Telekanalın ermənipərəstliyi və jurnalistika prinsiplərinə aşkar sayğısızlıq
BBC-nin ardınca CNN də ermənipərəstlik “marafonu”na qoşuldu. Deyəsən, bu iki məşhur media korporasiyasının başqa işi-gücü yoxdur. Bəlkə də yoxdur və bu səbəbdən dünya erməniliyinin mənfəəti naminə “fəaliyyət” göstərməyi özlərinə şərəf bilirlər. Başqa nə deyəsən, nə düşünəsən?
Bəli, BBC kimi CNN də jurnalistika prinsiplərini ayaqaltı etdi. Bunu Qarabağda saxta humanitar böhranla bağlı çağırışın ifadə olunduğu material yayımlayaraq edir. Sanki, birtərəfli təqdimat, gerçəkliyi nəzərə almamaq peşə meyarı imiş. Telekanal yanlış bilgilər ötürməklə, nəinki obyektivliyə xələl gətirir, eyni zamanda, separatizmi, bir növ, leqallaşdırır. Beləliklə, bütün dünya üçün son dərəcə qorxulu tendensiyanın formalaşmasında vasitəyə çevrilir. Həqiqətən, ortada həm CNN, həm də BBC üçün təsvir edilməyəcək dərəcədə rəzil durum var.
Birincisi, CNN hazırladığı materialda Azərbaycanın Laçın yolunu blokadaya aldığını bildirir. Bu, ağ yalandır. Erməni sakinlər yolda maneəsiz hərəkət azadlığına malikdirlər. Təbii ki, Azərbaycanın sərhəd nəzarətinin şərtlərinə əməl etməklə. Hərəkətinə yol verilməyən Ermənistanın “tır” realiti şousuna cəlb olunmuş yük avtomobilləridir. Güman edirik ki, CNN məsələnin şou olduğunu bilməmiş deyil. Bilir, ancaq ermənipərəstlik mərəzi imkan vermir ki, həqiqətlərə işıq salsın.
İkincisi, Qarabağda ərzaq, dərman, yanacaq çatışmazlığı, elektrik enerjisinin vaxtaşırı kəsilməsi halları varsa və bunun yolverilməzliyindən söz açılarkən, insan amili üzərində dayanılırsa, nə üçün həmin insana Azərbaycanın kömək göstərmək niyyəti nəzərə alınmır? Hər halda, CNN separatçıların Ağdam–Xankəndi yolunu kəsmələrindən, ölkəmizin göndərdiyi humanitar yardımı əraziyə buraxmamalarından xəbərdar olmaya bilməz. Çox yaxşı məlumatlıdır, sadəcə olaraq, siyasi oyuna qoşulub. Media qurumunun rəhbərliyinin gözünü jurnalistikaya xəyanətin qazandırdığı dividend tutub. Ondan həzz alır.
Üçüncüsü, görəsən, CNN nəyə görə sosial şəbəkələrdə peyda olmuş, separatçıların ağzı ilə danışan və “türklərin verdiyi unu yemərik” deyən erməni qadını çəkib göstərmir. Göstərməz. Ona görə ki, həmin qadın reportajın müəyyənləşdirdiyi “məqsədə” uyğun deyil. Axı, “məqsəd” birbaşa Azərbaycana yüklənmək, ondan antipod yaratmaqdır. Eynilə 44 günlük müharibənin ilk günlərindəki kimi. Həmin vaxt dünyada elə görüntü formalaşmışdı ki, sanki ölkəmiz işğalçıdır. O zaman işğalçı idisə, indi də insanları ac qoyandır. Hər halda. məqsədin bu “təsəvvürü” aşılamaq olduğu gün kimi aydındır.
Dördüncü məqam. Aclıqdan söz düşmüşkən, deyəsən CNN rəhbərliyinin ermənipərəst dairələrdən aldığı “haqq” o qədər böyük olub ki, telekanal saxta sentimentallığın dozasını, necə deyərlər, kəllə-çarxa çıxarıb. Sən demə, Ani Kirakosyan adlı bir eməni xanım pis qidalanırmış və nəticədə hamiləliyinin ikinci ayında bətnindəki dölün inkişafı dayanıb. Bundan böyük həyasızlıq nümayişi ola bilməzdi ki, ona da CNN imza atdı. Deyəsən, telekanalın rəhbərliyinin məsələsi jurnalistikaya tüpürməkdən alınan həzdən də o tərəfə keçib. Görünür, burada nə isə başqa bir şey də var. “Əgər blokada olmasaydı, mən bu gün uşağımla oynayardım”, – deyən qadın çox güman, heç hamilə də olmayıb. Yaxud erməni separatçılığından “hamilə qalıb” və indi CNN onun ölü “bic”inə “valideynlik etmək” yolu tutur.
Erməni avantürizminin “CNN nağılı”nın növbəti qəhrəmanı Maks Mxitaryan adlı mağaza sahibidir. O, fəryad qopararaq dükanındakı boş vitrinləri göstərib deyir ki, ancaq bal, çörək və araq satır. Sir-sifətindən sərxoşa oxşayan bu məxluq mağazasını bağladığını deyir. Yəqin, separatçılar Maksa dükanın CNN-in materialını “dolğunlaşdırmaq” üçün lazım olduğunu deyiblər. O da əmrə müntəzirdir. Əlqərəz, ortada qurama mənzərənin olduğu aşkardır. Axı, Xankəndidəki boş vitrinlər erməni avantürizminin “təbliğat maşınının”, belə demək mümkünsə, vacib inqridiyentləridir. Həmin vitrinlərin boşluğuna inansaq, indi araq Maksın qəbrinin üstündə içilməli idi. Ancaq murdar sərxoş onu özü həm satır, həm də içir. Üstəlik, balla “zakuska” da edir.
Beşinci məqam. CNN-in materialındakı daha bir qərəz Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, argentinalı hüquq dələduzu Luis Moreno Okamponun hesabatına toxunmaqdır. Yeri gəlmişkən, iki gün əvvəl Okampo yenə də çərənləyib və bildirib ki, ABŞ Qarabağ ermənilərinin soyqırımını dayandırmalıdır. Əvvəlki yazılarımızda bildirmişdik ki, o, həm qondarma hesabatı, həm də çıxışları ilə Birləşmiş Ştatları şantaj edir. Sanki elə görüntü yaradır ki, Vaşinqton Bakı qarşısında acizdir.
Heç şübhəsiz, ABŞ-ı şantaj etmək erməni lobbi və diaspor təşkilatlarının “direktivlərindən” qaynaqlanmış “dəst-xətt”dir. Okampo “ampluasına” sadiqdir və yenə də Ağ Ev Administrasiyasına köklənərək elə görüntü formalaşdırır ki, guya, Birləşmiş Ştatlar erməni soyqırımının gerçəkləşməsinə göz yuman ölkədir. CNN-ə gəldikdə, telekanal qoca dələduzun iddialarını tirajlamaqla, özünün ermənipərəst mövqeyinə yeni rəng çalarları qatmaq yolunu tutur. Görəsən, “ermənilərə qarşı soyqırım törədildiyini düşünmək üçün ağlabatan əsaslar” hansılardır? Nə Moreno, nə də CNN konkret deyil. Onların ağıllarına batan erməni avantürizminə “züy” tutmaqdır.
Altıncısı, CNN Qarabağdakı separatçı rejimi “Artsax hakimiyyəti” adlandırır. Qondarma quruluşun nümayəndələrinin bölgədəki hazırkı durumla əlaqədar “rəylərinə”, “dəyərləndirmələrinə” yer verir. Onlar da bir ağızdan ağlaşma qururlar ki, bəs, Bakı Qarabağ ermənilərinə qarşı soyqırımı həyata keçirməkdədir. Görəsən, CNN bilmir ki, fikirlərinə istinad etdikləri şəxslər kimlərdir? Bəlkə, telekanalın beynəlxalq hüquq prinsiplərindən də xəbəri yoxdur?.. Xəbəri yoxdur ki, həmin hüquqa əsasən, Qarabağ Azərbaycan ərazisidir? Belədə gərək təəccüblənməyək. Axı, BBC və CNN kimi nəhəng media korporasiyaları ədalətsizliklərə həqiqət, reallıq donu biçmək üzrə “peşəkardırlar”.
***
Yeddinci məqam. CNN özü də bilavasitə şantaja keçib. İzah edək necə? Okamponun hesabatına toxunmaq şantajın bir forması idisə, telekanalın materialında yer alan digər xüsuslar nalayiq davranışın digər cəhətlərinin də işə salındığından xəbər verir.
Bəli, ermənipərəstlər CNN vasitəsilə dünyada söz sahibi olan qurumları gözdən salmağa girişiblər. Diqqət yetirək, telekanalın materialında Miçiqan Universitetinin politologiya üzrə professoru Ronald Saninin “fikirlərinə” yer verilib. Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri ilə birbaşa əlaqəda olan bu “professor” tez-tez çərənləyərək, axırda belə qənaətə gəlir ki, Azərbaycan Qarabağ ermənilərini “Artsax”dan qovmaq niyyətindədir.
Ancaq təzad var. Özləri də müəyyənləşdirə bilmirlər ki, Azərbaycan qovmaq istəyir, yoxsa soyqırımı həyata keçirmək? O qədər yalanlar uydururlar ki, onları yığıb-yığışdıra, bir-birilə əlaqələndirməyi bacarmırlar. Hə deyəsən, “professor” bir az “məntiq” tutub. O, iddia edir ki, Bakı xaricdə pis qarşılanacağına görə gücə və zorakılığa əl atmır. Qarabağ ermənilərinin həyatını dözülməz edir ki, özləri bölgədən uzaqlaşsınlar. ABŞ bunu görməli və tədbir görməli, Azərbaycana təpinməli imiş...
Digər yandan, Ağdam–Xankəndi yolunun açılmasına imkan verməyən və insan amilini deyil, avantürizmin davamını üstün tutan Qarabağdakı separatçı rejimdir. Yaxşı, hesab edək ki, erməni bizim üçün etnikdir, axı separatçılar həmin millətin mənsubudur. Əgər, həqiqətən, bölgədə aclıq hökm sürürsə, niyə imkan vermirlər ki, Azərbaycanın humanitar yardımı ünvanına yetişsin? Humanitar hay-küy qoparan CNN-in üzərində dayanmalı olduğu sadə məntiq budur. Ancaq Sani kimi fırıldaqçı professorlara tribuna verir. Sual yaranır: Bakı Qarabağ ermənilərini aclıqla sınağa çəkib onların bölgəni tərk etmələrini istəyirsə, nə üçün Xankəndiyə un göndərir? CNN etnik separatizmin və millətçiliyin xəstə təfəkkür tərzi olduğunu və tarixin heç bir dövründə milləti və xalqı nəzərə almadığını da bilməmiş olmaz. Bilir və hazırkı “fəaliyyəti” ilə Azərbaycanın boynuna qoymaq istədiyi bəşəri cinayətin ortağına çevrilir.
***
Səkkizincisi, CNN Qarabağda humanitar böhran şousunun bəy tərifinə hesablanmış materialında özünün bəşəri cinayətə ortaqlığını “zənginləşdirməyi” də unutmur. Məsələn, sujetdə Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stanonun yaramaz mövqeyinə, eləcə də ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsinin telekanal üçün hazırladığı yazılı şərhinə yer verilir. Onların hər ikisi tutuquşu kimi təkrarlayıblar ki, bəs Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin tam bərpası vacibdir. Sən demə, Azərbaycan bu çağırışlara məhəl qoymurmuş. Niyə?
Hə bax, məhz bu məqamın özü də CNN-in növbəti, daha qlobal miqyaslı şantajı kimi qiymətləndirilə bilər. Görünür, erməni avantürizminin beyin qıcqırması telekanala keçib. Baxın, bir neçə gün əvvəl Qarabağdakı separatçı rejimdə tutduğu saxta “prezident” postundan istefa verən Arayik Arutyunyan CNN-in efirində deyir ki, Avropa İttifaqının və ABŞ-ın bölgədəki duruma reaksiyasından məyusdur və eyni zamanda, belə nəticəyə gəlib ki, onların hərəkətsizliyinin səbəbi geosiyasi mahiyyət daşıyır. Yəqin, Arayikin fikrini əsaslandırmaq üçün nələri dilə gətirdiyini təxmin etdiniz.
Azərbaycanın dünya enerji bazarında oynadığı rol və sair. Yəni, erməni polittexnologiyasının ənənəvi “tezisləri”. CNN isə Arutyunyanın vay-şivəni fonunda arqumentlər tapıb – 2022-ci ilin iyulunda Aİ 2027-ci ilə qədər Azərbaycandan qaz idxalını iki dəfə artırmağa razılaşıb. Deməli, belə çıxdı ki, enerji maraqları insan amilini ikinci plana atdı. CNN böyük ittiham irəli sürür. Belə ciddi ittihama imza atanların bəsitliyini sübuta yetirməyə ehtiyac yoxdur. Çox güman, qurumun rəhbərliyində oturanların düşüncəsi budur– Aİ Azərbaycandan qazanırsa, biz də ermənilərdən qazanaq...
***
Nəhayət, CNN-in saxta təəssübkeşlik notlarına və yalançı sentimentallığa söykənmiş reportajı Qarabağın erməni sakini Anahit Karaqazaryanın “ümidimizi itiririk. Dünya bunu görməzdən əvvəl daha nə qədər insan ölməlidir?” fikirləri ilə yekunlaşır. Əlbəttə, telakanal həm bu Anahit, həm də neçə-neçə anahitlər, aşotlar, vazgenlər üçün ölüm hökmünün çıxarılması prosesində iştirak etdiyinin fərqində deyil. Fərqində deyil ki, separatçılığa bu qədər dəstək verməsi, ona beynəlxalq ictimai rəydə leqallıq libası biçməsi Qarabağda dinc birgəyaşamın formalaşmasına tamamilə ziddir. Əgər CNN bölgə ermənilərinin ev-eşiklərini tərk etmələrini istəyirsə, buyurub daha bir repartaj hazırlasın.
Dünyanın Azərbaycana təzyiq göstərməsini hədəf seçən belə təqdimatlar dövlətimizin və xalqımızın əbədi və əzəli Azərbaycan torpağı olan Qarabağı separatizmdən hürr görmək əzmini sarsıtmayacaq, əksinə qüvvətləndirəcək. CNN və onun kimi media orqanlarının qərəzli yanaşmaları isə Qarabağ separatçılarındakı illüziyanı dərinləşdirəcək. O illüziyanı ki, onun avantürizmin yeni, əvvəlkindən də azğın təzahür formalarına yol açdığı şübhəsizdir. Deməli, Azərbaycan üçün qüvvətlənmək, prinsipiallığa sadiqlik şərtdir. CNN, eləcə də digər sülh qaranquşu cildinə girmiş timsahlar ölkəmizi günahlandırmaqdansa, bunu anlamalıdırlar ki, gözlərindəki yaş anahitlərin timsalında sadə erməniləri avantürizmə yem etdiklərinə görə axır.
Ə.CAHANGİROĞLU
XQ