Azərbaycan Mətbuat Şurası İdarə Heyəti 20 il əvvəl Azərbaycan Prezidenti şeçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış tarixi uğurlar öyünc və bu nailiyyətlərin müəllifinə minnətdarlıq hissi ilə qeyd olunur: “Siz ötən iyirmi ildə hər bir azərbaycanlının Prezidenti, Lideri olmağı bacarmış dövlət başçısısınız. Bu, yalnız sözdə ifadə olunan deyim yox, mütləq gerçəklik, danılmaz reallıqdır. Elə bir reallıq ki, özündə canlı tarixi yaşadır. Sizin sayənizdə ölkəmizin son iyirmi ili hər bir vətəndaşın, qəlbi Azərbaycan sevdası ilə döyünən hər bir şəxsin düşüncəsində böyük və şanlı tarixdir. Bu tarixi yaradan Siz olmusunuz”.
Sənəddə daha sonra bildirilir ki, Azərbaycanın bütün sahələrdə tərəqqisi və dinamik inkişafı, dünya dövlətləri sırasında özünə layiqli yer tutması xalqımızda haqlı qürur doğurur: “Cəmiyyətimizin bütün təbəqələrinin təmsilçiləri kimi, media nümayəndələri də bu qüruru və fəxarət hissini yaşayırlar. Prinsipial və qətiyyətli mövqeyinizin böyük Azərbaycan davası naminə olduğunu görmək və duymaq bizləri bəxtiyar edir. Dövlətimizin mövqeyini, Prezident və Ali Baş Komandan kimi fikirlərinizi son dərəcə səlis şəkildə bəyan etməklə, bütövlükdə, siyasi nitqin, ictimai-publisistik üslubun mükəmməl örnəklərinə imza atmısınız. Qəlbimizi Sizə olan dərin rəğbət hissi ilə dolub-daşdıran həm də budur”.
Müraciətdə dövlət başçısının milli jurnalistikanın inkişafına dəstəyi, bu peşənin nüfuzunun yüksəldilməsinə həssaslıqla yanaşması qədirbilənliklə xatırlanır: “Cənab Prezident, həyata keçirdiyiniz islahatlar nəticəsində bu gün peşəmiz təşkilatlanmış struktura malikdir. Sərəncamınız əsasında yaradılmış Medianın İnkişafı Agentliyinin reallaşdırdığı fəaliyyət, beynəlxalq standartlara cavab verən “Media haqqında” Qanunun qəbulu sahəyə fundamental yanaşmanı ortaya qoymaqdadır. Bütün bunlar isə qarşımızda yeni vəzifələr müəyyənləşdirməkdədir. Çalışacağıq ki, etimadınızı gözləntiləriniz səviyyəsində doğruldaq”.
Sonda Prezident İlham Əliyevin xəyalların gerçəkləşdiyi böyük Azərbaycana rəhbərlik etməsi vurğulanır: “35 illik Qarabağ davası Sizin müasir liderlik məharətiniz və qətiyyətiniz nəticəsində Zəfərlə başa çatıb. Sizə Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsi, dövlətimizin suverenliyinin bütün ərazilərimizdə bərpası münasibətilə dərin təşəkkürümüzü də bildirməyi özümüzə borc sayırıq. Xalqımıza nəhayətsiz sevinc və qürur hissləri yaşatdığınız üçün bir daha Sizə Azərbaycanın çoxminli jurnalistlər ordusu adından sonsuz minnətdarlığımızı çatdırırıq. Sizin rəhbərliyinizlə dövlətimizin şanlı qələbələr qazanacağınıza əmin olduğumuzu bildiririk”.
XQ