Rusiya Ermənistana nota verdi

post-img

Ermənistan səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt nota təqdim edilib.

Bu barədə Rusiya XİN mətbuat xid­mətindən bildirilib.

Qeyd edək ki, bu, Ermənistan müstəqillik qazandığı tarixdən indiyə kimi ilk dəfə olaraq “bir sıra qeyri-dost addım­lar”la bağlı etiraz notasının verilməsidir.

Notada öz əksini tapan məsələlər arasında xüsusilə, Roma Statutunun ratifikasiya prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın ötürülməsi, habelə ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alıb.

Ermənistan parlamentinin spi­keri tərəfindən təhqiramiz ifadələrin qəbuledilməzliyi də vurğulanıb, bloger Badalyanın və “Sputnik Ermənistan” radiosunun müxbiri Gevorkyanın Ermə­nistanda saxlanmasından ayrı-ayrılıqda narahatlıq ifadə olunub.

Rəsmi Moskva hesab edir ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlığın inkişafı və möhkəmləndiril­məsi ilə bağlı bütün razılaşmalar iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək.

Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan ara­sında münasibətlərin nizamlanmasının asanlaşdırılması üçün təşkilatın müşa­hidə missiyasının respublikaya göndəril­məsinə aiddir.

XQ

Son xəbərlər