Holokostla Xankəndini eyni tərəziyə qoymaq cəfəng və qəbuledilməzdir

post-img

Ermənistanda antisemitizm dövlət siyasətinin tərkib hissəsinə çevrilib

Bir yəhudi məsəlində deyilir ki, hansısa yalanın həqiqət kimi qəbul etdirilməsinə çalışmaq da səmərəsizdir, hansısa həqiqətin yalan olduğunu “sübut etmək” də. Yəhudilər bunu deməklə fikirlərini tamamlayıblar. Biz isə əlavə edirik ki, ermənilər mövcud olduqları bütün dövrlərdə özlərinin uydurduqları yalanları həqiqət kimi qəbul etdirməyə çalışıblar, başqa xalqların həqiqətlərinin isə yalan olduğunu sübut etməyə indiyədək çalışırlar. Amma, yəhudilər demişkən: səmərəsizdir.

“Xalq qəzeti”nin ötən saylarından birində verilmiş “Amerika və Avropanın aparıcı ravvinləri Azərbaycanı dəstəklə­yirlər” adlı materialda belə bir fikir yer al­mışdı: “Bütün dünya ravvinlərinin erməni təbliğatını pislədiyini vurğulayan İsrailin ingilis dilində nüfuzlu nəşri olan “The Je­rusalem Post” yazır: “Azərbaycan yəhu­di icması... yəhudi rəhbərliyinə müraciət edir ki, İranın müttəfiqləri tərəfindən Ho­lokostdan Qarabağ regionunda davam edən böhranla əlaqədar istifadəni pislə­sin”. “The Jerusalem Post” bildirir ki, bu müraciət artıq dünyanın bir çox nüfuzlu ravvinləri tərəfindən dəstəklənib”.

Maraqlıdır, Holokost faciəsini son zamanlar Xankəndidə baş verən pro­seslərlə necə əlaqələndirmək olar? Axı Holokost Hitler Almaniyası tərəfindən, irqi ayrı-seçkilik, antisemitizm düşüncəsi (antisemitizm yəhudiləri təhlükəli qövm, nifrət ediləsi camiyyə kimi görən xalq və dövlətlərin irqçi təfəkkürüdür) əsasında dövlət səviyyəsində, xüsusi hazırlanmış proqram əsasında altı milyondan çox Avropa yəhudisinin məhv edildiyi, bəşər tarixində ən qanlı və dəhşətli soyqırımı faktıdır. Ekspertlər Ruandada milyona yaxın insanın məhv edildiyi soyqırımını da Holokostla tay tutmurlar. Daha doğru­su, buna cəhd etmirlər. 

Xatırladaq ki, 1994-cü ilin aprel-iyul aylarında baş vermiş Ruanda soyqırımı (və ya rəsmi olaraq tutsilərin soyqırımı) kimi tarixə düşən bu qanlı faciədə, təx­minən, bir milyona yaxın insan həlak ol­muşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qur­banların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırımını Ruanda­nın siyasi elitası planlaşdırmış, ordu, jan­darma və dövlətin dəstəklədiyi təşkilatlar tərəfindən həyata keçirilmişdir. Yəni, söh­bət yüz milyonla insanın, bilavasitə dövlət tərəfindən qətlə yetirilməsindən gedir və qeyd etdiyimiz kimi, dünya konfliktoloqla­rı həmin faciənin Holokostla müqayisə­sinə cürət etmirlər. Ermənilər isə Xankən­didəki 15-20 min quldurun xaricdən silah almasına maneə yaradılmasını dünyanın ən dəhşətli soyqırımı ilə bərabər tutmağa çalışırlar. Sadəcə, utanmazlıq yox, həm də şərəfsizlikdir. 

Sizə üç ölkədən humanitar yardım göndərilir, açın yolları, qəbul edin və zəhərlənin. Özünüz öz başınıza problem yaradırsınız və sonra sızıldayırsınız ki, ay haray, bizə qarşı soyqırımı törədildi. Əslində. ekspertlər şərh verməkdə çətin­lik çəkirlər. Xankəndidə nə baş verib ki, ermənilər həmin hadisəni Holokosta bən­zətməyə çalışırlar? 

Bu sualın cavabı tapılmasa da, ümu­mi fikir bundan ibarətdir ki, 1915-ci ildə Osmanlıda baş verən qanlı faciələrin (ABŞ prezidentləri həmin faktı, adətən, soyqırımı yox, məhz qanlı faciələr ad­landırırlar) miqyasını qabartmaq məqsə­dilə Holokostu gözdən salmaq, urvatsız eləmək yolunu tutublar. 

Bəli, ermənilər dünyanın ilk insanları olduqlarını, xristianlığı hamıdan tez qəbul etdiklərini, İkinci Tiqranın dövründə az qala dünyanın yarısına sahib olduqlarını, 1915-ci ildə soyqırımına məruz qaldıqla­rını, 1948-53-cü illərdə azərbaycanlıların Ermənistandan könüllü olaraq çıxıb get­diklərini, Xocalı soyqırımında qətiyyən günahkar olmadıqlarını söyləyəndə də yalan danışmışdılar. Ancaq Laçın sərhəd keçid məntəqəsinin yaradılması ilə Holo­kostu müqayisə edəndə... əsl erməni xis­lətinin nədən ibarət olduğunu göstərdilər. 

Qəzetimizdə verilmiş məqaləni oxu­yandan sonra ermənilərin İsrailə və yəhu­dilərə münasibətini əks etdirən bəzi fakt­lara da nəzər saldım. Məsələn, mərhum Arye Qutun bir məqaləsində oxudum ki, İqor Muradyan adlı bir erməni şərhçi 1998-ci ildə yəhudilərin Dağlıq Qarabağ münaqişəsində “barmağı olduğunu”, elə­cə də, İsrailin Türkiyə ilə dostluğunu bə­hanə edərək, Ermənistandakı yəhudilərin dövlət vəzifələrinə qəbul edilməsinin çox təhlükəli olduğunu yazmışdır. 

Yaxud, Romen Yepiskoposyan 2002-ci ildə yazdığı “Milli Sistem” kitabında ya­hudilərlə türklərin ermənilərin bir nömrəli düşməni olduğunu, Holokostun yəhudilər tərəfindən uydurulduğunu yazmış, faşist­lərin yaratdığı qaz kameralarında heç kə­sin öldürülmədiyini iddia etmişdir. Hələ, bu az imiş kimi, 1915-ci ildəki uydurma erməni soyqırımının da yəhudilər tərə­findən təşkil olunduğunu sübut etməyə çalışmışdır.

Başqa bir fakt. Millətçi Armen Avetis­yan 2002-ci ilin aprelində erməni soyqırı­mını tanımayan İsrail səfiri Rivka Kohenin persona non qrata elan edilməsini tələb etmişdir. Elə Erməni Xalq Partiyasının lideri Tiqran Karapetyanın telekanalında yəhudiləri erməni soyqırımında Osman­lılarla əlbir olmaqda suçlayan və “şeyta­nı öz yuvasında öldürməyə” çağıran da məhz həmin Armen Avetisyan olmuşdu. Onun fikrincə, ölkəsində yəhudi azlığı olan dövlətlərin hamısı təhlükə altındadır. 

Təbii ki, İsrail dövləti və yəhudi xalqı bu azğın və pozğun ermənilərin cəfəngiy­yatlarını cavabsız qoymurlar. Məsələn, ABŞ-da yayımlanan nüfuzlu “Jeviş Journal” qəzeti 2015-ci ildə “Ermənistan Holokostda iştirak etmiş faşist və antise­mitlərin xatirəsini əbədiləşdirir” adlı ge­niş məqalə yaymışdır. Həmin məqalədə göstərilir ki, sabiq baş nazir Qrant Baq­ratyan parlamentin iclasında demişdir ki, İsrail erməni soyqırımını tanımasa, biz də Holokostu tanımayaq. Halbuki, Nürnberq prosesindən sonra bütün dünya Holokos­tu tanımışdır. Ermənilər hələ də şübhə edirlər. Müəllifin fikrincə, Holokostu faşist Almaniyası bütün dünyanın gözü qaba­ğında törətmişdir. “Erməni soyqırımı” de­yilən hadisələr isə Çar Rusiyasının Os­manlı ərazisində erməni dövləti yaratmaq kimi fitnəkarlığından sonra baş vermişdir. 

Bu məqamda daha bir erməni rəzalə­tini yada salmaq zərurəti yaranır. Belə ki, dünya erməniləri 20 - 24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində Holokost mövzusunda keçirilən böyük konfran­sın təşkilinə müdaxilə edərək gündəliyə “Erməni soyqırımı” adlı altı məruzə salın­masına nail olmuşdular. Bundan qəzəb­lənən Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi “erməni soyqırımı2 mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalış­mışdır. Nəticədə İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Xatırladaq ki, 1982-ci ildə Türkiyə İsrailin diplomatik əlaqələr saxladığı azsaylı müsəlman ölkələrindən biri idi. İsrail Türkiyə ilə münasibətlərinə xələl gətirməsindən narahat olduğu üçün “erməni soyqırımı”nı heç vaxt tanımamış­dır.

Bundan başqa, Türkiyə diplomatı Mithat Balkan həmin konfransdan əv­vəl demişdir ki, əgər “erməni soyqırımı” ABŞ-nin planlaşdırdığı Holokost Me­morial Muzeyinə daxil edilərsə, Türkiyə NATO-dan çıxa bilər. Türkiyəli diplomat Kamuran Gürün isə İsrailin İstanbulda­kı konsulluğuna bildirmişdir ki, o, İsrail hökumətinin konfransı ləğv etmək cəhd­lərinin, ilk növbədə, yəhudilərin xeyrinə olduğuna inanır, çünki erməni soyqırımı ilə bağlı təqdimatlar Holokostun unikallı­ğına xələl gətirir. Nəticədə konfrans ləğv edilmişdir. 

Göründüyü kimi, erməni iyrəncliyi ta­rixin bütün dönəmlərində müsbət tenden­siyaların qabağına atılmış kötük rolunu oynamışdır.

O ki qaldı yuxarıda dediyimiz “ermə­ni quldurları” ifadəsinə, bu, həqiqətən belədir. Onların əməlləri artıq işğalçı, terrorçu, təxribatçı, separatçı ifadələri­ni çoxdan “geridə qoymuşdur”. Onların hamısı – başçıları da, əli silah tutanları da , sözün həqiqi mənasında quldurluq edirlər. Elə Holokostu “unutduraraq” “er­məni soyqırımı”nı qabartmaq cəhdini də normal insanlar yox, məhz quldurlar edə bilərdi ki, edirlər. 

İttifaq MİRZƏBƏYLİ
XQ



Siyasət