Məsaim ABDULLAYEV
[email protected]
Belə bir deyim var: İnsan yalnız şərəfli ölkənin vətəndaşı olduğu halda özünü tam xoşbəxt hiss edə bilər. Biz cəmi 44 gün ərzində işğalçıları torpaqlarımızdan qovmuş və ərazi bütövlüyümüzü bərpa etmişik. Bu, son 70 ildə çox az dövlətə və xalqa nəsib olub.
Prezident İlham Əliyevin müdrik liderliyi, yüksək sərkərdəlik səriştəsi sayəsində Azərbaycan milli istiqlalının təntənəsini yaşayır. Ölkəmizin hər bir vətəndaşı, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız müstəqil Azərbaycan dövləti və onun lideri ilə sonsuz fəxarət duyur.
Prezident İlham Əliyev böyük siyasət adamıdır. Heç bir siyasət milli şərəf və ləyaqətin fövqündə ola bilməz. Cənab Əliyevin parlaq uğurları da məhz millətinin ruhundan və gücündən qaynaqlanır. Prezident xalqının yüksək əxlaqına, mənəvi dəyərlərinə bütün varlığı ilə bağlıdır. Buna görə də xalqının sevimlisidir!
Bu vaxta qədər deyirdilər ki, böyük ədəbiyyatı ancaq böyük xalqların nümayəndələri yarada bilirlər. Zaman göstərdi ki, bu, heç də belə deyil. Belə ki, sayca böyük olmayan Kolumbiyada dünya ədəbiyyatının Qabriel Qarsia Markes kimi ədəbi dühası yetişib, dahi Çingiz Aytmatovun bütün dünyaya tanıtdığı qırğız xalqı da əhalisinin sayına görə kiçik xalqlardan sayılır.
Bu səhv paradiqmanı siyasətə də şamil etməyə çalışırdılar. Prezident İlham Əliyevin parlaq nümunəsi bunun əksini nümayiş etdirir. Cəmi 10 milyon əhalisi olan bir ölkənin Prezidenti çağdaş dünyanın ən güclü, qətiyyətli və xarizmatik dövlət xadimlərindən biri kimi tanınır və qəbul edilir. Dünyadakı dostlarımız fəxrlə, rəqiblərimiz aşkar bir qısqanclıqla bu həqiqəti etiraf edirlər: Azərbaycan xalqının lider sarıdan bəxti gətirib!
Planetin siyasi nəbzi bu gün təhlükəli dərəcədə yüksəkdir, dünya gözlərimiz önündə çalxalanır. Yer kürəsinin bir çox bölgələrində ağır terror aktları, qanlı savaşlar ara vermir. İndi dünyada sabitlik, əmin-amanlıq yaradan bəşəri qanunlara ehtiyac var.
Belə bir çətin durumda Prezident İlham Əliyev yaxın dostu, qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə regionda və bütün dünyada sülhün, təhlükəsizliyin, ədalətin qarantına və rəmzinə çevrilib. Əliyev və Ərdoğan dostluğu Böyük Turan üçün xüsusilə qürurverici olduğu qədər sirayətedicidir!
44 günlük şanlı savaş zamanı Prezident Əliyev qlobal KİV-ə rus, ingilis və fransız dillərində verdiyi müsahibələr vasitəsilə Qarabağda baş verənlərin mahiyyətini təmkinlə hər kəsə başa salırdı. Dünya Ali Baş Komandanın ağlına, zəkasına, Vətəninə olan sonsuz sevgisinə, Milli Ordumuza olan sarsılmaz inamına heyran qalmışdı. Prezident Azərbaycana qarşı otuz ildən çox davam edən informasiya blokadasını yerlə-yeksan etmişdi, bütöv bir jurnalistlər ordusunun görə bilmədiyi işləri təkbaşına görmüşdü.
Prezident İlham Əliyevin lideri olduğu dövlətin vətəndaşı, ziyalısı və jurnalisti olmağın məsuliyyəti də böyükdür. Bu gün Azərbaycanı təkcə tərifləmək və tərənnüm etmək azdır, Vətəni cənab Əliyev kimi sevməyi, qorumağı, onun şan-şöhrətini artırmağı da öyrənməyə çalışmalıyıq. Dövlətimizin başçısının şəxsində indiki və gələcək nəsillər üçün parlaq bir nümunə var!
Bu gün Ulu öndər Heydər Əliyevin ruhu, əlbəttə, şaddır. Onun Azərbaycan xalqının parlaq gələcəyi naminə başladığı şərəfli missiya Prezident İlham Əliyevin parlaq liderliyilə böyük uğurla davam etdirilir. Heç kəsə asan görünməsin, son iyirmi ildə bir əsrlik yol qət edilib.
Qarabağda indi “Böyük Qayıdış”ın əmək və hünər dastanı yazılır! Son iki ildə təkcə işğaldan azad edilmiş ərazilərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı olubdur. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Hava Limanı istifadəyə verilib. Laçın rayonunda hava limanının tikinti işləri davam etdirilir.
Dünyanın heç bir yerində belə vüsətli və heyrətamiz işlər görülmür. Son iyirmi ildə Azərbaycan, həqiqətən, inanılmaz surətdə inkişaf və tərəqqi yolu keçibdir. Ulu öndər inanırdı ki, gələcəkdə Azərbaycan dünyaya Günəş kimi doğacaq. Bu gün məhz həmin gündür!