Ermənistanda isterik depressiya

post-img

Son diplomatik məğlubiyyət cəmiyyətdəki çatları böyüdür

Ermənistanda BMT Təhküləsizlik Şurasının avqustun 16-da Qarabağda humanitar vəziyyətə dair keçirilmiş müzakirəsinin ölkə üçün uğursuzluğu fonunda isterik vəziyyət yaranıb. Bir qisim beynəlxalq strukturları, o cümlədən BMT Təhlükəsizlik Şurasını ədalətsizlikdə günahlandırır, o biri cinah isə baş nazir Nikol Paşinyanı, necə deyərlər, ağ yuyub qara sərməklə məşğuldur. 

Bəli, Ermənistanın xəstə ictimai rəyi reallıqları görmür və yaxud görmək istəmir. Reallıq isə budur ki, Azərbaycan hərbi meydanda olduğu kimi, siyasi-diplomatik müstəvidə də güclüdür və onun mövqeyi ilə barışmaq lazımdır. Barışmamağın bir yolu var – müharibə. Ermənistan buna hazırdırmı? Yox! Ona görə də ölkənin isterik durumdan uzaqlaşması, həqiqətləri anlaması, düzgün nəticə çıxarması, ümumən Azərbaycana münasibətdə pozitiv yanaşması şərtdir. Yazımıza rasional yanaşma baxımından diqqətçəkən bir məqamla başlayacaq, ardınca haqqında söz açdığımız isterik durumun təzahürlərinə nəzər salacağıq. 

Birbaşa dialoq və ya Navasardyanın rasionallığı 

Beləliklə, İrəvan Mətbuat Klubunun rəhbəri, siyasi icmalçı Boris Navasardyan özünün Facebook səhifəsində yazır ki, Ermənistan ictimai rəyinin xoşuna gəlsə də –  gəlməsə də, ümidləri doğrultsa da – doğrultmasa da, BMT Təhlükəsizlik Şurası iclasının konkret nəticələri var. Navasardyanın fikrincə, iclas göstərdi ki, Rusiya – Türkiyə – Azərbaycan proqramının həyata keçirilməsinə alternativ, Qərblə Rusiya arasında Qarabağ uğrundakı müharibə deyil, birbaşa Ermənistan–Azərbaycan dialoqudur. 

Deməli, politoloq Ermənistan hakimiyyətinin, eləcə də ölkənin siyasi istableşmentinin ziddiyyətli kimi görünən tərəflər arasında konflikt yaratmaq düşüncəsinin mövcudluğunu vurğulayır. O, həmçinin vəziyyətdən yararlanaraq, Qarabağa sahiblənmək taktikasının mənasızlığını diqqətə çatdırır. Əslində isə yol göstərir, İrəvanın Bakı ilə birbaşa dialoqa getməsinin labüdlüyünü önə çəkir. 

Yeri gəlmişkən, qeyd edək ki, Navasardyan əvvəllər də bu sayaq açıqlamaları ilə yadda qalıb. Ancaq, o, hazırda Ermənstan rəhbərliyinin konstruktiv olacağı təqdirdə də maksimum fayda götürəcəyinə inanmır. Çünki fürsətin əldən verildiyi qənaətindədir. Başqa sözlə desək, erməni cəmiyyəti və iqtidarı Navasardyanı və onun kimi tək-tük adamları zamanında eşitməli idi. Amma eşitmədi…

Əlbəttə, Navasardyan anti-Rusiya meyillidir. Onun sözlərindən gəlinən qənaət budur ki, Bakı Ankara və Moskva ilə birgə hərəkət edir. Ancaq siyasi ­şərhçi mövcud platformada Rusiyanın rolunun azlığına eyham vurur. Bunu sübuta yetirmək üçün fəaliyyət göstərilməsinin zəruriliyini əsas götürür. Onun cızdığı trayektoriya təxminən belədir: Ermənistan şərtləri qəbul edib əməkdaşlıq platformasında yer alacaq. Tədricən, Ankara görəcək ki, Moskvanın perspektivi yoxdur. Belə bir durum Qərb üçün maraqlı olacaq. Deməli, Navasardyan Azərbaycan – Ermənistan birbaşa dialoqunu məhz Rusiyanın lazımsızlığını göstərmək üçün ilk addım sayır. Politoloqun qənaətincə, əks halda regional məsələlər Ermənistanın subyektiv iştirakı olmadan həllini tapacaq. 

Abovyanın “Kağız qaşıq” prinsipi

Bəli, BMT Təhlükəsizlik Şurasının iclası fonundakı isterik durum göstərir ki, Ermənistan cəmiyyəti hazırda enerjisini Azərbaycanı, dünya birliyini qınamağa, habelə, qətiyyətsiz və yanlış mövqe tutan Paşinyan hakimiyyətinə qarşı hiddət püskürməyə sərf edir. Mülahizələrinin mütləq doğruluğundan və yanlışlığından asılı olmayaraq, Navasardyan kimi rasional düşünənlərin sırası isə çox seyrəkdir və nəticədə meydana fikirlərini diqqətə çatdıracağımız arman abovyanlar, beniamin matevosyanlar, vahe hovannisyanlar və digərləri çıxır.  

Beləliklə, siyasi müşahidəçi Arman Abovyan BMT Təhlükəsizlik Şurasındakı müzakirəni nəzərdə tutaraq deyir ki, mənfi prosesin səbəblərini başa düşmədikcə, nəticələr həmişə acınacaqlı olacaq: “Dünya bizi tərk etdi”, – deyə qışqırmazdan əvvəl gəlin bir şeyə diqqət yetirək: Erməniləri ən mənfi ssenariyə kim aparıb? İndiki Ermənistan hakimiyyəti! Qarabağı vermək bahasına Ermənistanın təhlükəsizliyini “almağın” mümkün olduğuna kim qərar verdi? Kim Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı və bununla da Azərbaycanın “Qarabağ xalqı” ilə istədiyini etmək hüququnu qanuniləşdirdi? Kim Ermənistanın dövlət və milli maraqlarından imtina edib, sülhü alacağını gözləyib? Hazırkı Ermənistan hakimiyyəti! Və bundan sonra dünya ictimaiyyətinin özünü məhv etməklə razılaşan erməniləri qurtaracağına ümid varmı? BMT Təhlükəsizlik Şurasının iclasının nəticələrinə etiraz etməzdən əvvəl kağız qaşıq prinsipini xatırlayın”.

Matevosyanın isteriyası

A.Abovyandan fərqli olaraq, politoloq Beniamin Matevosyan bilavasitə BMT TŞ-dəki iclasın nəticələrinə köklənir. Qurumun Laçın dəhlizinin “blokadasının” aradan qaldırılmasına kömək etmədiyini və bu hadisədən fərqli nəticə gözləməyin özünü aldatmaq olduğunu deyən politoloqun şərhi təxminən belədir: Birincisi, iclasda “Qarabağ xalqının” öz müqəddəratını təyinetmə hüququ ilə bağlı minimal ifadələr belə işlənmədi. İkincisi, Qarabağ məsələsinə Azərbaycanın ərazi bütövlüyü prizmasından baxıldı. Üçüncüsü, yalnız Təhlükəsizlik Şurasının Qarabağın blokadası ilə bağlı deyil, həm də Beynəlxalq Cinayət Məhkəməsinin Laçın dəhlizinin blokadasının ləğvi qərarına məhəl qoymadığına görə Azərbaycanın necə cəzalandırılacağına dair qətnaməsi yoxdur. Dördüncüsü, Türkiyə nümayəndəsi  Azərbaycanın mövqeyinə tam dəstək verdi. Baxmayaraq ki, Paşinyanın bütün təbliğatları Ermənistan cəmiyyətini “Türkiyə Azərbaycan deyil” fikrinə və hətta Türkiyənin Ermənistanın təhlükəsizliyinin təminatçısı ola biləcəyinə inandırır. Beşincisi, Ağdam yolunun Laçın dəhlizi ilə bərabər istifadəsinə dair müraciətlər olmadı. 

Bütün bunları vurğulayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi, BMT Təhlükəsizlik Şurasının da Ermənistandan çəkildiyini deyən Matevosyan bu fikirdədir ki, avqustun 16-da keçirilmiş müzakirəni erməni cəmiyyətinin və siyasi elitasının əhəmiyyətli hissəsi, ümumiyyətlə, dərk etmədi. “Dərk etmədi ki, müzakirəyə çıxarılan məsələ Ermənistanın gələcəyi idi. Əgər indiki hakimiyyət Ermənistanı xilas etmək naminə Qarabağı Azərbaycanın öhdəliyinə buraxmaq siyasətini davam etdirirsə, o zaman Ermənistanın təhlükəsizliyi və onun sərhədlərinin legitimləşdirilməsi sistemi məhv ediləcək ki, bu da öz növbəsində tam təhdidlərlə doludur və dövlətçiliyin süqutudur”.

Vahenin “alternativ” fikri və uçmaq həvəsi

Ermənistandakı siyasi isteriyanı ortaya qoyanlardan biri də “Alternativ layihələr” qrupu adlandırılan təşkilatın üzvü, siyasi icmalçı Vahe Hovannisyandır. O deyir: “İnsanlar bir-birindən soruşurlar ki, BMT Təhlükəsizlik Şurasının iclasında nə baş verib? Heç kim bir söz demir. Hakimiyyət nə gözlədiyini, nə əldə etdiyini açıqlamır. Amma reallıq dəyişmir: blokada, kəskin ərzaq və dərman çatışmazlığı. Müxalifət də susur. Bəzi insanlar nəyisə formalaşdırmağa çalışırlar. Lakin, bu, hər halda, fərdidir. Bütövlükdə, cəmiyyət üçün az-çox inandırıcı cavab yoxdur. Qarabağdan da heç bir reaksiya yoxdur, halbuki olmalı idi”.

V.Hovannisyan Braziliya nümayəndəsinin BMT TŞ-dəki çıxışına söykənərək, onu da bildirib ki, hətta ənənəvi ermənipərəst mövqedə dayanan bir ölkə, bu dəfə başqa cür mövqe tutursa, vəziyyət çox pisdir. Bununla belə o, ənənəvi erməni xislətindən qalmayıb. Hovannisyan Paşinyan administrasiyasının BMT müstəvisindəki fiaskoda günahlandırarkən, ikincinin Qarabağın xarici dünya ilə hava əlaqəsi məsələni qaldırmamasını da ciddi nöqsan kimi xarakterizə edib. Deyəsən, Vahe uçmaq istəyir... 

Başın itirilməsi dövlətçiliyin itirilməsi deməkdir

Haylar onsuz da başlarını itirmişdilər. Göründüyü kimi, BMT Təhlükəsizlik Şurasındakı müzakirə aqoniyanı bir qədər də dərinləşdirib. Onlar kimi günahlandıracaqlarını bilmirlər. Halbuki ən optimal yol belə yanaşmadan, ümumiyyətlə, əl çəkmək, reallıqları qəbul etməkdir. Təəssüf ki, Ermənistan cəmiyyətində bunun işartıları görünmür. Mövcud durumda qətiyyətlə, demək olar ölkəni yalnız bir ­aqibət gözləyir. Onun adı isə fəlakətdir. 

Bəli, Ermənistan hər ötən gün fəlakətə doğru addım-addım irəliləməkdədir. Fəlakət aqibətinin bir detalını İrəvan mətbuat klubunun rəhbəri Boris Navasardyanın fikirləri ilə diqqətə çatdırdıq. Söhbət Ermənistanın taleyinin onun özünün iştirakı olmadan müzakirəsi perspektivindən gedir. Şübhə yoxdur ki, bu perspektiv erməni dövlətçiliyinin süqutudur. Əslində, buna İlahi qanunauyğunluq da demək mümkündür. Çünki müasir erməni dövlətçiliyi Qarabağ amili üzərində qurulmuş avantürizm dağarcığıdır. Deməli, Qarabağ yoxdursa, o da yoxdur. Proseslər buna doğru gedir və erməni cəmiyyəti, ölkənin ziyalı mühiti vəziyyətə təsir gücündə deyil. 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 



Siyasət