Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə nazir K.Heydərov TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin ölkəmizə səfərinin və bu səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin təşkilat çərçivəsində fövqəladə hallarla mübarizə üzrə əlaqələrin dərinləşməsinə təkan verəcəyinə əminliyini bildirib.
Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması mexanizmlərinin daim təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edən nazir bu kontekstdə TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsinin aktual əhəmiyyət kəsb etdiyini deyib. TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılmasının təşkilata üzv və müşahidəçi ölkələrdə fövqəladə hallarla mübarizənin daha etibarlı səviyyədə təşkil olunmasına şərait yaradacağı vurğulanıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasının əhəmiyyətini vurğulayıb.
XQ