Erməni diasporunun pulla ələ aldığı Beynəlxalq Cinayət Məhkəməsinin 2003-2012-ci illərdə baş prokuroru olmuş Luis Moreno Okampo Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir. Nəinki davam etdirir, hətta genişləndirir. O, Ermənistanın media orqanlarına tez-tez müsahibələr verir, xaricdə Azərbaycan əleyhinə keçirilən tədbirlərə böyük həvəslə qatılır.
Okampo belə müsahibələrdən birini bugünlərdə “Amerikanın səsi”nə verib. Müsahibəni “Novosti–Armeniya” beynəlxalq informasiya agentliyi də öz səhifəsində yerləşdirib. O, müsahibə zamanı yenə ölkəmizə böhtanlar atıb. Deyib ki, dövlətlər Qarabağdakı “soyqırımı” tanımaq istəmirlər. Çünki bunu etsələr, müəyyən hərəkətlərə əl atmalı olacaqlar. “BMT Təhlükəsizlik Şurasında hər ölkə öz maraqlarını qoruyur, lakin onların bu məsələdə heç bir marağı yoxdur. Hüquqi baxımdan hər şey aydındır. Bu, siyasi baxımdan çətindir, çünki ABŞ İranla münaqişə çərçivəsində Azərbaycanı dəstəkləyir. Avropanın regionun enerji resurslarına ehtiyacı var. Beləliklə, hüquqi reaksiyaya təsir edən bir çox siyasi maraqlar var”, – deyə Okampo bildirib.
Okamponun sayıqlamaları bununla bitməyib. Onun fikrincə, ABŞ, Rusiya və Fransa Qarabağ məsələsində razılığa gələrək Azərbaycana təzyiq göstərə və Laçın yolunun açılmasına tez bir zamanda nail ola bilərlər. Əlavə edib ki, bu, ən sadə yoldur.
Okamponun müsahibəsini oxuduqca bu insanın iyrənc fantaziyası barədə düşünməyə bilmirsən. Yaxud da, görünür, ermənilərdən aldığı pullar onu elə vəziyyətə salıb ki, artıq gözü ayağının altını görmür. Fakt budur ki, Ermənistan Qarabağla bağlı məsələni avqust ayında BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmışdı. TŞ-nin əksər üzvləri əsasən ermənipərəst dövlətlərdən ibarətdir. Bununla belə, məsələni diqqətlə incələyən dövlətlər Azərbaycanın beynəlxalq hüquqa zidd addım atmadığını görərək müzakirələrdə də buna əsaslanan yanaşma nümayiş etdirdilər.
Sabiq prokuror ermənilərə məsləhət verməyi də unutmayıb. Onun sözlərinə görə, əgər ABŞ, Rusiya və Fransanın Qarabağ məsələsində razılığa gələrək Azərbaycana təzyiq göstərməsi ideyası işə yaramasa, təbii ki, əhalinin təminatını hava yolu ilə həyata keçirmək variantı var: “Amma mən hesab edirəm ki, bu, B planıdır”.
Onu da bildirək ki, Luis Okampo sentyabrın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos adına İnsan Haqları Komissiyasında Qarabağın “blokadası” məsələsi ilə bağlı dinləmələrə qatılıb. O, Qarabağdakı “böhranlı vəziyyətlə” bağlı “ekspert rəyi”ni təqdim edib. Avqust ayında isə argentinalı hüquqşünas ermənilərdən pul alaraq onların xeyrinə 28 səhifəlik “ekspert rəyi” hazırlamışdı.
Ümumiyyətlə, Okampo pula həris birisidir. Bir neçə il öncə ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında başabəla prokuror Beynəlxalq Cinayət Məhkəməsindəki maaşının onun üçün kifayət etmədiyini bildirmişdi. Azərbaycan əleyhinə qərəzli ekspert rəyinin müəllifi dəfələrlə qalmaqalların mərkəzində olub, manipulyasiyalarda və hüquq normalarının pozulmasında şübhəli bilinib. Okampo əsas işindən əlavə ofşor maliyyə fəaliyyəti ilə məşğul olub, həmçinin Müəmmar Qəddafi rejimi ilə yaxın əlaqələri olan liviyalı iş adamına məsləhət verməkdə şübhəli bilinib. “Financial Times” Fransanın “Mediapart” araşdırma saytının materiallarına istinadən yazır ki, Luis Moreno Okamponun məhkəməsiz qətllərdə və digər cinayətlərdə ittiham olunan liviyalı iş adamı Həsən Tatanaki ilə münasibəti 40 min sənədin sızmasından sonra məlum olub.
Okampo deyib ki, o, Tatanakiyə Liviya daxilindəki məsələlərlə, məsələn, vətəndaş müharibəsinin dayandırılması ilə bağlı məsləhətlər verib. “Sənədlərə görə, Moreno Okampoya üç il ərzində hər il 1 milyon dollar, üstəgəl gündə 5 min dollar ödənməli idi. Bildirilir ki, üç aydan sonra müqaviləyə xitam verilib, keçmiş prokuror isə 750 min dollar qazanıb”, – nəşr qeyd edir.
H.Tatanaki Liviyada keçmiş diktatorun oğlu Seyf əl-İslam Qəddafi ilə əlaqələri olan tanınmış simadır. 2007-ci ildə onlar qədim Kirena şəhərində çoxmilyonluq turizm layihəsinin planlarını açıqlayıblar. Luis Moreno Okampo da onların ofşor maliyyə fəaliyyətlərində şübhəli bilinirdi.
Hələ 2010-cu ildə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru kimi, Okampo 37-ci Beynəlxalq İnsan Hüquqları Federasiyasının forumunda iştirak etmək üçün Ermənistana səfər edib. O, həmin vaxt Ermənistanın prezidenti olan Xocalı cəlladı Serj Sarkisyanla görüşüb. Görünür, görüş onda çox güclü təəssürat yaradıb, yəqin ki, erməni lobbisinin maliyyə motivasiyası da onu həvəsləndirib. Bu mənada indi özünün əsas iş yerindən məhrum olmuş, pula böyük ehtiyac duyan Okamponun ermənilərin xeyrinə istənilən addımı atması təəccüblü deyil.
Səxavət HƏMİD
XQ