Cənubi Qafqazda etnik separatizmi qızışdırmaq beynəlxalq hüquqa ziddir
Kanada Cənubi Qafqaz regionundan az qala on min kilometr uzaqlıqda yerləşməsinə baxmayaraq, bölgədə aranı qarışdırmaqda davam edir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, soyqırımı cinayətləri törədən, mülki infrastrukturu məqsədyönlü şəkildə kütləvi surətdə dağıdan, mədəni irsimizi məhv edən, ətraf mühitimizə və biomüxtəlifliyə ziyan vuran, bu gün də Qarabağdakı qondarma rejimin arxasında dayanan Ermənistana hərtərəfli dəstək göstərməyi başqa cür izah etmək mümkün deyil.
Son illərdə, ələlxüsus, Nikol Paşinyanın 5 il öncə Ermənistanda hakimiyyət gəlişindən sonra Kanadanın İrəvana dəstəyi xeyli artıb. Kanada Xarici İşlər Nazirliyi tərəfindən vaxtaşırı Ermənistan–Azərbaycan münasibətləri barədə, Qarabağla bağlı bəyanatlar verilir. Bu ölkə vaxtaşırı vəziyyəti gərginləşdirən təşəbbüslərlə çıxış edir.
Yayılan son məlumata görə, Kanada sentyabr ayında Ermənistanda səfirlik açacaq. “Armenpress” bildirib ki, ölkənin xarici işlər naziri Melani Colinin bu məqsədlə İrəvana səfəri planlaşdırılır. Nazir səfər çərçivəsində Kanada səfirliyinin rəsmi açılışında iştirak edəcək.
Qeyd edək ki, M.Coli erməni diasporunun avqustun 18-20-də Monreal şəhərində keçirilən illik festivalında çıxış edərək Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan etmişdi. “Ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir”, – deyən Coli erməni auditoriyasına bildirmiş və onun təmsil olunduğu hökumətin Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcəyinə eyham vurmuşdu. Nazirin çıxışında Qarabağı “Artsax” adlandırması, təbii ki, erməni diasporunun könlüncə olub.
Kanada həm də Aİ-nin Ermənistandakı missiyasına (EUMA) qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Yeri gəlmişkən, qeyd edək ki, missiyaya “töhfə verən” Avropa ölkələri Avstriya, Cənubi Kipr, Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya və İsveçdir.
Kanada XİN başçısı bu ilin iyulunda bildirmişdi ki, onun ölkəsi məramı Ermənistan və Azərbaycan arasında növbəti müharibənin qarşısını almaq olan (?) Avropa İttifaqının missiyasını dəstəkləmək üçün bölgəyə iki mütəxəssis göndərəcək. İndi isə Ottavanın Azərbaycanla sərhədboyu ərazidə monitorinq aparmaq üçün Ermənistana müşahidəçilər göndərəcəyi məlum olub. Qeyd olunub ki, müşahidəçilər Kral atlı polisindən cəlb olunacaqlar.
Aprel ayında isə xanım Coli demişdi ki, o, Azərbaycanın əsas giriş yolunu bağlayaraq əyalətlə (Qarabağ iqtisadi rayonunu nəzərdə tutur-S.H) bağlı Ermənistanla uzun müddətdir davam edən mübahisəni gücləndirməsindən (?) dərin narahatdır.
***
Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Kanada son illərdə aktiv ermənipərəst siyasət yürüdür və kanadalıların Ermənistana ayaq açmaları da Paşinyanın iqtidara gəlişindən sonraya təsadüf edir. Məsələn, Robert Koçaryanın, Serj Sarkisyanın hakimiyyətdə olduqları dövrdə Kanada–Ermənistan əlaqələri çox zəif idi. Əlaqələrin inkişaf etməsində, Kanadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. Məsələ ondadır ki, Kanada Millətlər Birliyinin (Böyük Britaniyanı və onun demək olar ki, bütün keçmiş dominionlarını, müstəmləkələrini və protektoratlarını özündə birləşdirən suveren dövlətlərin könüllü birliyi-S.H) üzvü olsa da, onun üzərində Fransanın da təsirləri var. Kanada ikidilli və multikultural bir ölkədir. Burada ingilis və fransız dilləri federal səviyyədə rəsmi dillər kimi tanınır. Fransızdilli əhalinin mütləq çoxluq üstünlük təşkil etdiyi əyalət Kvebekdir, qalan əyalətlər və ərazilər əsasən ingilisdillidir.
Bundan əlavə, Kanada nüvəsində Parisin dayandığı və fransız dilinin rəsmi dil olduğu, yaxud əhalisinin önəmli qisminin fransızca danışdığı, Fransa mədəniyyəti ilə tam və ya müəyyən bağlılığı olan ölkələri birləşdirən Beynəlxalq Frankofoniya Təşkilatının üzvüdür. Eyni zamanda, Ermənistan da həmin təşkilatda təmsil olunur. Ermənistan Beynəlxalq Frankofoniya Təşkilatının fransızdilli ölkə olmayan yeganə üzvüdür. Paşinyanın hakimiyyətə gəlişindən bir neçə ay sonra – 2018-ci ilin oktyabrında İrəvanda Frankofoniya Təşkilatının XVII sammiti keçirilmişdi. Sammitdə Kanadanın Baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Kanada və Ermənistan baş nazirləri arasında yaxın dostluq əlaqələri mövcuddur. Güman etmək olar ki, bütün bu amillər Kanadanın ermənipərəst siyasət yürütməsində vacib rol oynayan faktorlardır. Kanada rəhbərliyi Ermənistanın tərəfini tutmaqla Fransa ilə həmrəylik nümayiş etdirmək istəyir. Trüdo özü də frankofondur, yəni soy-kökü fransızdır.
***
Kanadanın adı gələndə istər-istəməz bu ölkənin 44 günlük Vətən müharibəsindəki xoşagəlməz addımları yada düşür. Rəsmi Ottava müharibə zamanı Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Trüdo hökuməti iddia edirdi ki, PUA-larda Kanada texnologiyasından istifadə edilib. 2021-ci ilin aprelində isə “Telemus Systems” şirkətinin ixrac icazəsi ləğv edilmişdi. Nəticədə həm “Telemus SyKanadanın “L3 Wescam” və “Telemus Systems” kimi şirkətlər milyonlarla dollar zərərə uğrayıb.
Bundan əlavə, Vətən müharibəsi zamanı Kanadanın Xarici işlər naziri olmuş Fransua-Filipp Şampan Azərbaycanı ittiham edən bəyanatlar vermişdi.
Kanadanın ermənipərəst mövqeyi Azərbaycanda zaman-zaman etiraza səbəb olub. Bununla bağlı Prezident İlham Əliyev də fikirlərini açıqlayıb. Dövlət başçımız 2021-ci il fevralın 1-də Azərbaycan Televiziyasında yayımlanan müsahibə zamanı Kanadanın koronavirus pandemiyası zamanı əhalisinin sayından dəfələrlə çox vaksin sifariş etməsi məsələsindən danışarkən Ottavanın ermənipərəst mövqeyinə də münasibət bildirmişdi: “Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə, Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər”.
Prezident İlham Əliyev qeyd etmişdi ki, bu, sadəcə olaraq, pandemiya ilə bağlı olan məsələ deyil: “Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır”.
Onu da qeyd edək ki, Kanada özü etnik separatizmdən əziyyət çəkən ölkədir. Kvebek əyalətində vaxtaşırı separatizm meyilləri baş qaldırır. Separatçılar əyalətin Kanadadan ayrılaraq müstəqil dövlət olması məsələsini ara-sıra gündəmə gətirirlər. Hətta, separatçılar 1970-ci ildə əvvəlcə Monrealdakı Böyük Britaniya ticarət missiyasının rəhbərini oğurlamış, sonra isə Kvebekin əmək nazirini qətlə yetirmişdilər. Nəticədə Kanadanın Baş naziri olan Pyer Trüdo (hazırkı baş nazir Castin Trüdonun atası-S.H.) əyalətə qoşun yeritmiş və “Kvebek azadlıq ordusu” adlanan separatçı təşkilatın döyüşçüləri məhv edilmişdilər. Bununla da Kvebekdə etnik separatizm ocağı dağıdılmışdı. Odur ki, Kanada rəhbərliyi onlardan min kilometrlərlə uzaqda yerləşən Cənubi Qafqazda etnik separatizmi qızışdırmamalı, bu yanaşmanın domino effekti verərək, ümumilikdə dünya nizamını sıradan çıxara biləcəyini nəzərə almalıdır.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri
– Ümumən baxdıqda, biz bir sıra Qərb ölkələrinin, o cümlədən, Fransanın, ABŞ-ın Vətən müharibəsi zamanı ermənipərəst mövqe sərgilədiklərini görə bilərik. Yəni, Kanada burada istisna deyil. Kvebek əyalətində güclü erməni lobbisi mövcuddur, erməni diasporunun nümayəndələrinin çox hissəsi məhz həmin əyalətdə yaşayır. Necə ki, məsələn Kaliforniyada bir yer var, ona “Kiçik Ermənistan” deyirlər. Kaliforniyadan olan bir çox konqresmen və senator ermənipərəst mövqedən çıxış edir. Həmin mənzərəni biz Kanadada da müşahidə edirik. Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə Kanadanın xarici işlər naziri olmuş Fransua-Filipp Şampan Kvebekdəndir.
Kanadada əsas iki siyasi qüvvə var. Bunlar mühafizəkarlar və liberallar partiyalarıdır. Həmin partiyalarda erməni meyillilər var, onlar xüsusilə Türkiyəyə qarşı çıxış edirlər. Kanada parlamenti qondarma erməni soyqırımını tanımaqla bağlı 1996, 2002 və 2004-cü illərdə olmaqla 3 dəfə qətnamə qəbul edib. Yəni, bu ölkədə həmişə belə meyillər mövcud olub. Amma eyni zamanda, bunu da qeyd etmək lazımdır ki, ermənilər Vətən müharibəsinin sonuna yaxın Kanadada daha bir cəhd etmişdilər. Onlar Senatda qətnamə qəbul etdirmək istəyirdilər. Qətnamədə Kanada hökumətinə qondarma “dqr”i tanımağa çağırış edilməli idi. Bu qətnamə keçmədi. Yəni, Xarici İşlər Nazirliyinin və digər qurumların bəyanatlarına baxmayaraq, orada müəyyən tarazlaşdırıcı qüvvələr də var.
Səxavət HƏMİD
XQ