Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinin uğuru Ermənistandakı siyasi gərginliyi və kütləvi etirazları gücləndirib. Baş nazir Nikol Paşinyanın xalqa müraciətindəki ayrı-ayrı məqamlar da bunu təsdiqləyir. Ancaq Nikol problemə bir qədər fərqli yanaşır. Yazımızda bu barədə söz açacağıq.
Əlbəttə, erməni baş nazirin anti-Azərbaycan ritorikası anlaşılandır. Başqa nə deməlidir ki? Hər halda, ordumuzun peşəkar fəaliyyətindən, cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağdakı separatçıları diz çökdürməsindən danışa bilməz. Amma, Paşinyanın hədəfi məlumdur – Rusiya. Qətiyyətlə demək olar ki, baş nazirin müraciəti Ermənistanın 2018-ci ildən bəri həyata keçirdiyi anti-Rusiya siyasətinin kulminasiya nöqtəsidir. Azərbaycanın qətiyyətli davranışı isə bu siyasət üçün yalnız katalizatordur. Nikolun manifestindəki fikirlər onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti ölkənin Rusiya ilə bağlarını tamamilə qırmaq xəttini seçib. Sabah baş nazir durub desə ki, Gümrüdəki 102-ci rus hərbi bazası ölkəni tərk etməlidir, heç kəs təəccüblənməyəcək...
N.Paşinyan müraciətinin ilk cümləsindəcə ölkəsinin xarici təhlükəsizlik məsələsini qabardır. Onun Azərbaycan təhlükəsindən söz açması daha çox mövzunu Rusiyaya yönləndirmək məqsədini daşıyır. Nikol bildirir ki, sentyabrın 19-da başlanmış antiterror tədbirləri Rusiyanın Qarabağdakı sülhməramlı hərbi kontingentinin məqsəd və motivləri barədə ciddi düşünməyə əsas yaradır.
Məlum olduğu kimi, hazırda Qarabağdakı erməni əhalisindən bölgəni tərk edənlər var. Sülhməramlı kontingent isə əraziyə həm də Paşinyanın imzası ilə təsdiq olunmuş üçtərəfli Bəyanata əsasən daxil olub. Nikol deyə bilər ki, Qarabağda erməni yoxdursa, deməli sülhməramlılar da olmamalıdır. Hər halda, erməni baş nazirin hazırkı anti-Rusiya köklənişindən onun belə fikir söyləmək potensialında olduğu üzə çıxır.
Ancaq, hələlik Paşinyan belə demir. Amma bildirir ki, üçtərəfli Bəyanata baxmayaraq, Qarabağın erməni əhalisi hazırda, guya, etnik təmizləmə təhlükəsi yaşayır. Maraqlıdır ki, Nikol bir neçə gün əvvəlki açıqlamasında başqa şey demiş, Qarabağ erməniləri üçün heç bir təhlükənin olmadığını vurğulamışdı. Görəsən, iki gündə niyə fikrini dəyişdi? Cavab sadədir: o, təhlükənin üstünə getmək yolunu tutur. Nəzərə alaq ki, İrəvanda hazırkı iqtidarı devirmək məqsədini güdən iğtişaşlar güclənib. Heç şübhəsiz, proseslərin arxasında Rusiyanın müəyyən dairələri dayanır. Nikolun fikrini dəyişməsi buna görədir. Yəni, o, Moskva üzərinə demarş yolu tutmaqdadır: “Hadisələrin bu cür inkişafına görə məsuliyyət bütünlüklə etnik təmizləmə siyasəti aparan Azərbaycanın və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin üzərinə düşəcək. Təbii ki, Ermənistan hökuməti beynəlxalq tərəfdaşlarla birgə Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmlərin formalaşdırılması üzərində işləyir. Amma bu səylər konkret nəticə verməsə, hökumət Dağlıq Qarabağdan olan bacı və qardaşlarımızı Ermənistan Respublikasında qayğı ilə qarşılayacaq”.
Göründüyü kimi, N.Paşinyan, necə deyərlər, əl yeri qoyur. Bəs, bu, nə deməkdir? Bu, o deməkdir ki, nə Nikol, nə də dünya erməniliyi indiki şərtlərlə Qarabağda erməni əhalinin qalmasına razıdır. Hər iki cinah istəyirdi ki, separatçı rejim saxlanılsın. Amma onlar məqsədlərinə çatmadıqlarını görür və “B” planını işə salırlar. Əvvəl soyqırımı iddiasını ortaya atmışdılar. Deyəsən, gördülər ki, bundan danışıb beynəlxalq ictimaiyyəti inandırmaq mümkünsüzdür. Ona görə etnik təmizləmə “məsələsi” üzərində dayandılar. Məqsədləri budur ki, Qarabağ ermənilərsiz olsun və bölgə ilə bağlı iddia, bir növ, niskilə çevrilərək gələcəyə daşınsın. Heç şübhəsiz, növbəti mərhələdə ərazini tərk etmiş erməniləri təşkilatlandıracaqlar, müxtəlif beynəlxalq qurumlarda onların dili ilə Azərbaycana qarşı yeni hədyanlar yağdıracaqlar.
Qeyd edək ki, Ermənistan baş nazirinin Rusiya əleyhinə yönəlmiş siyasi kampaniyasındakı vurğu yalnız antiterror tədbirləri sonrası yaranmış vəziyyətin üzərinə qoyulmur. Nikol ölkəsi üçün müttəfiq yarıtmazlığı problemini qabardır və bildirir ki, Ermənisan uzun müddət bununla bağlı düzgün yolda olmayıb. Deməli, İrəvan müttəfiq kimi Moskvanı seçməkdə səhv edib. Həm də ona görə səhv edib ki, müttəfiq Rusiya Ermənistanın suveren dövlət imicinə zərər gətirib.
Əlbəttə, Nikol haqlıdır. O anlamda ki, uzun illər İrəvanda Moskvanın dəstəklədiyi Koçaryan-Sarkisyan xuntası hakimiyətdə olub. Bu cinayətkar Qarabağ klanı ölkəni tamamilə Kremldən asılı hala salmışdı, Ermənistan marionet respublikaya çevrilmişdi. Ona görə Nikol hazırkı gərgin durumda məhz bu amilə güc verir. Beləliklə, əhalinin küçələrdə iğtişaş törədənlərə münasibətdə sərt və barışmaz mövqeyinin formalaşmasına çalışır. Hər halda, İrəvanın indi də Qərbin marionetinə çevrilmək niyyətini açıqlayacaq deyil.
Bəli, Ermənistanın müstəqilliyinin itirilməsi təhlükəsi ilə bağlı məntiqini daha da gücləndirən N.Paşinyanın bu təhlükənin aktuallığını saxlayarkən də Rusiyaya eyham vurduğu gün kimi aydındır. O bildirir ki, hazırda ölkəsi müstəqil, azad, demokratik inkişaf yolu ilə getmək əvəzinə, təhlükəsizlik çağırışları ilə baş-başadır və mövcud çağırışlarda yalnız xarici deyil, eyni zamanda, daxili faktorlar da ön plandadır. Hər iki faktor isə risk yaradır. Risk həm də ona görə var ki, diplomatik və dövlətlərarası münasibətlərdə bütün etiket və düzgünlük normaları, o cümlədən, müqavilələr üzrə götürülmüş öhdəliklər pozulur. Kimdir pozan? Nikol ad çəkməsə də, hədəfi bəllidir: “Bu addımlara cavab olaraq biz tərəfdaşlarımızı dövlətçiliyimizə və suverenliyimizə hörmətlə yanaşmağa çağırır, dövlətçiliyimizi, suverenliyimizi, demokratiyamızı, xarici və daxili təhlükəsizliyimizi möhkəmləndirmək əzmində olduğumuzu bildiririk. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və demokratiyasına sarsılmaz dəstəyi ifadə etməyə çağırırıq. Müstəqilliyimizi qorumaq üçün bütün tədbirləri görəcəyik”.
Qeyd edək ki, N.Paşinyan bir müddət əvvəlki açıqlaması ilə də gündəm yaratmışdı. O bildirmişdi ki, Ermənistan üçün, necə deyərlər, “kupça” almaq fikrindədir. Deməli, ölkənin hansısa mövcudluq sənədi yoxdur. O, sentyabrın 24-dəki müraciətində də eyni məqama toxunub və bildirib ki, niyyəti Ermənistanın xarici və daxili təhlükəsizlik alətlərini transformasiya etmək, tamamlamaq və zənginləşdirməkdir. Bu baxımdan vacib olan yalnız ordu və təhlükəsizlik qüvvələrində dərin və hərtərəfli islahatların aparılması deyil, eyni zamanda, 6 oktyabr 2022-ci ildə Praqada və 14 may 2023-cü ildə Brüsseldə (Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşləri – red.) əldə edilmiş razılaşmaların de-yure təsbitini nəzərdən keçirməkdir. Paşinyan məsələni konkretləşdirir: Sovet Ermənistanının sərhədləri de-yure Ermənistan Respublikasının dövlət sərhədləri olmalıdır.
Və sən demə, buna görə İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadəyə şərait yaradacaq Roma statutunu ratifikasiya edəcək. “Biz 2022-ci ilin dekabrında Roma Əsasnaməsini ratifikasiya etmək qərarına gəldik. O zaman hamımıza aydın oldu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Ermənistan–Rusiya strateji tərəfdaşlıq alətləri Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət deyil və bu qərar öz qüvvəsindədir”, – deyən Paşinyan əlavə edib ki, ölkəsinin qərarı KTMT və ya Rusiyaya qarşı yönəlməyib. Yada salaq ki, Roma statutu ratifikasiya olunacaqsa, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gələ bilməyəcək. Çünki həmin sənəd ölkəyə ayaq basacağı təqdirdə, onun dərhal həbsini məcburiləşdirir.
Ermənistanın sülhsevər, inkişaf etmiş, demokratik ölkə olmasının vacibliyindən söz açan Paşinyan buna qarşı çıxan meyillərin mövcudluğunu diqqətə çatdıraraq, sanki, “həyəcan” təbili çalır və yenə də onun Rusiyaya əks mövqe ortaya qoyduğu görünür. Nikolun “ucqar əyalət” məntiqi fikrimizin təsdiqidir. Baş nazir vətəndaşları əyalətə çevrilməklə, müstəqil, demokratik və suveren ölkə olmaq arasında seçim etməyə çağırır.
Əlbəttə, N.Paşinyanın populizmə güc verdiyi də aşkardır. Məsələn, o, özünün müstəqilliyin müdafiəsi hərəkatına rəhbərlik etdiyini vurğulayır. Erməni baş nazir mövcud xüsusda digər fikirlər də bildirir. Həmin fikirlərin heç də hamısının üzərində dayanmaq istəmirik. Sual yaranır: Paşinyan öz səhvini anlayırmı? Görəsən dərk edirmi ki, “demokratiya, xoşbəxtlik və azadlıq uğrunda mübarizədə qalib gələcəyik” deməkdə gecikib? Hər halda, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən Ermənistanı Rusiyanın ucqar əyalətinə çevirənlər deyildi. Eləcə də Cıdır düzündə “yallı” gedib azərbaycanlıların heysiyyatına toxunmaq yolu tutan nə Serj Sarkisyan, nə də Robert Koçaryan idi. Elə isə demokrat Paşinyan nə üçün müharibə canilərinin avantürasının davamına girişmişdi? Axı, 2018-ci ildə hakimiyyətə gələndə Nikolun tam şansı var idi ki, durumu düzəltsin. Qarabağ ambisiyası ilə iqtidara sahiblənməmiş ilk Ermənistan lideri olaraq Paşinyan ambisiyanı boğa bilərdi. Həmin vaxt konstruktiv yol tutsaydı, erməni iddialarını körükləməyə qalxmasaydı, hazırkı durum da yaşanmazdı.
Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlirik ki, Ermənistan baş naziri N.Paşinyanın 24 sentybar 2023-cü il tarixli müraciəti demokratiyanın yalvarış məntiqinin işə düşməsindən başqa bir şey deyil. Nikol Qarabağ ritorikasına güc verməklə, özü də fərqinə varmadan ölkəsini qucağa atmış oldu. Bu yerdə onun müstəqillik və suverenlik kimi fikirləri qeyri-səmimi təsir bağışlayır. Erməni xalqı baş nazirin səmimiyyətinə inanmır, sadəcə, digərlərinə də güvənmir. Ona görə də Nikol hakimiyyətdə qalır. Əlbəttə, buna hakimiyyətdə qalmaq demək mümkündürsə...
Ə.RÜSTƏMOV
XQ