BMT Rusiya tərəfinin “Taxıl sazişi”ni bərpa etmək üçün bütün şərtləri ilə razılaşmağa hazırdır. Bu barədə Almaniyanın “Bild” nəşri BMT-nin Baş katibi Antonio Quterreşin avqustun 28-də Rusiya xarici işlər naziri Sergey Lavrova göndərdiyi məxfi məktubuna istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, məktubda Quterreş Lavrova BMT Katibliyi ilə Rusiya Federasiyası arasında dörd təməl prinsip əsasında saziş qurmağı təklif edib. Bu sazişin köməyi ilə “Qara dəniz təşəbbüsünü” bərpa etmək olar.
Məqalədə qeyd olunur ki, onların həyata keçirilməsi əvvəllər Rusiya tərəfinin irəli sürdüyü bütün tələblərin yerinə yetirilməsinə gətirib çıxaracaq. Belə ki, BMT Baş katibi 2022-ci ilin iyun ayında SWIFT maliyyə əməliyyat sistemindən çıxarılan “Rosselxozbank”a qarşı Aİ-nin maliyyə sanksiyalarını ləğv etməyi təklif edir.
Bundan əlavə, “Bild”-in məlumatına görə, Quterreş Lavrova yazdığı məktubda BMT-nin “Rusiya gəmilərini Azov və Qara dənizlərdə Ukraynanın hücumlarından 4-6 həftə ərzində sığortalamağa” hazır olduğunu dilə gətirib və bunu böyük sığorta şirkəti “Lloyd’s”un iştirakı ilə mümkün olduğunu qeyd edib. Quterreş, həmçinin Rusiya gübrə şirkətlərinə dondurulmuş aktivlərinin Aİ-yə qaytarılması ilə bağlı yardım təklif edib.
Nəhayət, məktubda Baş katib qeyd edib ki, BMT nümayəndələri artıq Avropa Komissiyası, eləcə də Almaniya, Belçika, İspaniya və Niderlandın hakimiyyət orqanları ilə qida və gübrə daşıyan Rusiya gəmilərinin Aİ limanlarına çıxışını bərpa etmək üçün danışıqlar aparıblar. Qəzetin yazdığına görə, Rusiya rəhbərliyi hazırda BMT-nin təkliflərini öyrənir.
XQ