Seçkilər hər bir xalqın gələcək taleyinə ciddi təsir göstərən həlledici siyasi proses kimi xarakterizə olunur. Bu taleyüklü anda müdrik seçim edən, güvəndikləri, etibar etdikləri siyasi qüvvəyə, yaxud liderə etimad göstərən xalqlar, ilk növbədə, mənsub olduqları dövlətlərin güclənməsinə, dünya arenasında layiqli yerini tutmasına etibarlı təminat yaradırlar.
Dövlətə rəhbərlik missiyasını üzərinə götürmüş liderin xarizmatik keyfiyyətləri, idarəçilik məharəti, praqmatizmi, siyasi proseslərin inkişaf axarını düzgün müəyyənləşdirmək, ictimai rəyə təsir göstərmək, sosial sifarişə əsaslanan qərarlar qəbul etmək bacarığı, müasir dünya nizamının çağırışlarına adekvat daxili və xarici siyasət yürütməsi dayanıqlı milli inkişafı şərtləndirən vacib meyarlar sırasında yer alır. Bu prizmadan əminiliklə demək olar ki, 2003-cü ilin prezident seçkilərində Heydər Əliyev siyasi kursuna etimad göstərən, Ümummilli liderin ən layiqli siyasi davamçısına səs verən müdrik xalqımız Azərbaycan dövlətinin nəinki davamlı uğurlarına, eyni zamanda, qlobal problemlərinin həllinə zəmin yaradıb. Ölkə vətəndaşlarının 20 il əvvəlki tarixi seçimi obyektiv reallıqla şərtlənib, həlledici çoxluq uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini, ümumən vətəndaş amilini önə çəkən siyasətin təntənəsinə səs verib.
Azərbaycanı bu müddətdə mövcudluq tarixinin ən güclü dövlətinə, habelə beynəlxalq miqyasda söz sahibinə çevirən, problemlərinin böyük əksəriyyətinin həllinə nail olan cənab İlham Əliyev seçkiqabağı platformasında irəli sürdüyü “Əsl siyasət konkret real iş görməkdən ibarətdir” tezisini əməli fəaliyyəti ilə doğruldub. Sözünün imzası qədər çəkisinin olduğuna beynəlxaq səviyyədə əminlik yaradan dövlətimizin başçısı hər bir mərhələ üçün hökumət qarşısında duran vəzifələri düzgün müəyyənləşdirib, onların çevik və işlək mexanizmlər əsasında icrasını təmin edib, sosial sifariş amilini fəaliyyətində əsas tutub, xalqa layiqli xidməti idarəçilik sisteminin əsas meyarına çevirib.
Vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin açıq, şəffaf, əlçatanlıq və məmnunluq meyarları əsasında qurulması, insanlarda razılıq və ya narahatlıq doğuran məsələlərin müəyyənləşdirilməsi məqsədilə çevik kommunikasiya mexanizmlərinin formalaşdırılması bu müddətdə aparılan islahatların ana xəttini təşkil edib. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, modernləşmə prosesinin dərinləşdirilməsi və innovativ modellərin tətbiqi də bu sırada xüsusi qeyd oluna bilər. Ötən dövrün təhlili göstərir ki, Prezident İlham Əliyevin siyasətində insan amili hər zaman prioritet olub. Bu məqsədlə ölkənin məhkəmə-hüquq, ədliyyə, prokurorluq, daxili işlər orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə xidmət edən kompleks islahatlar həyata keçirilib. Kompleks siyasi, iqtisadi və hüquqi islaharlar çərçivəsində 2009 və 2016-cı illərdə keçirilmiş ümümxalq referendumları əsasında ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkə rəhbərliyinin sistem xarakterli islahatların dərinləşdirilməsində, ictimai maraqların etibarlı müdafiəsində nə qədər maraqlı olduğunu əyani şəkildə göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, hər bir vədini əməli praktikada doğrultması bu və digər nailiyyətlərin əldə olunmasına, ölkəmizin strateji hədəflərinə çatmasında vacib rol oynayıb. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin” – bu fikirləri Azərbaycanın dövlət başçısının xalqına qəlbən bağlı lider olduğunu bir daha təsdiqləyib.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumun nəticəsi kimi ölkədə Birinci vitse-prezident institutunun yaradılmasını, Heydər Əliyev Fondunun rəhbəri kimi uzun illər reallaşdırdığı mühüm sosial-humanitar, mədəni və digər layihələrlə cəmiyyətin rəğbətini qazanmış Mehriban xanım Əliyevanın 2017-ci ilin 21 fevralında bu vəzifəyə təyinatının əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Bu təyinat dövlət idarəçiliyinə yeni ruh və müasirlik gətirməklə, ümumilikdə, gənc, təcrübəli və intellektual səviyyəli novator kadrların ölkədə yürüdülən islahatlarda iştirak imkanlarını genişləndirib, ictimai-siyasi münasibətlər sisteminin xarakterində əsaslı dəyişikliklərə yol açıb.
Qısaca demək kifayətdir ki, “Asan XİDMƏT”, “ASAN kommunal”, “DOST” və s. kimi yeni idarəçilik modellərinin tətbiqində məqsəd vətəndaş məmnunluğunu təmin etmək, bürokratik amillərin aradan qaldırılmasına nail olmaq, idarəetməni çevik və səmərəli əsasda qurmaqdır. Mərkəzi və yerli icra hakimiyyəti strukturlarında şəffaflığa, hesabatlığa, “Açıq cəmiyyət” quruculuğu prinsiplərinə əsaslanan çevik idarəetmə modelinin formalaşdırılması yeni mərhələdə kadr siyasətinin əsas qayəsində yer alır.
Dövlət idarəçiliyi üçün peşəkar kadr potensialının yaradılması, insan kapitalının inkişafı baxımından ötən 20 ildə elmin, təhsilin inkişafı da xüsusi diqqət mərkəzində olub. Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafı, müasir texnologiyaları dərindən mənimsəmiş menecerlər sinfinin formalaşdırılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edib. Ölkə rəhbərliyinin xaricdə kadr hazırlığına xüsusi diqqətlə yanaşması respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Dövlət başçısının hələ 19 oktyabr 2006-cı il tarixdə təsdiq etdiyi “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı”na əsasən, ötən dövrdə 5000-dən çox gənc xaricdə yüksək təhsil alaraq Vətənə dönüb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın da məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə, 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir.
Dövlət başçısı İlham Əliyev beynəlxalq hüququn, demək olar ki, formal xarakter daşıdığı ədalətsiz dünyada qarşıya qoyulan hədəflərin reallaşdırılmasının, ayaqda durmağın, müstəqilliyi möhkəmləndirməyin, söz sahibi olmağın sadə formulunu müəyyən edib: iqtisadi və hərbi cəhətdən güclü olmaq, hücum diplomatiyası yürütmək, təhdidləri dəf etmək! Məhz bunun nəticəsində iqtisadi sahədə inqilabi uğurlara imza atan, dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan dünyada müstəqil siyasət yürütməyə nail olub, davamlı şəkildə artan iqtisadi-maliyyə resurslarımız ölkəmizə heç bir ölkədən asılı olmadan hədəflərinə çatmaq imkanı yaradıb.
Üzləşdiyimiz ədalətsiz münaqişənin həllini ilk gündən prioritet məsələ kimi müəyənləşdirən dövlətimizin başçısı hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimindəki çıxışı zamanı demişdi: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Bu və digər məqsədlərin reallaşdırılması üçün Ulu öndərin müdrikliklə müəyyən etdiyi çoxşaxəli siyasi kursu davam etdirən, və yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyev mahir strateq, sərkərdə olaraq xalqımızı həsrətində olduğu Zəfər sevincinə addım-addım yaxınlaşdırıb. Milli maraqları hər şeydən üstün tutması və ən çətin məqamlarda belə layiqincə qorumağı bacarması, xalqın dəstəyinə söykənməsi Ali Baş Komandan İlham Əliyevə xalqımızın Qarabağ yarasını birdəfəlik sağaltmağa imkan verib.
Azərbaycan ötən 20 ildə üzləşdiyi ədalətsiz münaqişənin beynəlxalq hüquqa və milli maraqlarına uyğun həlli üçün iqtisadi cəhətdən güclənməyə, hərbi potensialını artırmağa, eyni zamanda, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasına üstünlük verib. Bu strateji hədəflər dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılmasını, iqtisadiyyatın davamlı inkişafını, ölkəmizin beynəlxalq arenada tanıdılmasını praktiki məqsədlərə çevirib.
2003-cü ildən etibarən ölkədə sahibkarlığın inkişafına mane olan süni amillərin aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, regional disbalansın aradan qaldırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar praktik nəticələrini verib. Yalnız onu demək kifayətdir ki, 2023-cü ilin dövlət büdcəsi xərclərinin ölkə tarixində ilk dəfə olaraq 33 milyard manatı keçməsi, valyuta ehtiyatlarımızın hazırda 67,5 milyard dolları ötməsi Azərbaycanın iqtisadi-siyasi müstəqilliyi üçün etibarlı “maliyyə yastığı” rolunu oynayır.
Dünyadakı münaqişə ocaqlarının, iqtisadi tənəzzül proseslərinin neqativ təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb, yürüdülən iqtisadi siyasət ölkəmizin neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyasını təmin edib. Ötən illər həm də dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvi olub. Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri, Bak–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, Bakı–Tbiisi–Qars dəmir yolu və digər fundamental layihələr Azərbaycanını təkcə iqtisadi deyil, siyasi müstəqilliyini də şərtləndirib.
Azərbaycanın investor dövlətə çevrilməsi, Avropanın enerji təhlükəsizliyinə töhfələr verməsi, “yaşıl enerji”yə keçid strategiyasını uğurla reallaşdırması ölkəmizin dünyada etibarlı tərəfdaş imicini formalaşdırmaqla yanaşı, onu beynəlxalq münasibətlərin vacib aktoruna çevirib. Bütün bu amillər İkinci Qarabağ müharibəsi zamanı rəsmi Bakını müəyyən ədalətsiz təzyiq və təhdid cəhdlərindən qoruyub. İqtisadi resursların dinamik artımı ölkəmizə, eyni zamanda, Cənubi Qafqazda beşinci nəsil texnika ilə təchiz olunmuş modern ordu yaratmağa imkan verib. Güclü ordu, güclü iqtisadiyyat amilləri, eləcə də sağlam düşüncəli, vətənpərvər, mübariz gəncliyin yetişdirilməsi xalqımızın Vətən müharibəsindəki Qələbəsini təmin edən əsas amillərdəndir.
Dövlətimizin başçısı İlham Əliyevin son 20 illik xarici siyasəti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlib. Rəsmi Bakı sivil dünyanın geosiyasi konfiqurasiyasını müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük verib. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanıb.
ABŞ-ın 28-ci prezidenti olmuş mütəfəkkir Tomas Vudro Vilsonun maraqlı bir deyimi var: “Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur”. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmri əsasında ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq səhifəsini yazıb. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirib.
Bununla belə, məğlubiyyətindən dərs almayan Ermənistan nəinki 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməyib, Qarabağda formalaşdırdığı qanunsuz separatçı rejimi açıq himayə edib, hərbi-siyasi təxribatlarını genişləndirib, Qarabağın erməni sakinlərinin reinteqrasiyasına mane olub. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yekun sülh sazişinin imzalanmasına, nəqliyyat-kommunkasiya əlaqələrinin bərpasına və regional əməkdaşlığa dair irəli sürdüyü səmərəli təklifləri qəbul etməyən İrəvan son bir ildə keçirilmiş Praqa, Soçi və Brüssel görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etməsinə rəğmən, regionda ikinci erməni dövləti yaratmaq iddiasından əl çəkməyib, ölkəmizin milli maraqlarını təhdid edib.
Mayın 28-də Laçında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev xunta rejiminin rəhbərlərinə və onların himayədarı Ermənistana sərt ismarıclarını bir daha çatdırıb: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Rəsmi Bakının nümayiş etdirdiyi təmkinli və humanist yanaşma müqabilində Ermənistan rəhbərliyinin destruktiv addımlarını davam etdirərək 2023-cü ilin sentyabrında xunta rejiminə təbrik məktubu ünvanlaması, “prezident seçkiləri” adlandırılan qanunsuz fəaliyyəti himayə etməsi, sonrakı günlərdə Xocavənddə törədilən mina terroru lokal antiterror əməliyyatlarını qaçılmaz və labüd prosesə çevirdi. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində tamamilə sarsılan separatçı rejimin təslim olması, qanunsuz erməni hərbi birləşmələrin tərksilah prosesinə başlanılması rəsmi Bakının 30 ildən çox davam edən problemə nöqtə qoyması oldu. Ermənistanın Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq, etnik separatçılıq yolu ilə yeni ərazilər ilhaq etmək, separatçılığı dəstəkləmək niyyətləri puça çıxdı.
Sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri regionda sülh və əməkdaşlıq üçün yeni üfüqlər açıb. Azərbaycan ərazisində separatçılıq ocağının birdəfəlik ləğvi təkcə ölkəmizin yox, Cənubi Qafqazın həyatında yeni mərhələnin başlanmasını özündə ehtiva edir.
Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquq və qarşılıqlı hörmət, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında münasibətlərin normallaşmasına hazırdır. Azərbaycanla sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması Ermənistanın Türkiyə ilə əlaqələrində də yeni mərhələ aça bilər. Bu halda, Ermənistan məkrli xarici qüvvələrin əlində vasitə olmaqdan xilas ola, regionda Azərbaycan sayəsində yaranan yeni vəziyyətdən faydalanıb, dinamik inkişaf yoluna çıxa bilər.
Ümumilikdə, Azərbaycan cəmiyyəti tarixin heç bir mərhələsində son illərdəki kimi sürətli dəyişikliklərə uğramayıb, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmayıb. Prezident İlham Əliyev tarixin ən güclü və qüdrətli Azərbaycanını yaradıb, onun inkişafını davamlı, sarsılmaz edib. Bu möhtəşəm uğurlar fonunda onu da əminliklə deyə bilərik ki, onilliklər, hətta yüzilliklər sonra Azərbaycanın çağdaş tarixinin qələmə alınması, hadisələrin obyektiv dəyərləndirilməsi zamanı Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü möhtəşəm salnamə kimi xüsusi tədqiq ediləcək, şərəfli tarix kimi öyrəniləcəkdir.
İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası hüquq kafedrasının müdiri, professor