Vətəndaş cəmiyyəti 20 illik inkişafı yüksək dəyərləndirir

post-img

“Ümummilli lider Heydər Əliyevin siyasi varisi, ideya və əməllərinin sadiq davamçısı İlham Əliyevin 20 il əvvəl Azərbaycan Prezidenti seçilməsi xalqımızın və ölkəmizin taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib”. 

Azərbaycanın qeyri-hökumət təş­kilatlarının İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar yaydığı bu bəyanatın davamında deyilir: “Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azər­baycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Bu gün Azərbaycan həm də vətəndaş cəmiy­yətinin güclü olduğu ölkədir, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün ötən onilliklər ərzində zəngin qanunvericilik ba­zası, əlverişli mühit formalaşıb, bu sektorun inkişafı üçün mühüm qərarlar qəbul olunub”. 

Sənəddə daha sonra bildirilir ki, 2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsin­dən sonra vətəndaş cəmiyyətinin hə­yatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu: “Prezident İlham Əliyev qısa müddətdə qeyri-hökumət təşkilatlarına döv­lət dəstəyi Konsepsiyasını təsdiq etdi. Bu konsepsiya dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexa­nizmlərini xeyli təkmilləşdirdi və genişlən­dirdi. Bundan sonra qanunçuluq, tərəf­daşlıq, şəffaflıq, uzlaşdırma və məsuliyyət qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi­nin 5 əsas prinsipi kimi müəyyən edildi”.

Bəyanatda qeyd edilir ki, 2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezi­dent İlham Əliyevdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi isə Azərbaycan cəmiyyə­tinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi. 

Postmüharibə dövrünün vətəndaş cəmiyyəti qarşısında da yeni məqsəd və vəzifələr müəyyənləşdirməsi ilə bağ­lı sənəddə deyilir: “2021-ci ilin aprelində Azərbaycan Respublikasının Qeyri-Hö­kumət Təşkilatlarına Dövlət Dəstəyi Agent­liyinin yaradılması dövlət və cəmiyyət həya­tında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağı­rışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləş­dirilməsi sahəsində daha bir addım oldu. Ötən 20 illik dövr bir daha göstərdi ki, Prezi­dent İlham Əliyevin vətəndaş cəmiyyəti ins­titutlarının inkişafı üçün aydın proqramı var. QHT-lərin cəmiyyət və dövlət həyatında fəal iştirakının təmin edilməsi, dövlət və ictimai maraqların qorunmasında rolunun güclən­dirilməsi əsas məqsədlərdən biridir və bu istiqamətdə ardıcıl siyasət aparılır.” 

Bəyanatın sonunda bildirilir ki, Prezident İlham Əliyev Azərbaycan xalqı­nı və cəmiyyətini arzularına qovuşdurur: “Onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmət­lərə imza atılıb. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib. Biz, qalib ölkənin qalib vətəndaşları, Azər­baycan vətəndaş cəmiyyətinin təmsilçiləri kimi Sizinlə fəxr edirik, cənab Prezident!”.

XQ

Sosial həyat