“Böyük iyirmilər”in Hindistan sammiti

post-img

Həftəsonu dünyanın ən zəngin və ən güclü 20 ölkəsinin liderləri ikigünlük G20 sammiti üçün Hindistanın paytaxtında toplaşıblar. Onlar bir çox aktual iqtisadi problemlərin həlli yollarını tapmağa çalışacaqlar. Bəs Hindistan tədbirə necə hazırlaşıb?

Əvvəllər Hindistan belə nüfuzlu dünya liderləri qrupuna evsahibliyi et­məyib. Bu səbəbdən də Yeni Dehli sammitə hərtərəfli hazırlaşmağa qərar verib. Məsələn, səlahiyyətlilər şəhərdə piyadalara tez-tez hücum edən ma­kakaların (meymun cinsi) qonaqları narahat etməməsi üçün tədbirlər gör­məli olublar. Bu məqsədlə makakaları qorxutmaq üçün müxtəlif yerlərə kar­tondan lanqur fiqurları (makakaların qorxduğu meymun cinsi) yerləşdiriblər.

Bundan əlavə, yanvardan bəri pay­taxtda evsizlərin yaşadığı gecəqondu və sığınacaqlar sökülərək yerlərində parklar salınıb. “Concerned Citizens Collective” hüquq müdafiə təşkilatının məlumatına görə, 300 minə yaxın insan başqa yerlərə köçməli olub. Bundan əlavə, sammit zamanı Yeni Dehlinin mühafizəsinə 45 mini xüsusi təyinatlı da daxil olmaqla 130 min təhlükəsizlik əməkdaşı cəlb edilib.

Hindistanın G20-yə sədrlik etdiyi bir il ərzində müxtəlif iqtisadi məsələlərlə bağlı çoxlu müzakirələr aparılıb, lakin onların heç biri ilə əlaqədar ümumi bə­yanat qəbul edilməyib. Buna səbəb isə Ukrayna olub. Münaqişə bölücü xətt ro­lunu oynayıb. Bəziləri Rusiyanın Ukray­naya təcavüzü ilə bağlı tənqidi ifadələri sənədlərə daxil etməyi təklif edib, digər­ləri isə ona qarşı çıxıblar. 

Hindistanın Baş naziri Narenda Modi sammitdə fikir ayrılığı yaranmasını istə­mir. O, G20 liderlər sammitinin gündə­liyinə iqlim, ticarət, iqtisadi, maliyyə və humanitar məsələlərin salınmasını təklif edib. Düzdür, sammitdə Rusiya Federa­siyası ilə Ukrayna arasındakı münaqişə də müzakirə ediləcək. Amma bu daha dar çərçivədə baş tutacaq. 

Məlumata görə, Rusiya Preziden­ti Vladimir Putin və Çin lideri Si Cinpin G20 sammitində iştirak etməyəcək. Siyasi təhlilçilər hesab edirlər ki, ABŞ Prezidenti Cozef Bayden Amerikanın in­kişaf etməkdə olan ölkələrlə münasibət­lərini yaxşılaşdırmaq üçün bundan isti­fadə edəcək. Bayden də öz növbəsində diqqəti bu cür ölkələri dəstəkləməyə, eləcə də Rusiya və Çinin artan hərbi və iqtisadi təcavüzünə qarşı durmağa yönəltmək niyyətindədir.

Qeyd edilir ki, Baydenin G20 sammi­tində Dünya Bankı və digər beynəlxalq banklarla bağlı islahatlara dəstək verə­cək. Lakin konkret islahatlardan başqa, administrasiya rəsmiləri ümid edirlər ki, Baydenin sammitdə iştirakı və onun bankların gücləndirilməsinə diqqət yetir­məsi ilə yanaşı, ABŞ-ın inkişaf etməkdə olan ölkələrə dəstək mesajları verəcək. 

G20 sammitində iştirak edən lider­lərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Prezident Ərdoğa­nın G20 liderləri ilə görüşməsi, həmçi­nin sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə təmasları gözləni­lir. G20 ölkələri Türkiyə Prezidenti Ər­doğanın dilindən Rusiya dövlət başçısı Vladimir Putinin Ukrayna münaqişəsinə son qoymaq üçün şərtlərini və niyyətlə­rini eşidəcək. 

G20 sammitində qurumun üzvlərinin sayı arta bilər. Məsələn, Avropa İttifaqı (Aİ) Afrika İttifaqının G20-yə qəbulunu səbirsizliklə gözləyir. Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Nyu-Dehli­də mətbuat konfransı zamanı bildirib.

Aİ nümayəndəsi G20-yə yeni üzvlə­rin qəbulunu müxtəlif münaqişələrin həlli istiqamətində mühüm addım adlandırıb. O, həmçinin əlavə edib ki, Aİ ölkələri G20 sammiti zamanı Ukrayna hakimiy­yətinə dəstəyini ifadə etmək niyyətində­dir. 

Bundan əvvəl Çin hökuməti Afrika İttifaqının G20-yə qoşulması ideyasını dəstəkləmişdi.

P.ƏFƏNDİ
XQ

Siyasət