İrəvanın bu tarixi fürsəti, sadəcə, düzgün dəyərləndirməsi yetər
Ədalətə, qətiyyət və cəsarətə söykənən diplomatiya heç vaxt uğursuzluğa düçar ola bilməz. Bunu həm uzaq, həm də yaxın tarix sübuta yetirib. Tarixdə izi və sözü olan tanınmış şəxsiyyətlərin bu barədə maraqlı fikirləri var. Onlardan biri – Uinston Çörçill belə deyib: “Heç vaxt təslim olmayın. Hər bir işdə, kiçik və ya böyük, vacib, yaxud qeyri–vacib olsun, daim öz mövqeyinizdə qalın...”. Daha sonra dahi ingilis siyasətçisi fikirlərinə bu cür yön verib: “Əgər güzəştə gedirsinizsə, yalnız şərəf və sağlam düşüncəyə güzəştə gedin”.
Amma əgər qarşındakı şərəf və ləyaqət hissindən, sağlam düşüncədən məhrumdursa, ona necə, hansı formada güzəştə getmək olar?! İstər bölgədə, istərsə də beynəlxalq müstəvilərdə dövlətimizə və xalqımıza qarşı uzun illər ədalətsiz, ikiüzlü münasibət sərgiləyən həmsədrlər, sülh carçıları, son illər isə ikitərəfli dialoq vasitəçiləri nəyin bahasına olursa-olsun qalib Azərbaycandan məğlub Ermənistan üçün müəyyən güzəştlər qoparmağı hədəfləyirdilər. Cənubi Qafqazda özlərinin korporativ maraqlarını güdən həmin böyük güclər, institutlar Bakının Qarabağda düzənlədiyi 23 saatlıq lokal antiterror əməliyyatının ardınca ədalətdən nə qədər uzaq olduqlarını açıb ortaya qoydular. Necə deyərlər, daha tərəflər bəlli, mövqelər aydındır.
Erməni nazirin “dəhliz məntiqi”
“Ermənistan hansısa eksərazi, yaxud dəhliz məntiqi ilə heç vaxt razılaşmayıb, bundan sonra da razılaşmayacaq”. Belə bir bəyanatla Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan çıxış edib. “Armenpress”in suallarını cavablandıran nazir jurnalistin Türkiyə və Azərbaycan rəsmilərinin son vaxtlar Zəngəzur dəhlizi barədə tez-tez danışdıqları və bölgədə yaşanan son hadisələrin fonunda bu məsələdə İrəvanın mövqeyinin dəyişib-dəyişməməsi barədə sualı isə ikibaşlı cavablandırıb. Onun sözlərinə görə, İrəvan, eyni zamanda, ən yüksək səviyyədə əldə olunan razılaşmalara sadiqdir: “Ermənistan və Azərbaycan liderlərinin cari ilin iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə aşağıdakı razılaşmalar təsdiqlənib. Bunlar Ermənistan və Azərbaycanın qarşılıqlı şəkildə bir–birinin ərazi bütövlüyünün müvafiq olaraq, 29,8 və 86,6 min kvadratkilometr sahəsi ilə tanınması, eləcə də iki ölkə arasında sərhədlərin delimitasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmasıdır”.
Erməni nazir regional kommunikasiyaların tərəflərin qarşılıqlı suverenlik, qanunçuluq prinsipləri əsasında aparılmalı olduğunu deməyi də unutmayıb. Bu razılaşmaların Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən də ictimailəşdirildiyinə diqqəti çəkən Sanosyan ölkəsinin hazırda nəinki kommunikasiyaların açılmasını, hətta, bunun mümkün qədər tez baş verməsini arzuladığını bildirib.
Arazdəyən və Naxçıvan ərazisində dəmir yolunun tikintisi daha az vaxt aparacaq. Meğri və Horadiz rayonlarında isə yolların bərpası ilə bağlı müəyyən problemlər var. Ermənistan–Naxçıvan–İran dəmir yolunu bir il ərzində çəkmək mümkün olacaq”. Bu sözləri həmin Qnel Sanosyan təxminən iki il bundan əvvəl deyib. O zaman İrəvan Arazdəyən–Culfa–Ordubad–Meğri–Horadiz dəmir yolunun bərpası üçün təxminən 226 milyon dollar vəsaitin tələb olunduğunu açıqlamışdı. Baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan və Azərbaycan bu dəmir yolunun tikintisini 2, uzağı 3 ilə başa çatdırmağı planlaşdırır. Vaxtı və imkanı fövtə vermiş İrəvanın başbilənləri indi buraxdıqları səhvləri düzəltməyə meyilli görünürlər.
“İndi biz sülhə çox yaxınıq”
Artıq Hayastanın siyasi hakimiyyətində reallığı olduğu kimi qəbul etməyə başlayıblar. Son günlər onların bir çoxu sülhdən, yolların açılmasından danışır. “İndi biz razılaşmaya çox yaxınıq və sülh müqaviləsini imzalamaq üçün tarixi imkanımız var. Ölkələrimiz arasında yolların açılması bizim üçün prioritet məsələdir. Ermənistan təkcə avtomobil əlaqəsini deyil, eyni zamanda, dəmir yolunu təqdim etməyə açıqdır”. Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin televiziyasına müsahibəsində deyib. O, hazırda bölgədə yaranmış yeni tarixi şəraitdən yararlanmaq istədiklərini deməkdən çəkinməyib. Simonyan bu kontekstdə Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyada keçiriləcək növbəti Zirvə toplantısında müsbət nəticələrin əldə olunacağına ümid etdiyini deyib: “Biz, həqiqətən də, Qranadada irəliləmək, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur”.
Oxuculara xatırladaq ki, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin oktyabrın 5-də Aİ-nin Qranadada keçiriləcək iclasında görüşəcəkləri planlaşdırılır. Həmin görüşlə bağlı hazırlıqlar üçün bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Brüsseldə bir araya gələcəkləri xəbər verilir. Bu arada tərəflər arasında sülhə və qarşılıqlı əlaqələrin yaranmasına əsas vasitəçi sayılan Moskva da regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hökumətlərarası danışıqları davam etdirməyin vacibliyini xatırladıb. Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı yaradılmış üştərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçukun ümidverici məlumatını tərəfləri yenidən danışıqlar masasına dəvət kimi də dəyərləndirmək mümkündür. Fəqət adıçəkilən üçtərəfli işçi qrupun fəaliyyətinin müsbət nəticələrə nail ola bilmədiyindən uzun müddət işində fasilə yaranmasını da nəzərə çatdırmaq yerinə düşər.
Yanaşma və mövqelərdə fərqli çalarlar
Bütün bunların fonunda Rusiya və Ermənistan arasında diplomatik gərginliyin pik həddə çatdığı aşkar görünməkdədir. Nikol Paşinyan Moskvanın ittihamlarına cavab olaraq Rusiyanın artıq Ermənistanın təhlükəsizliyinin qarantı olmadığını bir daha təkrar edib. Onun şimaldan gələn hədələrə baxmayaraq, İrəvanın qonşuları ilə (Türkiyə və Azərbaycanla – red.) münasibətləri təcili şəkildə normallaşdırmağı vacib sayması maraqla qarşılanıb. Paşinyan bu barədə parlamentdəki çıxışında söyləyib. İndiki həlledici məqamda, Fransadan savayı, onun bu mövqeyi ilə razılaşmayan iki aktor var: Rusiya və İran. Amma strateji müttəfiqlər sayılan bu iki dövlətin bir çox məsələlərə yanaşmasında bəzi fərqlər və ziddiyyətlər özünü göstərməkdədir. Yəni, Ermənistanın şimallı-cənublu havadarları arasında məhz Cənubi Qafqaz və Azərbaycanla bağlı fikir ayrılığı aşkar sezilməkdədir. Qeyd etmək yerinə düşər ki, Tehran bir tərəfdən İrəvanı Amerika ilə hərbi əməkdaşlıqda ittiham edirsə, digər tərəfdən onun Azərbaycana münasibətində yumşalma özünü göstərir. Əslində, vəziyyətin paradoksallığı da bundadır və fikrimizcə, gerçəyin üzə çıxması prosesi uzun çəkməyəcək.
N.Paşinyan haqlı olaraq hesab edir ki, Ermənistan ilk növbədə Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Ermənistan rəhbərliyi, gec də olsa, anlamağa başlayır ki, güvəndiyi tərəfdaşlardan, sözdə havadarlarından ona real kömək edən yoxdur. Ona görə də ən doğru yol regionda real və konstruktiv güclərlə əməkdaşlıqdır. Həmin gücün adı isə Azərbaycan–Türkiyə birliyidir!
İrəvanın nicat yolu Bakı–Ankara marşrutudur
Nə qədər paradoksal görünsə də, Bakının Qarabağda separatizmin kökünü kəsməsi İrəvanın işinə tam yarayır. Bölgədə yaranan yeni hərbi-siyasi, o cümlədən iqtisadi reallıq Hayastanın qarşısında uğurlu inkişafa və təminatlı gələcəyə yeni imkanlar açır. Təki bu tarixi fürsəti və şansı hayların başbilərləri düzgün qiymətləndirməyi bacarsınlar. Son 10 gün ərzində bölgədə və onun ətrafında baş verənlərə ötəri nəzər yetirmək kifayətdir ki, Cənubi Qafqazda söz və güc sahiblərinin konfiqurasiyasındakı dəyişiklikləri anlaya biləsən. İrəvanın tarixin keçmiş zamanına gömülmüş “dənizdən-dənizə”, daşnak şovinizmi və revanşizmi kimi xülyalardan başını qaldırıb yuxarı baxması lazımdır ki, hilallı-ulduzlu qoşa bayraqların dalğalandığı səmti görsün.
Artıq bütün dünya Azərbaycanın haqlı olduğunu gördü və qəbul etdi. Türkiyənin isə Azərbaycanı sona qədər dəstəkləyəcəyinə heç kəsdə şübhə qalmadı. Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışı zamanı “Qarabağ Azərbaycan torpağıdır!” deməsi təkcə Ermənistana deyil, həm də onun havadarlarına ünvanladığı ismarıc oldu. Onun Ermənistanın baş naziri ilə telefon danışığı və “Cənubi Qafqazda möhkəm sülh və sabitliyin bərqərar olmasının regionun bütün ölkələrinin inkişafına və rifahına kömək edəcəyini” vurğulaması İrəvana xoşməramlı müraciəti idi.
Hazırda bölgədə baş verənlər siyasi-diplomatik səviyyədə Azərbaycanın beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyini, özünə və artıq ipə–sapa yatmağa meyillənən qonşusuna çəkdiyi perspektivli yol xəritəsini özündə əks etdirir. Artıq bütün dünyanın qəbul etdiyi həqiqət ondan ibarətdir ki, Azərbaycan hərbi-diplomatik yolla Qarabağ iqtisadi rayonunda suveren hüququnu bərpa edir. İndi rəsmi Bakı Qarabağda beynəlxalq qaydalara, Azərbaycan Konstitusiyasının tələblərinə uyğun yaşamağa hazır insanlara şərait yaratmaqla məşğuldur.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
İrəvan dünənə qədər siyasi məqsədlərə görə Zəngəzur dəhlizi məsələsini uzatmağa çalışırdı. Onların məqsədi bu dəhlizlə bağlı razılaşma müqabilində Azərbaycandan Qarabağ erməniləri üçün hansısa statusu, yaxud imtiyazları qoparmaq idi. Aydın məsələdir ki, onların bu istəyi bizim dövlətçiliyimizə zidd idi. Bunları yaxşı bildiklərindən məsələni uzadırdılar. Artıq Bakı Qarabağ iqtisadi rayonunda tam nəzarəti təmin edəndən, Ermənistan ordusunun qalıqlarının darmadağının ardınca ərazimizdən çıxarılandan sonra onların əllərində siyasi alver üçün heç bir perspektiv qalmadı.
Buna görə də həm Paşinyan, həm Simonyan, eləcə də digərləri anlayırlar ki, indi məsələyə daha çox iqtisadi tərəfdən yanaşmaq lazımdır. Bu baxınmdan isə İrəvan Zəngəzur dəhlizindən yararlanmaqda Bakıdan uduşlu vəziyyətdədir. Biz həmin yolla Naxçıvana və Türkiyəyə kommunikasiya əlaqəsini təmin edirik, Ermənistan isə buradan həm İrana, həm də Türkiyəyə dəmir yolunu əldə etməklə yanaşı, Azərbaycan ərazisi vasitəsilə Rusiya və Orta Asiyaya birbaşa çıxışa nail olur. Nəhayət, papaqlarını qarşılarına qoyub anlamağa başlayıblar ki, bundan sonra inadkarlıq etmək, sadəcə olaraq, özlərinin maraqlarına ziddir. Düşünürəm ki, bu məsələdə müəyyən müsbət dəyişikliklər qaçılmazdır.
İmran BƏDİRXANLI
XQ