Min illər boyu müxtəlif mədəniyyətlərin və xalqların üləmaları, şairləri və mütəfəkkirləri nankorluğu ağır günah, əxlaqi naqislik hesab ediblər. Hətta, hayların uydurma folklorunda nankorluğun bağışlanmaz şərindən çox danışılır. Amma görünən odur ki, ermənilər nə dədələrinin kitabına məhəl qoyur, nə də dünya müdriklərinin dediklərinə qulaq asırlar. Azərbaycan torpaqlarında yaradılan bu ölkədə cərəyan edən hadisələr Ermənistanın nankorluğunun sərhəd tanımadığını təsdiqləyir. Rusiya imperiyasının köməyi ilə Qafqaza sığınan ermənilər minnətdarlıq əvəzinə, siyasi hoqqabazlıq edir, yaşayışlarının Rusiyasız mümkün olmayacağını bilə-bilə Moskvanı qıcıqlandıran addımlar da atırlar.
Hayastan geosiyasi labirintdə ilişib qalıb. İrəvan gah Qərbin çətiri altına sığınmaq istəyir, gah da fillər ölkəsi Hindistandan imdad diləyir. Son günlər baş verənlər də bir daha aydın göstərir ki, siyasəti ilə gülüş obyektinə çevrilən Ermənistan hökuməti “döngələrdə at dəyişdirməyə” çalışır. Fransa Ermənistana simvolik 50 zirehli transportyor verən kimi erməni rəhbərləri bir-birinin ardınca bəyan etməyə başladılar ki, Rusiyaya qapını göstərə bilərlər. Paris ermənilərə “Mistral” hava hücumundan müdafiə sistemlərini də verəcəyini vəd edəndə, İrəvan, ümumiyyətlə, belə qərara gəldi ki, Rusiya ilə hərbi sahədə əməkdaşlığı unutmaq lazımdır.
İrəvanın Parisdən zirehli texnika almasını şərh edən erməni siyasi və ictimai xadimləri, jurnalistlər və mədəniyyət xadimləri sevinclərini saxlaya bilmirdilər. Ermənilərin bu anti-Rusiya addımları, əlbəttə ki, şimal qonşumuzda reaksiyalar doğurur. Rusiyalı mütəxəssislər bildirirlər ki, ermənilər XVIII əsrin əvvəllərindən erməni xalqının yeganə təhlükəsizlik qarantının Rusiya İmperiyasının (əvvəllər çar Rusiyası, daha sonra isə Rusiya Federasiyası) olduğunu unudurlar. İndi ruslar erməni elitasının hər fürsətdə Qərbə meyillənməsini böyük nankorluq adlandırırlar.
Ermənistan rəhbərliyinin, xüsusən də baş nazir Nikol Paşinyanın və onun yaxın çevrəsinin son dövrlərdə xarici siyasətin yenidən formatlaşdırılmasından xəbər verən açıq-aşkar ifşaedici davranışı Rusiyaya ̶ köhnə müttəfiqə xəyanətdən başqa bir şey deyil. Tarix belə erməni nankorluqları ilə zəngindir. Uzun müddət Rusiyanın forpostu olan Ermənistan indi nəzərlərini Qərbə çevirib. İstər döyüş meydanında, istərsə də siyasi arenada ağır məğlubiyyətdən sonra İrəvan özünə yeni ağa axtarır.
Ümumiyyətlə, Ermənistanda “xəyanət” və “nankorluq” anlayışları həmişə həddindən artıq müvəqqəti hesab edilib və aydın konturları olmayıb. Erməni xalqı öz varlığını təmin etmək üçün bütün tarixi boyu yalandan, ikiüzlülükdən çəkinməyib, istənilən qarşıdurmada hər iki tərəfi razı salmağa, iki stulda əyləşməyə çalışıb. Öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) arxa çevirən İrəvan indi də ABŞ hərbçiləri ilə hərbi təlimlər keçirməyə hazırlaşır. Bütün bu anti-Rusiya addımlar azmış kimi, Ermənistan ötən çərşənbə rusiyapərəst bloger Mikael Badalyanı bir neçə həmkarı ilə birlikdə həbs etdi.
Təbii ki, anti-Rusiya əhval-ruhiyyəsini belə nümayişkarəni şəkildə büruzə verməsi Moskvada diqqətlə izlənilir. Rusiyanın İrəvandakı səfirliyi bəyanat yayaraq, vəziyyəti izlədiyini və saxlanılanların taleyindən narahat olduğunu qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da öz Telegram kanalında Mikael Badalyanın Gorisdə həbs olunmasını İrəvanda keçirilən Rusiya ̶ Ermənistan media forumu ilə bağlı növbəti təxribat olduğunu istisna etmədiyini vurğulayıb: “Yatıb yuxuda iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatıdır. Qərb isə buna külli miqdarda pul yatırıb. Açığı, buna yönəlmiş qüvvələr son zamanlar fəallaşıblar.
“Mən “Söz azadlığı hər kəsin mütləq hüququdur” şüarı ilə gələn hökumətin jurnalistlərin təqibinə sanksiya qoyacağını və məlumatların yayılmasının qarşısını alacağını qəbul etmirəm”, – deyə o əlavə edib. Göründüyü kimi, Ermənistanın son addımları Moskvada qıcıq yaradır. Məlumat verilir ki, Badalyanın Rusiya Federasiyasının vətəndaşlığı var, Gevorkyan isə Rusiyanın “Sputnik Ermənistan” xəbər agentliyinin və radiosunun əməkdaşıdır.
Erməni hakimiyyət nümayəndələrinin açıq-aşkar anti-Rusiya qərarları ölkədə birmənalı qarşılanmır. Rusiyanın Ermənistanın taleyini həll edən ölkə olduğunu anlayan erməni ekspertləri bir ağızdan narahatlıqa vurğulayırlar ki, Rusiyaya qarşı nümayiş olunan isteriya İrəvana yaxşı heç nə vəd etmir. Məsələn, şərqşünas Vardan Voskanyan düşünür ki, Rusiya ilə münasibətləri zəiflətməyə və cəmiyyətdə Rusiyaya mənfi münasibətin yayılmasına yönəlmiş hərəkətlər Ermənistanın maraqlarından irəli gəlmir.
“Rusiya dünyanın nüvə dövlətidir və dövləti idarə etmək məsuliyyətinin çiynində olan bir nəfər sağlam siyasətçi bu dövlətlə münasibətləri kəsə bilməz”, – deyə Voskanyan narahatlığını bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Rusiya ilə xüsusilə hərbi-siyasi sahədə daha sıx əməkdaşlığa çalışmalıdır. İrəvan və Moskva arasında qarşılıqlı qınaqların hazırkı mərhələsi ikitərəfli münasibətlərə ciddi zərbə vurur və Rusiya ilə müttəfiqlik münasibətlərinin ümumi məntiqindən çıxış etmir. “Əgər problemlər varsa, onları müsahibə və təbliğat səviyyəsində deyil, hakimiyyətin məntiqinin tələb etdiyi kimi, daxili kanallarla həll etmək lazımdır”.
Regionda qüvvələr balansından az-çox xəbəri olan şəxslər gözəl bilirlər ki, Ermənistanın ABŞ-ın köməyinə ümid etməsi tamamilə mənasızdır. “RİA Novosti”nin köşə yazarı Pyotr Akopov da belə düşünür. Müəllif etiraf edir ki, hərbi münaqişəni dayandıran və Ermənistanı daha böyük məğlubiyyətdən xilas edən Rusiya oldu. P.Akopov qeyd edir ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirir: “Ona görə də, indi rusların öz öhdəliklərini yerinə yetirməməsindən şikayətlənməyin mənası yoxdur. Əgər onlar Moskvanı dinləsəydilər, indiki həsəd aparılmayan vəziyyətə düşməzdilər. Akopov düşünür ki, nə Vaşinqton, nə də Paris Azərbaycanla münaqişə olacağı təqdirdə ermənilərə real yardım göstərməyəcək: “Üstəlik, böyük Amerika strategiyası çərçivəsində Ermənistan heç vaxt yeni İsrailə çevrilməyəcək, lakin o, böyük Amerika oyununda sövdələşmə predmetinə çevrilə bilər”. P.Akopov sonda ermənilərə xəbərdarlıq da edir: “Qərbə köçməklə” Rusiyanı qorxutmağa ehtiyac yoxdur – Moskva bunun tamamilə qeyri-mümkün olduğunu çox gözəl başa düşür. Axı Ermənistan intihar etmək fikrində deyil”.
“Golos Armenii” qəzetinin müxbiri Zara Gevorkyan da yazır ki, Ermənistan rəhbərliyi Moskvanın KTMT missiyasını Ermənistan–Azərbaycan sərhədində yerləşdirmək təklifini nümayişkaranə şəkildə sabotaj edir. Jurnalist yazısında Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun bu günlərdə dediyi sözləri xatırladır: “Təəssüf ki, Ermənistan–Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi barədə qərar yerinə yetirilmədi, lakin təklif qüvvədə qalır”. Zara Gevorkyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın da eyni sözü dediyini xatırladır və ancaq İrəvanın Moskvadan ötürülən “topu” qəbul etmədiyini diqqətə çatdırır: “İrəvan bu “top”a məhəl qoymadı, lakin “gözlənilmədən” NATO proqramı çərçivəsində ərazisində erməni-amerikan hərbi təlimlərinin keçiriləcəyini elan etdi”.
Müəllif yazır ki, belə açıq demarş fonunda NATO-nun İnkişafı üzrə Avropa Komitəsinin sədri Günter Fehlingerin ilk baxışdan absurd təxribat kimi səslənən “Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden Ermənistanı müdafiə edəcək” sözləri o qədər də gülünc görünmür. Təxribatın məqsədi Ermənistanı Rusiya ilə Qərb arasındakı qarşıdurmada hərbi körpü kimi istifadə etmək və onu "ikinci Ukraynaya" çevirməkdirsə... Hətta Qərbə açıq-aşkar istiqaməti olan Gürcüstan belə buna getmədi”–deyə erməni jurnalist əlavə edir. Z.Gevorkyan İranın da ABŞ ilə hərbi təlim keçməsinə mənfi reaksiya verəcəyini ehtimal edir: “Hazırkı partlayıcı vəziyyəti nəzərə alsaq, İranın burnunun dibində NATO təlimlərinə necə cavab verəcəyini söyləmək çətindir. Artıq həmin İran regionda heç bir geosiyasi dəyişikliyə dözməyəcəyini təkrarlamaqdan yorulub və burada regiondankənar hərbi oyunçuların olmasına qarşıdır”.
Bir sözlə, Ermənistan ənənəvi müttəfiqini dəyişməyə hazır olduğunu nümayiş etdirir. Rusiyada İrəvanın addımlarına adekvat cavab verəcəyi şübhə doğurmur. Rusiyalı politoloq Eduard Solovyov Ermənistan–Rusiya media forumu zamanı bildirib ki, münaqişə kontekstində Ermənistan strateji seçim etməli olacaq: “Lakin güc tətbiqi təhlükəsi fonunda Ermənistanın baş naziri Paşinyan strateji diversifikasiyaya diqqət yetirmək barədə bəyanat verir. Bu strateji diversifikasiya ona görə mübahisəli görünür ki, münaqişə şəraitində hələ də strateji seçim etməli olacaq və əhəmiyyətli dalğalanmalar fonunda bu seçim daha da çətin və mürəkkəb şəraitdə aparılacaq”. Yəni, Rusiya aydın və net mesaj göndərir: Ermənistan, bizsiz batarsınız və geosiyasi jonqlyorluq baha başa gələcək.
Səbuhi MƏMMƏDOV
XQ