Paşinyana yaxın “Baqramyan 26” teleqram kanalının iddialarına sözardı
Əslində, bir müddətdir ki, bununla bağlı söz-söhbətlər gedirdi. Ermənistanın hökumətyönümlü “Baqramyan 26” teleqram kanalı isə, sanki, nöqtəni qoydu. Kanal iddia etdi ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Ermənistanda çevriliş həyata keçirmək istəyir. Bu istəyin nə dərəcədə mümkünlüyünə diqqət yetirəcəyik. Amma başqa məqamlar da var. Əvvəlcə “Baqramyan 26”nın xəbərindəki bəzi təfərrüatları gözdən keçirək.
Kanal bildirir ki, “Vaqner”in sabiq rəhbəri Yevgeni Priqojinin ölümündən əvvəl Ermənistanda 3 minə qədər “vaqnerçi” olub. Sonradan onlara, əsasən, Rostovdan 2 minə yaxın müqaviləli əsgər qoşulub. Bu əsgərlərin əksəriyyəti etnik ermənilərdir. Məlumata əsasən, hazırda Ermənistanda “vaqnerçi”lərin ümumi sayı 12 min nəfərə çatır və sentyabrın 6-da onlara hərəkətə keçmək əmri verilib.
“Baqramyan 26” onu da bildirir ki, çevrilişə hazırlaşan Rusiyanın Ermənistan ordusunda, həmçinin kəşfiyyat xidmətlərində və polisinin yüksək rəhbərliyində agentləri var. Orta və aşağı səviyyələrdə Moskvaya simpatiyası olanlar azdır. Maraqlıdır ki, teleqram kanalı başqa detallardan söz açmır. Yəni, “Vaqner” Ermənistandadırsa, necə və nə cür hərəkət edəcək, hansı planı gerçəkləşdirəcək ki, çevriliş baş tutsun, – bunlar müəmmadır. Elə əsas məsələ də budur...
***
“Baqramyan 26” gücü yalnız siyasi ritorikaya verir. Teleqram kanalının yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiyanı strateji tərəfdaş seçməsinin səhv olduğunu bildirməsi və Kremli Qarabağ məsələsindəki razılaşmalara xilaf çıxmaqda günahlandırması dövlət çevrilişi ssenarisi üçün əsas yaradıb. Sual olunur: Nikol Rusiyanı nə vaxt tənqid etməyib ki? Məgər erməni baş nazirin indiki tənqidləri əvvəlkilərdən daha sərtdir? Əlbəttə yox. Bəs, belə söz-söhbətlər, yəni, Kremlin, guya, “Vaqner” döyüşçülərindən yararlanaraq Paşinyanı və onun komandasını hakimiyyətdən uzaqlaşdırması xəbəri nə üçün məhz indi yayılır? Doğrudanmı, Rusiya Prezidenti Vladimir Putinin səbrini daşdıran “son damla” erməni-amerikan hərbçilərinin birgə təlimləri olub?
Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri Suren Papikyan bir neçə gün əvvəl özünün sosial şəbəkə hesabında həmin təlimlərdən fotolar paylaşmışdı. Təsəvvür edin, Paşinyan Ermənistanın üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsində hərbi təliminin keçirilməsindən boyun qaçırır, ancaq ABŞ hərbçiləri ilə əlbirdir. Anlamaq olmur ki, Papikyan fotoları bölüşməklə nəyi nümayiş etdirdi, nə demək istədi? Bilmirdi ki, belə hərəkət qıcıq doğuracaq? Hər halda bilməmiş olmazdı. İlk baxışdan, nəticəyə gələk ki, Papikyan “vaqnerçi”lərin mümkün həmlələrinə qarşı hazırlığı göstərib və erməni hökumətinin arxasında Birləşmiş Ştatların dayandığı mesajını verib. Ancaq bu, kiçik ehtimaldır. Yazımızdakı başqa təfərrüatlar kontekstində bilmək mümkün olacaq ki, bu ehtimal niyə böyük deyil...
Növbəti məqama keçid alaq. Ermənistanda İrəvan meriyasına seçkilər öncəsi təşviş yaşanır. Nəzərə alaq ki, seçkilər Paşinyanın komandası üçün mühüm əhəmiyyət daşıyır. Paytaxtda hakimiyyəti itirmək iqtidarı əldən verməkdir. Başqa sözlə desək, prosesdə məğlubiyyət hakimiyyətə alternativ yaradılması reallığını doğurur. Bu isə perspektiv üçün iflas ssenarisinin başlanğıcıdır. Ona görə də Paşinyan komandası seçkini mütləq qaydada udmağa məhkumdur.
Rusiyanın seçkiyə təsir etməsi mümkündürmü? Bəli, mümkündür. Kreml istəyər ki, İrəvan meriyasında rəhbərliyə özünə yaxın adamlar gəlsin. Lakin Rusiya hazırkı əlverişsiz durumda istəyini çevrilişlə gerçəkləşdirmək fikrinə düşərmi? Özü də bilə-bilə ki, Ermənistanın ictimai rəyində ona münasibət bir o qədər müsbət deyil. Hər halda belə bir çevriliş reallaşdırmaq baxımından, tamamilə əlverişsiz vəziyyətin mövcudluğu şübhəsizdir. Baxmayaraq ki, Paşinyandan narazılar da az deyil.
***
Həm seçkidə qalib gəlməyin mütləqliyini, həm də özünün anti-Rusiya ovqatını nəzərə alaraq deyə bilərik ki, “Vaqner”in çevriliş məsələsi Ermənistan hakimiyyətinin öz uydurmasıdır. Məqsəd Rusiya təsirini neytrallaşdırmaq, əhalini Moskvanın özbaşınalığı məntiqinə kökləməklə mümkün təhlükələrdən qurtulmaq, bu istiqamətdə immunitet formalaşdırmaqdır. Digər tərəfdən, bu uydurma Nikola seçki uğursuzluğu zamanı sərt addımlara əl atmaq imkanı da verə bilər. Onun çevriliş bəhanəsi ilə güc tətbiqinə getməsi və neqativ durumu öz xeyrinə çevirmək istəməsi ağlabatandır.
Neqativ duruma gəldikdə isə, “Baqramyan 26” ondan da bəhs edir. Ancaq teleqram kanalı nisbətən yan ritorikaya söykənərək onu da bildirir ki, hazırda Rusiyanın Paşinyanı əvəz etmək üçün layiqli namizədləri yoxdur, eyni zamanda, İrəvan və ətrafında çoxsaylı hərbi birləşmələrin yerləşdirilməsi Nikolu hakimiyyətdən salmaq məsələsində uğur ehtimalını xeyli dərəcədə azaldır.
Maraqlı məqamlardan biri də budur ki, “Baqramyan 26” əsas diqqətin Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttində və iki ölkənin sərhədində sabitliyin pozulmasına yönəldiyini vurğulayır. Əslində, bu mesaj ümumi mənzərəyə uyuşmuş kimi görünmür. Yazının sonunda fikrimizə ətraflı aydınlıq gətirəcəyik. Hələlik isə...
“Baqramyan 26” İrəvan şəhərinin meri vəzifəsinə rusiyayönlü şəxslərin – Mane Tandilyanın (Ruben Vardanyanın namizədi – red.), Ayk Marutyanın (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin namizədi – red.), Andranik Tevanyanın (ikinci Prezident, "Ermənistan” fraksiyasının lideri Robert Köçəryanın namizədi) namizədliyinin irəli sürülməsi üzərində dayanır. Bu, həqiqətən də belədir. Çünki siyasi qısırlıq dövrünü yaşayan ölkənin ictimai rəyində Nikolun komandasına alternativ çıxaracaq başqa lider yoxdur. Əslində, adları çəkilənlər də liderlik baxımından xeyli axsaqdırlar. Erməni xalqının onlara etimad göstərəcəyi inandırıcılıqdan uzaqdır. Deməli, Paşinyanın bu adamlardan qorxduğu, yaxud çəkindiyi bir o qədər real görünmür.
***
Bütün bu söylədiklərimizin fonunda ortaya əvvəlki mülahizələrdən irəli gələnləri tamamilə alt-üst edən daha böyük sual çıxır: “Baqramyan 26” iz azdırmır ki? Hər halda toplam 12 min “vaqnerçi” kiçik rəqəm deyil. Bu adamlar Ermənistana daxil oldular və ölkənin hüquq-mühafizə orqanları məsələnin fərqinə varmadı? Onların silah-sursatı yoxdurmu? Silahı ölkəyə necə keçiriblər? Yaxşı, bəs “Baqramyan 26” məsələdən hansı yolla xəbər tutub?
İki versiya var. Birincisi, əgər “Vaqner”, həqiqətən, Ermənistandadırsa və çevriliş etmək istəyirsə, o zaman İrəvan onları tələyə salmağı düşünüb. Buna görə əvvəlcədən heç bir maneə törətməyib, indi hay-küy qoparmağa qalxıb və niyyəti Rusiyanı rüsvay etməkdir. Ancaq bu versiya bir o qədər ağlabatan deyil. Onda ikincinin üzərində dayanaq. Bu zaman ortaya tam yeni suallar çıxır.
Necə müəyyənləşdirək ki, “Vaqner”i Ermənistana çağıran Paşinyanın özü deyil? Və bu sualı ünvanlayarkən, Ermənistandakı seçki fonunda Qarabağ cəbhəsini cənginə almış gərginlik barədə düşünək. Necə deyərlər, bıçaq sümüyə dirənib, havadan barıt qoxusu gəlir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri də sözümüzün təsdiqidir. O bildirir ki, Ermənistan sərhədə qoşun cəmləşdirib, Qarabağdakı erməni hərbçiləri kazarmaları tərk edib və ön cəbhəyə keçiriliblər.
Təsəvvür edin, Ermənistanda çevriliş təhlükəsi var və hərbçilər ön cəbhəyə göndərilirlər? Bu mümkündür? Nəticəyə gəlinir ki, 12 min “Vaqner” döyüşçüsünün hədəfi heç də Paşinyan iqtidarı deyil, elə Azərbaycandır. Daha doğrusu, məqsəd Qarabağdır. Hər halda indiki durumda canlı qüvvə baxımından İrəvana nə Fransa, nə də digər dünya ermənipərəstləri dəstək göstərəcək. Bu, gün kimi aydındır. Digər tərəfdən, nəzəri baxımdan yanaşsaq, “Vaqner”in Qarabağ cəbhəsində uğursuzluğu heç nədir. Yəni, Rusiyanın bu hərbi birləşmədən imtina təcrübəsi var. Moskvada, sadəcə, onu deyə bilərlər ki, “vaqnerçilər” onlarlıq deyil və bununla da Azərbaycanla münasibətlərin əvvəlki axarını saxlamağın mümkünlüyünə ümid bəsləyərlər...
Şansı çox az olan uğur müqabilində isə “qəhrəman Artsax xalqı” obrazı canlandırılacaq. Necə ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq canlandırılırdı. Bu yerdə bir məqamı da vurğulayaq ki, uğursuzluq yaşansa, Ermənistanda 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatından sonrakı duruma bənzər gərgin ab-havanın formalaşması labüddür. Məhz bu fonda “Vaqner”in hədəfinin Paşinyan olacağı qaçılmazdır. Nəzərə alaq ki, hər bir halda Qarabağ avantürasına tam son qoyulmasını xəstə erməni cəmiyyəti heç bir hakimiyyətə, o cümlədən Nikol və komandasına bağışlayan deyil. Belədə Rusiyanın Qarabağı itirməklə də olsa, Ermənistanı yenidən qazanmağa ümid bəsləməsi mümkündür.
***
Sonda ümumiləşdirmə aparsaq belə nəticəyə gələ bilərik ki, “Vaqner” və Ermənistanda çevriliş məntiqi “Qarabağ kartı” ilə birbaşa bağlıdır. Bu bağlılıq, ümumən, Cənubi Qafqaz siyasi akvatoriyasındakı gərginliyin hazırkı akkordlarını müəyyənləşdirməkdədir. Mövcud durumda Azərbaycanın hansı addımlar atacağı çox maraqlıdır.
Heç şübhəsiz, ölkəmiz həm hərbi, həm də diplomatik müstəvidə, necə deyərlər, tam ayıq-sayıqdır. Rəsmi açıqlamamız da var: Ordumuz yeni tədris ili ilə bağlı hərbi təlimlərə start verib. Yəni, ümumən, Ermənistan və Qarabağdakı separatçılıq bizim üçün dərsdir. Oxuyub-bitirmək üzrə olduğumuz, sonuncu səhifələrini varaqladığımız dərs.
Ə.RÜSTƏMOV
XQ