İrəvan Moskvaya böhtan atır

post-img

Hökumətə yaxın erməni mediası Polyanskinin çıxışını təhrif edib

Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı diplomatik qələbəsini həzm edə bilməyən haylar yalan, təhrif və uydurma ilə müşayiət olunan siyasi avantürizm fəaliyyətlərini davam etdirirlər. Sözsüz ki, bunun bariz nümunəsi hayların baş naziri Nikol Paşinyanın BMT TŞ-nin iclasındakı müzakirələri təhrif edən açıqlamasıdır.

Ermənistan hökumətinin avqustun 17-də keçirilən iclasında çıxış edən N.Paşinyan qeyd edib ki, Laçın yolunun (Paşinyan hay leksikonuna uyğun olaraq “dəhliz” ifadəsini işlədir-S.H.) bağlandığı (?) ən yüksək beynəlxalq məhkəmədə vurğulanıb: “Bunu BMT Təhlükəsizlik Şurasındakı müzakirə kontekstində qeyd etməyim Ermənistan cəmiyyətinə qəribə görünə bilər, lakin unutmaq olmaz ki, Azərbaycan daim və davamlı olaraq yolun bağlanmadığını təkid edir. BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirə Qarabağda humanitar böhranın mövcudluğunu (?) və 120 min əhalinin (?) həyatının təhlükə altında olduğunu təsdiqləyib. Vurğulanıb ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunda hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin təmin edilməsi ilə bağlı qərarını icra etməyib”.

BMT TŞ-də üzləşdiyi uğursuzluğu pərdələmək üçün N.Paşinyan çıxışının sonrakı hissəsində də yenə Beynəlxalq Ədalət Məhkəməsinin qərarından bəhs edib. Qeyd edib ki, Qarabağda, guya, humanitar böhranın yaranması ilə bağlı həqiqət beynəlxalq məhkəmədə üzə çıxıb.

Ermənistan baş nazirinin BMT TŞ-dəki müzakirələri təhrif etməsinə ən tutarlı cavabı Azərbaycanın Xarici İşlər Nazirliyi verib. Nazirlik bildirib ki, N.Paşinyanın BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi Ermənistanın növbəti dəfə düçar olduğu uğursuzluqla barışmaq istəmədiyini bir daha göstərir: “Bölgədə “humanitar vəziyyət” barədə hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş Ağdam-Xankəndi yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsi barədə çağırışlara baxmayaraq, Nikol Paşinyanın yoldan istifadəni qəbul etməməsi Ermənistan tərəfinin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

***

Ermənistanın baş naziri ilə yanaşı, bu ölkənin media subyektləri də BMT TŞ-dəki müzakirələri təhrif etməkdədirlər. Məsələn, “Armenpress” saytı Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını fərqli formada təqdim edib. Sayt rusiyalı diplomatın adından belə bir cümlə yazıb: “Rusiya Laçın dəhlizinin davam edən blokadasından narahatdır və hesab edir ki, Dağlıq Qarabağ xalqı üçün təhlükəsizlik təminatları olmadan Ermənistanla Azərbaycan arasında barışıq mümkün deyil”. Bu cümlə saytdakı məqalənin sərlövhəsini təşkil edib.

Biz D.Polyanskinin Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin saytında yerləşdirilmiş çıxışının mətnini diqqətlə oxuduq. Mətnin heç bir yerində belə bir cümləyə rast gəlmək mümkün deyil. Həmin cümlə diplomatik nümayəndəliyin saytında bu cür verilib: “Ermənistan–Azərbaycan barışığı Azərbaycanın hüquqi müstəvisi çərçivəsində hamılıqla tanınmış beynəlxalq prinsiplər əsasında Qarabağ sakinlərinin təhlükəsizliyinə və hüquqlarına riayət olunmasına etibarlı və aydın təminat olmadan ağlabatan deyil. Bu məntiq Ermənistan və Azərbaycan liderlərinin 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınması haqqında dəfələrlə təsdiqlənmiş son razılaşmalardan irəli gəlir”.

D.Polyanski qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları bəyanatlar Bakı ilə İrəvanın barışması üçün alternativsiz “yol xəritəsi” olaraq qalır: “Üçtərəfli sazişlərin potensialı tükənməkdən uzaqdır. Onların əsas komponentləri Rusiyanın ekspert yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində nəqliyyat kommunikasiyalarının blokunun açılması, Ermənistan–Azərbaycan sülh müqaviləsinin hazırlanmasına yardım, parlamentarilər və ictimaiyyətin nüfuzlu nümayəndələri arasında dialoqun inkişaf etdirilməsidir. Bu sahələrin hər birində müəyyən irəliləyişlər əldə edilib. Rusiya müvafiq səylər göstərməyə davam etməkdə qərarlıdır”.

O, həmçinin deyib ki, Rusiya Qarabağ ətrafında vəziyyətin normallaşdırılmasında və ümumilikdə, Ermənistan-Azərbaycan barışığında maraqlı olan bütün məsuliyyətli oyunçularla işləməyə hazırdır: “Azərbaycan və erməni xalqlarının köklü maraqlarına söykənən bu ssenariyə səmimi əməl edən hər kəs istənilən geosiyasi və müxtəlif daxili siyasi mülahizələri bir kənara qoymalıdır. Biz, həmçinin bu kontekstdə Təhlükəsizlik Şurasının platformasından istifadəyə məsuliyyətlə yanaşmağa çağırırıq: istənilən halda problemlər Bakı ilə İrəvan arasında həll edilməlidir. Və heç bir xaricdən tətbiq edilən sxemlər və həllər onların dialoqunu əvəz etməyəcək. Biz öz tərəfimizdən tərəfləri ilkin mehriban qonşuluq həllinə yaxınlaşdırmaqla, o cümlədən Rusiya sülhməramlı kontingentinin imkanlarından istifadə etməklə bunu təşviq etməyə davam edəcəyik”.

D.Polyanski onu da qeyd edib ki, iyulun 25-də Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar zamanı Moskva real kompromislər təklif edib: “Bu, mülki əhalinin və yüklərin daşınması üçün Ağdam və Laçın vasitəsilə paralel humanitar dəhlizin açılmasını nəzərdə tutur ki, Qarabağ sakinlərinin nümayəndələri ilə Bakı nümayəndələri arasında dialoq tez bir zamanda bərpa olunsun”.

Göründüyü kimi, rusiyalı diplomatın çıxışının heç bir yerində “Dağlıq Qarabağ” xalqı deyilən qondarma ifadədən istifadə olunmayıb. Bu ifadəni hayların haradan götürdüyü başdan-ayağa müəmmadır. Buradan çıxan nəticələrdən biri də bundan ibarətdir ki, ağa qara deməyə öyrəşmiş, öz yalanlarını həqiqət kimi sırımağa adət etmiş haylar artıq başqa ölkənin diplomatının adından danışmağı da özlərinə rəva görürlər.

Bu hadisə bir daha göstərir ki, artıq ermənilər üçün toxunulmaz heç nə qalmayıb. Digər tərəfdən, bununla heç nə qazanmadıqlarını anlamamaq bir toplumun faciəsidir. Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar da bu xalqın düşüncə tərzini dəyişməyib. Bundan sonra dəyişəcəyinə də inam çox azdır. Əslində, özlərini “böyük Ermənistan” yalanı ilə aldadan bir cəmiyyətdən bundan artığını gözləmək də düzgün olmazdı. BMT TŞ-yə uydurma dolu müraciət etməyi özünə sığışdıran xalqın nümayəndələrinin Rusiya diplomatının çıxışını təhrif etmələri də adi sayılmalıdır. Bu, bizim üçün təəccüblü deyil, zənimizcə, bundan sonra çıxışı təhrif edilən şəxslər üçün də təəccüblü olmayacaq.

Zaur MƏMMƏDOV, 
politoloq

– Nikol Paşinyana yaxın olan Ermənistan media qurumlarının Rusiyanın BMT-dəki daimi nümayəndəsinin Qarabağ məsələsi ilə bağlı çıxışını təhrif etməsi gözlənilən idi. Çünki Paşinyan hazırda daxildə çox ciddi təzyiqlə üz-üzədir. İnsanlar hər yerdə onun siyasətindən narazılıq edirlər. 2020-ci ildə baş vermiş müharibənin onun təqsiri üzündən başladığı qənaətindədirlər. Müharibədə övladları həlak olan erməni analar aksiyalar keçirirək, Paşinyandan cavab tələb edirlər. Belə bir məqamda BMT TŞ-də diplomatik uğursuzluğa düçar olan N.Paşinyan bu uğursuzluğu pərdələmək, necə deyərlər, sudan quru çıxmaq istəyir. Ancaq unudur ki, bu kimi saxta gedişlərlə Ermənistan cəmiyyətini aldatmaq mümkün deyil.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda alternativ mənbələrə müraciət edərək BMT TŞ-dəki müzakirələrdə Rusiya nümayəndəsinin necə çıxış etdiyini öyrənmək çətin deyil. Bu mənada yaxşı olardı ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərin ölkə qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə müqavimət göstərməsin. Baş nazir Paşinyan, guya, Azərbaycanın erməni sakinlərə atəş açdığı barədə iddialar və ölkəmizin ünvanına “etnik təmizləmə” kimi ağır ittihamlar səsləndirməsin. Bunların baş verməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir.

Səxavət HƏMİD, 
“Xalq qəzeti”

 



Siyasət