ola da bilməzdi. 1990-cı illərin əvvəllərində ermənilər xarici qüvvələrin dəstəyi ilə Azərbaycanın ərazilərinə daxil ola bildilər və müəyyən uğurlar qazandılar. O dövrdə Azərbaycanın nizami ordusu tam formalaşmasa da, hərbçilərimiz böyük döyüş qabiliyyəti nümayiş etdirirdilər. Vazgen Sarkisyan müdafiə naziri olduğu dövrdə özü etiraf etmişdi ki, “ermənilər xarici qüvvələrin və bəzi qonşu ölkələrin dəstəyi olmasaydı Azərbaycan ordusunu təkbaşına məğlub edə bilməzdi”. Bəli, o, yalnız müvəqqəti üstünlük idi.

Ermənistan uzun illər illuziyaların təsiri altında qaldı. 2020-ci il hadisələri isə ölkədə reallığı açıq şəkildə üzə çıxardı və kimlərin nəyə qadir olduğunu müəyyən etdi. Biz isə güc balansını köklü şəkildə dəyişdik. Müharibələrdən sonra generallar və ekspertlər keçmiş döyüşlərin təhlilini aparır, üstünlükləri və çatışmazlıqları araşdırırlar. Ermənistanda da həm generallar, həm cəmiyyət, həm də ekspertlər siyasətlərinin yanlışlığını qiymətləndirməyə çalışırlar. Çünki bir dövlətin siyasəti radikalizm, ekstremizm və terror üzərində qurularsa, sabit deyil və nəticədə məğlubiyyətə düçar olur.

İndi isə Ermənistan kökündən məğlub vəziyyətdədir və Azərbaycan qalibdir. Ermənilər çalışırlar ki, məğlubiyyətin məsuliyyətini başqalarının üzərinə atsınlar. Bunun səbəbləri çoxdur, amma əsas səbəb onların müstəqillik əldə etdikdən sonra düzgün yol seçməmələridir. Şovinist-daşnakların təsirinə düşərək yanlış siyasətə uydular və nəticədə bugünkü vəziyyət yarandı. Hazırda bəzi faktlar üzə çıxır, şəxslərin davranışları və verdikləri qərarlar araşdırılır. Hesabatın məqsədi həm günahkarları müəyyənləşdirmək, həm də 2020-ci ildən sonra ermənilərin niyə geri çəkildiklərini izah etməkdir. Azərbaycan Prezidenti qeyd edib ki, “biz Paşinyanın yox, Robert Koçaryan və Serj Sarkisyanın ordusunu məğlub etmişik”. Bu, həm də onların siyasətinin məğlubiyyətidir.

Azərbaycan həm güclü, həm də sağlam ruhlu bir dövlətdir. Ermənilər hələ də bunu düzgün qiymətləndirə bilmirlər. Onlar araşdırmalar aparıb parlamentdə açıqlasalar da, bu, vəziyyəti dəyişməyəcək. Sadəcə, özlərinin zəifliyini təsdiqləyəcək və bu faktı dünya birliyinə çatdıracaqlar. Gələcəkdə Ermənistan revanşizm meylini gücləndirməyə, Azərbaycana psixoloji təsir göstərməyə çalışa bilər. Amma bunların heç biri önəmli deyil, çünki dövlətin təməli əyri qoyulubsa, üstündəki heç vaxt dayana bilməz. Ermənistanın mövcud siyasəti də əvvəlcədən uğursuzluğa məhkumdur. Əgər haylar Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəyirlərsə, revanşizm, radikalizm və millətçilikdən əl çəkməli, nifrət siyasətindən uzaqlaşmalı və reallığı qəbul etməlidirlər.

Musa BAĞIRLI
XQ



Siyasət