Qüdrətli lider iradəsi, cəsarəti və qətiyyəti ilə bütün çətinlikləri aşıb keçdi
“Heydər Əliyev İli”ndə İlham Əliyevdən söz açmaq maraqlıdır. Bunun xüsusi bir önəmi də var. Qələm bizi mövzuya məhz bu cığırdan girməyə sövq edir. Səbəb onun Heydər Əliyevin bütün ömrünü həsr elədiyi mübarizənin, milli mücadilənin davamçısı olmasıdır. Bu, iyirmi illik mücadilədən alnıaçıq, üzüağ çıxmış, adını çağdaş Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirmiş qalib sərkərdə, Zəfər yolçusu haqqında deyilən sözdür.
Əsrlərin deyil, minilliklərin qovşağının və bir-birini əvəzləməsinin şahidi olmuş 70-80-ci illər nəslinin yaddaşında unudulması mümkün olmayan bir tarix yatır. Bu tarix “qırmızı imperiyanın” çöküşü, bir ictimai-siyasi formasiyadan digərinə keçid və bu qlobal dəyişikliklərin gətirdiyi təlatümlər, acılı-şirinli anlarla zəngindir. Bu yazıda həmin tarixin ən yaddaqalan, əzəmətli səhifəsinə və o səhifənin müəllifinin iyirmi illik fəaliyyətinə qısa nəzər salacağıq.
XXI əsrin 2023-cü ili ildönümlər və fövqəladə günlərlə zəngindir: Ulu öndər Heydər Əliyevin 100 illiyi! Şərqdə ilk Cümhuriyyətin – Azərbaycan Demokratik Respublikasının yaranmasından 105, Türkiyə Cümhuriyyətinin elan edilməsindən 100 il ötür. 2023 – “Heydər Əliyev İli” Azərbaycanın çağdaş milli tarixinə nadir töhfələr verməsi ilə də yadda qalacaq.
* * *
Mübaliğəsiz deyə bilərik ki, İlham Heydər oğlu Əliyev XXI əsrdə Qafqazda yeni tarix yaradır, bölgənin geosiyasi coğrafiyasını müəyyən edir, eləcə də dövlətimizi və xalqımızı daha böyük zəfərlərə daşıyacaq layihələrə, strateji qərarlara imza atır. İlham Əliyevin zəfərləri yalnız hərbi sahə ilə məhdudlaşmır. Onun Azərbaycanın iqtisadiyyatında, elmində, təhsilində, səhiyyəsində, idmanında qazandığı zəfərlərini vətəndaşımız öz həyatında hiss edir. Bu mənada dövlət başçımızın hərtərəfli, gərgin və məhsuldar siyasi fəaliyyətində ilk baxışda nəzərə çarpmayan, amma diqqətlə izləyəndə bütün çılpaqlığı ilə görünən mükəmməl nizam, qeyri-adi ardıcıllıq, daim artan dinamika var. Bu dinamikanın əsasında nələr dayanır? Regionda və dünyada söz sahibinə çevrilmiş bir dövlətin ali məqamından qaynaqlanan məsuliyyət, özünə qarşı hədsiz tələbkarlıq, öz üzərində daim işləmək vərdişi, təcrübə, intellekt və əlbəttə ki, gendən, fitrətdən gələn keyfiyyətlər. Bəs, İlham Əliyevin dövlətimiz və millətimiz üçün taleyüklü qərarların qəbul ediləcəyi anlarda, ən ekstremal şəraitdə belə müdrikcəsinə soyuqqanlı davranmasının sirri nədir? Bu sualın ən dəqiq cavabını Qarabağa çoxsaylı səfərlərinin birində cənab Prezidentin özü verib: “İradə, cəsarət, öz gücünə əminlik!”
Prezidentin hər çıxışının, hər bir sözünün arxasında dərin zəkanın dayandığı bütün parametrləri ilə özünü büruzə verir. O, ən dramatik, ən həssas məsələləri elə təqdim və təhlil edir ki, siyasətin içində bişmiş peşəkar diplomatın belə onu mübahisələndirmək üçün şansı qalmır.
İlham Əliyev Azərbaycan tarixinə həm də ilklərin müəllifi kimi düşüb. Dövlətimizin başçısı hər il, hər ay, az qala, hər gün bir ilkə imzasını atır. 2023-cü il də bu baxımdan istisna olmadı. 23 aprel İlham Əliyevin imzası ilə tarixə böyük və qızıl hərflərlə yazıldı. 2023-cü il aprelin 23-də Həkəri çayının üzərində Azərbaycanın “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsi quruldu. Prezidentin özünün də dediyi kimi, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sentyabrın 19-20-də isə Ermənistan silahlı birləşmələrinin Qarabağdakı tör-töküntüsü 23 saat ərzində təmizləndi. Amma buna qədər sarsılmaz xalq–ordu–iqtidar birliyi dünya hərb tarixinə öyrənilməli nümunə kimi yazılan, 44 gün davam edən möhtəşəm Zəfər yolunu qət etmişdi.
* * *
Biz gələcək nəsillərin öyünəcəyi bir tarixin şahidləri və iştirakçılarıyıq. İllər, on illər, əsrlər boyu bizi bölüblər, parçalayıblar, kiçildiblər. Özgələr fikrimizi soruşmadan, iradəmizi nəzərə almadan xəritəmizi çəkiblər, sərhədlərimizi cızıblar. Arazı da ikiyə ayırıblar, İrəvanı da, Zəngəzuru da param-parça ediblər.
İlham Əliyev 200 illik erməni separatizminin sonunu gətirdi. Haylar, eləcə də onların bölgədə və kənarda “züytutanları” Azərbaycandan aldıqları iki yüz illik dərsi, Zəfərimizi həzm edə bilməyənlər gözləri bərəlmiş vəziyyətdə udquna-udquna qalıblar. Təkcə onlar deyil, indi bütün Avropa, dünya heyrət və təəccüb içindədir. Onları ən çox heyrətləndirən Azərbaycan Prezidentinin ilk baxışda mümkün görünməyəni reallaşdırmağı bacarmaq qabiliyyətidir. İlham Əliyev bütün dünyanı təəccübləndirir, heyrətləndirir. Təkcə heyrətləndirmir, həm də Azərbaycanla hesablaşmağa məcbur edir!
Geriyə nəzər salsaq görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə ardıcıl işlər görülüb. Bunun nəticəsidir ki, bu gün müzəffər ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu Ali Baş Komandanının sərkərdəliyi altında 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi zəfərlərə imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi Şuşanın işğaldan azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu.
* * *
Bütün varlığıyla yurduna bağlı, təpədən-dırnağa milli və bunu təbliğ və nümayiş etdirməkdən yorulmayan Prezident İlham Əliyev də var. Cənab Prezidentin xarakterindəki bu yüksək milli-mənəvi keyfiyyətləri, bəşəri dəyərlərə dərin sayğısı müxtəlif məkan və məqamlarda bütün çılpaqlığı ilə gözümüzün önündə canlanıb. Onun ölkəmizə təşrif buyuran rəsmilərlə, diplomatlarla, iş dünyasının və elm sahəsinin tanınmış simaları ilə görüşlərində siyasi etiketlə yanaşı, sərgilədiyi saf səmimiyyəti və dərin hörməti, qonaqpərvərliyi əcnəbiləri də heyrətləndirir. Bölgələrə səfərləri zamanı xalqla canlı təmaslarında, sıravi vətəndaşlarla söhbətlərində içdən gələn təbii qayğıkeşliyi, çöhrəsində məmnunluğun yaratdığı ülvi təbəssüm dövlətimizin başçısına çox yaraşır. Həmin görüşlərdə şəhid anasını, qaçqının, köçkünün balasını oğul təəssübkeşliyi, ata qayğısı ilə bağrına basanda qəlbimiz fəxarət hissi ilə döyünür. Çünki İlham Əliyev o məqamda əsilli-nəcabətli bir ailənin yetirməsi olmaqla yanaşı, öz xalqının dəyərli övladı statusunda görünür. Bəli, o, milli olduğu qədər bəşəri, bizim olduğu qədər də dünyəvidir.
* * *
Bəzi xarici siyasi ekspertlər İlham Əliyev və Nikol Paşinyan arasında uğursuz müqayisələr aparmağa səy göstərirlər. Belə yersiz və səmərəsiz məşğuliyyətə baş vuranlara sual vermək istərdik: Məgər bacarıqsız rəqqasla peşəkar diplomatı müqayisə etmək mümkündürmü? Bu müqayisə qüsurlu olduğu qədər də yanlışdır. Türk dünyasında, həmçinin beynəlxalq səviyyədə nüfuzlu siyasi liderlərdən birinə çevrilmiş Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində kompromis tanımayan mövqedə olduğunu sübuta yetirib. Əslində, bu keyfiyyət onu digər siyasi xadimlərdən fərqləndirən xarizmatik liderlik xüsusiyyətlərindəndir.
İlham Əliyevi başqalarından fərqləndirən digər keyfiyyətləri də var: siyasətdə sistemliliyi qorumaq, səbirli, soyuqqanlı, təmkinli davranmaq, sözündə və qərarlarında dəqiq olmaq. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Çünki o, nəyi və nə zaman edəcəyini yalnız özü bilir. O, Zəfərlə başa çatan Vətən müharibəsində bir daha sübut etdi ki, hər şeyi zamanında və həm də doğru məcrada edir.
20 illik ağır zəhmət bahasına Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin etdi. Onu sürətlə dəyişən müasir dünyada öz imzası və sözü olan qüdrətli dövlətə çevirdi. Bu sözü bir daha təkrarlamaq istərdik: Prezidentliyinin 17-ci ilində Azərbaycanı hərb meydanında qalib dövlətə çevirən İlham Əliyev xalqımıza sözlə ifadəsi mümkün olmayan böyük qürur hissini yaşatdı. Əsrə bərabər 20 ilin zirvəsi, Zəfər yolunun ən böyük dayanacağı torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi oldu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Bu zəfər Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. İlham Əliyev Azərbaycanın son iki əsrdə düçar olduğu və girdabından çıxa bilmədiyi ən böyük və ən ağrılı milli problemlərindən birini həll etdi.
* * *
Əlbəttə, Prezident, Ali Baş Komandan, qalib sərkərdə, mahir siyasətçi kimi İlham Əliyevin şah əsəri azad Qarabağ, suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycandır. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu öndərin vəsiyyətinə əməl edən oğul İlham Əliyev dünyanın ən xoşbəxt qalib varisidir. O, Qarabağ Zəfəri ilə yalnız Heydər Əliyevin vəsiyyətinə əməl etməyib, həm də Cümhuriyyət dövründən bugünədək Azərbaycanda heç bir dövlət xadiminin yerinə yetirə bilmədiyi vəzifənin öhdəsindən gəlib. İlham Əliyev xalqın əyilmiş qəddini dikəldib, zədələnmiş qürurunu, ləyaqətini bərpa edib.
Ötən iki onillikdə Azərbaycan xalqı həmişə öz liderinə güvəndi və inandı, ona arxa və dayaq oldu. Prezidentimiz fəxarətlə deyir ki, bu uğurların əsasında ölkədəki sağlam ictimai-siyasi mühit, sabitlik, xalqla hakimiyyətin birliyi dayanır.
İyirmi il əvvəl bu gün Azərbaycan xalqı özünün yeni prezidentini seçdi. 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Prezident İlham Əliyev artıq tarixin arxivinə gömdüyü “Dağlıq Qarabağ” münaqişəsi barədə bunları demişdi:
“Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək”.
İyirmi il əvvəl üçrəngli bayrağın qarşısında diz çökən, onu öpüb gözünün üstünə qoyan gənc milli lider dediyi sözün arxasında durdu, vədinə əməl etdi. Bu tarixi missiyanın öhdəsindən xalqı və ordunu vəhdət halında ətrafında cəm edərək, “dəmir yumruğ”unu başının üstünə qaldıraraq, özünün dediyi kimi, iradənin, cəsarətin və özünə inamın hesabına gəldi.
Azərbaycanın Zəfər yolu davam edir. Bu yolun baş memarı İlham Əliyevin hələ neçə-neçə zəfərlərə imza atacağına əminik.
İmran BƏDİRXANLI
XQ