Bu gün Azərbaycan milli futbol komandası final mərhələsi 2024-cü ilin yayında Almaniya stadionlarında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində dördüncü dəfə meydana çıxacaq. Rəqibimiz brüsselli qonaqlar, beynəlxalq futbol dairələrində adı hörmətlə çəkilən Belçika yığmasıdır. “Dalğa Arena”da görüşə saat 17-də start veriləcək. Oyunda ədaləti Nenad Minakoviçin başçılığı ilə serbiyalı hakimlər briqadası qoruyacaq.
Turnir cədvəlində tərəflərin göstəriciləri fərqlidir. Təbii ki, onların düşərgələrində əhval-ruhiyyə də müxtəlifdir. Martda seçmə yarışlarının start görüşlərində Avstriya və İsveçdən evə ağır məğlubiyyətlərlə (müvafiq surətdə 1:4 və 0:5) qayıtmış Azərbaycan futbolçuları yayın əvvəlində “doğma divarlar” arasında Estoniya ilə oyunda da ümidi doğrultmamış, yalnız heç-heçə ilə kifayətlənmişlər (1:1), hərçənd həmin axşam pərəstişkarları komandadan qələbə gözləyirdilər. Üç görüşdə cəmi 1 xal, əlbəttə ki, bizi qane edə bilməz. Üç oyunda 7 xal qazanan Belçika isə öz göstəricisindən tam razı olmasa da, hər halda, Avstriyanın (4 oyun, 10 xal) başçılıq etdiyi turnir cədvəlində ikinci mövqedədir.
Azərbaycan millisinin italyan baş məşqçisi Canni De Byazinin öz futbolçularını ağır “Belçika sınağına” necə hazırlaşdırdığını oyunun gedişində müəyyən edə biləcəyik. Amma rəqib nə qədər möhkəm komanda kimi tanınsa da, ona qarşı layiqli mübarizə aparmaq, uğurlu nəticəyə nail olmaq mümkündür. Artıq zəif oyunlar seriyasını dayandırmaq lazımdır. Hətta qələbələrin hesabını açmaq vaxtının çatdığını da düşünə bilərik.
Xarici klublarda çıxış edən milli futbolçularımız Mahir Emrelinin Xorvatiyada Zaqreb “Dinamo”su heyətində, Musa Qurbanlının İsveç çempionatında “Yurqorden”in tərkibində, Ramil Şeydayevin Tailandda son vaxtlar yaxşı snayper keyfiyyətləri nümayiş etdirmələri futbol həvəskarlarımıza bugünkü oyuna daha ürəklə, daha böyük gözlənti ilə getmək üçün az əsas vermir. Deməli, ümidimizi itirməyək.
Onu da xatırladaq ki, hələlik komandamızın hesabında cəmi 2 qol var. Erkən baharda yarımmüdafiəçi Emin Mahmudov Avstriya matçında fərqlənmiş, yayın əvvəlində müdafiəçi Anton Krivotsyuk Bakıda Estoniya ilə görüşdə yaddaqalan baş zərbəsi ilə hesabı bərabərləşdirmişdi. İndi isə sentyabr ayındayıq. Qızıl payıza yaxşı oyun və yaxşı nəticə ilə başlamaq pis olmaz.
Bu axşam komandamızın çıxış etdiyi “F” qrupunda daha bir görüş olacağını da diqqətinizə çatdıraq. Estoniya futbolçuları isveçli rəqiblərini qəbul edəcəklər. Azərbaycan yığması da oktyabrın 13-də növbəti oyunda Estoniyanın qonağı olacaq.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist