Müsahibimiz fəlsəfə elmləri doktoru, professor, siyasi şərhçi Mübariz Məmmədlidir
– Professor, bölgədə mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
– Bu gün Cənubi Qafqazda hərbi-siyasi gərginliyi artıraraq burada yeni müharibə ocağı yaratmaqda maraqlı olan qüvvələr var. Onlar son vaxtlar çox fəallaşıblar. Xüsusilə Fransa açıq-aşkar mürtəce, imperialist mövqe sərgiləyir.
Lakin bu bədxah cəhdlər əbəsdir. Azərbaycan dövləti regionda beynəlxalq hüquqa və normalara, humanist və ədalətə əsaslanan prinsipial siyasət həyata keçirir. Qardaş Türkiyə və onun müdrik lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyir. Ölkəmizin dostları da bizimlə həmrəydir.
– Böyük güclərin son dövrdə regiona artan marağı nə ilə bağlıdır?
– Bilirsinizmi, Cənubi Qafqaz özünün yeraltı və yerüstü sərvətləri ilə zəngin olduğu üçün böyük dövlətləri daim özünə cəlb edib. 1990-cı illərin əvvəllərində Sovetlər Birliyi dağılandan sonra Azərbaycan, Gürcüstan və Ermənistanın həyatında gərgin ictimai-siyasi proseslər baş verdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində uğurlu işlər görüldü. Ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Görünən budur ki, Azərbaycan Cənubi Qafqazdakı hər iki qonşusu ilə müqayisədə daha çox sabitlik nümayiş etdirə bildi. 2020-ci ilin payızında 44 günlük şanlı savaşda xalqımızın düşmən üzərində parlaq qələbəsi ölkəmizin nüfuzunu birə-on artırdı.
– Bakı diplomatik sahədə də fərqlənir, deyilmi?
– Əlbəttə, belədir. Azərbaycan son otuz ildə uğurlu xarici siyasət kursu həyata keçirir. Rusiya ilə olan münasibətlər, istərsə də Amerika Birləşmiş Ştatları ilə olan münasibətlərimiz, eləcə də Avropa və Yaxın Şərq ölkələri ilə əməkdaşlığımız qarşılıqlı inam və etimada əsaslanır.
Bir sıra böyük dövlətlər bizim ərazimizdən öz maraqları üçün faydalanmağa cəhd ediblər. Rəsmi Bakı hər dəfə qətiyyətlə “yox” deyib. Azərbaycanın rəhbəri bildirib ki, ölkəmizin ərazisi üçüncü bir ölkəyə qarşı istifadə edilə bilməz. Bu, bizim üçün yolverilməzdir!
Azərbaycan bu siyasətində sabitdir. Amma Ermənistanın başçıları böyük dövlətlərin təzyiqlərinə dözə bilmirlər, bu ölkədən qonşularına qarşı bir alət kimi istifadə edirlər. Təəssüf ki, ermənilər reallığı düzgün qiymətləndirə bilmirlər.
– Hazırda regionda ən çox Fransa destruktiv qüvvə rolunda çıxış edir. Parisin niyyəti nədir?
– Afrikada Rusiya və Çinə uduzan Makron Fransası nədənsə Cənubi Qafqazda əzələ nümayiş etdirməyə, bununla da özünü beynəlxalq güc kimi təqdim etməyə çalışır.
Fransanın aktivliyinin daxili səbəbləri də var. Bu, ilk növbədə, ölkədə keçiriləcək seçkilərlə bağlıdır. Oradakı siyasi dairələr ermeni elektoratdan müəyyən dəstək qazanmaq istəyir.
Görürsünüzmü, Fransa Laçın yolu ilə bağlı ardı-arası kəsilmədən əsassız bəyanatlar verir. Paris, Marsel və Strasburq şəhərlərinin merlərinin humanitar yük toplayıb Qarabağ əhalisinə göndərmələri siyasi şoudan başqa bir şey deyil.
Qlobal media anti-Azərbaycan isterikasını körükləyir. Bizim BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev ermənilərin Xankəndidə öz keflərindən qalmadığı barədə sübutlar nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdikləri vəhşiliklər barədə hazırda nə danışan, nə də yazan var.
– Görünür, erməni lobbisi fransız siyasətçilərinə “hədsiz səxavət” göstərir...
– Haqlısınız. Paris meri Madam İdalqo növbəti prezident seçkilərində öz namizədliyini irəli sürmək fikrindədir. Ermənilər ona şahmat taxtası üzərindəki piyadalar kimi lazımdır. Merin niyyəti erməniəsilli seçicilərin səsini qazanmaqdır.
Üstəlik, Marsel və Strasburq şəhərlərinin merləri də erməni lobbisinin xərclədiyi pullara adekvat hay-küy salırlar. Yəni, Fransanın öz maraqları var. Bəllidir ki, indi Fransa vaxtilə dünyada qazandığı hörməti itirib.
Bugünkü Fransanın siyasəti nə Jak Şirakın, nə Mitteranın, nə Şarl De Qollun siyasətidir. İndi bu ölkəni Makron kimi səriştəsiz və qərəzli siyasətçilər yönəldir. Ona görə də Fransa özünə dünya xalqları arasında hörmət qazana bilməz.
Mən sizə bir faktı deyim. 2015-ci ildə Parisdə idim. Bilirsiniz ki, Paris dairələrə bölünüb. Beşinci dairənin departamentində bizim nümayandə heyətindən bir nəfərin çantası oğurlandı və içində telefonları, bank kartları getdi.
Yəni, bu Parisdə baş vermişdi. Dedilər ki, Parisdə oğurluq halları tez-tez baş verir. Bu gün Fransada milli-etnik, sosial zəmində kəskin etiraz aksiyaları keçirilir. Ölkədə cinayətkarlıq yüksələn xətlə inkişaf edir. Ermənilərin sıx, kompakt yaşadığı Marsel şəhəri dünyanın ən qorxulu şəhərlərindən birinə çevrilib.
Demək istəyirəm ki, Fransa hökuməti öz problemlərini qoyub Cənubi Qafqaz xalqlarına dərs verməyə çalışır.
Söhbəti qələmə aldılar:
Ceyran CƏFƏRLİ,
Məsaim ABDULLAYEV
XQ