Oskanyan “köhnə bayatılar”ından əl çəkmir

post-img

Sabiq XİN rəhbəri məyusdur, amma BMT-dəki fiaskoda “uğur rüşeymləri” axtarır

BMT Təhlükəsizlik Şurasının Qarabağda humanitar vəziyyətlə bağlı keçirdiyi iclasın Ermənistanda doğurduğu isterik durumun pik nöqtəsindən söz açaq. Söhbət Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyandan gedir. 

Daha doğrusu, onun sözügedən müzakirəyə münasibətindən. Oskanyan nəticəni bir sözlə belə ifadə edir – Məyusluq. “Cəmiyyətimizdə nikbinlik və ümid yaradan BMT Təhlükəsizlik Şurasının iclası məyusluqla başa çatıb. Heç bir qətnamə və ya bəyanat qəbul edilməyib və nə vaxtsa beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanı Laçın dəhlizini açmağa məcbur edəcək qətnamənin qəbulu şübhə doğurur”, – deyən sabiq erməni XİN rəhbəri özünün “facebook” səhifəsində ağlaşma qurub.

Ancaq Oskanyan paylaşımında “diplomatik bacarığını”, guya, ağıllı olduğunu ortaya qoymağı da yaddan çıxarmayıb, öz aləmində, mübarizə naminə, belə demək mümkünsə, tutacaq yerlər müəyyənləşdirib. Məsələn, o yazıb ki, BMT TŞ-nin beş daimi üzvündən heç biri öz çıxışında Ermənistanın Qarabağı vaxtından əvvəl Azərbaycanın bir hissəsi kimi tanımasına xüsusi diqqət yetirməyib. Adam heyrətlənir. İstər-istəməz, sual yaranır: necə olub ki, belə korafəhm adam on il ərzində ölkənin XİN rəhbəri postunu tutub? Əlbəttə, düşünəndə ki, Oskanyan Ermənistan kimi dövlətin xarici siyasətinə rəhbərlik edib, heyrət mənzərəsi bir qədər yumşalır. Ermənistan bir dövlət kimi nədir ki, onun XİN rəhbəri də nə ola? ­Digər tərəfdən, ölkənin indiki XİN başçısı Ararat Mirzoyan Oskanyandan çoxmu ağıllıdır?.. 

Əlqərəz, Oskanyanın sözlərindən belə çıxır ki, BMT TŞ-nin iclasında çıxış edənlər Qarabağda humanitar böhranla bağlı rəsmi İrəvanın qaldırdığı məsələyə əhəmiyyətsiz yanaşdıqlarını göstərərkən, mütləq Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını başa vurmalı idilər. Vurmayıblarsa, deməli, ümid yeri var. Göründüyü kimi, Oskanyan bir yandan məyusluq mahnısı oxuyur, digər tərəfdən, “reallıq” uydurur. Sabiq XİN rəhbərinin məntiqinə görə, BMT TŞ-dəkilər yığılıb Ermənistanın nümayəndəsini zaldan qovmalı idilər ki, ümid yeri qalmasın. Yəni onlar Azərbaycan Ordusu kimi davranmayıblarsa, nə isə gözləmək mümkündür. 

Bəli, V.Oskanyan hər kəsdən ermənilərin anladıqları zor dilində danışmağı istəyərkən, tipik erməni xəstəliyinin ən bariz obrazı rolunda çıxış edir. Yazır ki, “hazırkı danışıqlarda əsas vasitəçilərdən biri olan Avropa İttifaqının nümayəndəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin adını çəkdi. Bu, təsadüfi deyil. Ola bilsin ki, beynəlxalq ictimaiyyət danışıqlar gündəliyinin dəyişdirilməsinin mümkünlüyünü istisna etmir”. 

***

Özündəki beyin qıcolmasının təzahürlərini sıralayan V. Oskanyan son ­dövlər etdiyi çıxışlarındakı ənənəvi “xətti” bir daha işə salır. O, hazırkı XİN rəhbəri A.Mirzoyanın Təhlükəsizlik Şurasının iclasında nələri deməli olduğunu, əslində, nələri demədiyini nöqsan kimi görür və diqqətə çatdırır. Məsələn, Oskanyanın fikrincə, Mirzoyan deməli idi ki, “Azərbaycanın son hərəkətləri və bəyanatları bizi bu qənaətə gətirir ki, ölkə nəinki müqavilələri və imzalanmış sənədləri cəzasız olaraq pozur, həm də erməni tərəfinin xoş niyyətindən sui-istifadə edir”. 

Oskanyan Mirzoyanın bunu da deməli olduğunu bildirir: “6 oktyabr 2022-ci il tarixli Praqa Bəyanatında yer alan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadə Ermənistanın Azərbaycanla danışıqlar prosesində əlverişli şərait yaratmaq cəhdindən başqa bir şey deyildi. Ancaq hər şey razılaşdırılmayana qədər diplomatiyada və danışıqlarda heç nə olmur. Bildiyiniz kimi, hələ razılaşmalı olduğumuz çox şey var. Danışıqlar iki xalq arasında ədalətli və davamlı sülhə səbəb olarsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır”.

Göründüyü kimi, Oskanyan Mirzoyanın BMT tribunasından Ermənistanın hazırda Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan etməli olduğunu bildirir. Hesab edir ki, bu yolla beynəlxalq ictimaiyyət İrəvana dəstək verəcək. Ancaq unudur ki, əgər dəstək olsaydı, elə indiki məqamda da olardı. Hər halda, Ermənistan hakimiyyəti Qarabağda humanitar böhran şousunu BMT-yə elə-belədən daşımamışdı. Əgər, orada nəticə əldə etmiş olsaydı, bu, faktiki olaraq, İrəvanın Qarabağ da daxil Azərbaycanın suveren hüquqlarını tanımaqdan imtinasına çevriləcəkdi. Yəni indiki durumda baş nazir Nikol Paşinyan iqtidarı ən azı Oskanyan qədər ermənilik edir. Daha dəqiq desək, mövcud reallıqların inkarı üçün vasitələr axtarır. O da görünür ki, ölkənin bütün cəhdləri boşa çıxır. Yəni, sabiq XİN rəhbərinin “köməyinə” ehtiyac yoxdur.  

***

Oskanyan xəstə təfəkkürünü işə salaraq onu da bildirir ki, Azərbaycan heç vaxt özünün müstəqil bir hissəsi olmayan Dağlıq Qarabağın sovet dövründə muxtar statusa malik olması faktını görməzdən gələ və “Qarabağ xalqının” taleyi və statusu ilə bağlı istənilən müzakirə üçün minimum əsasın olduğunu unuda bilməz. Bu yerdə ilk növbədə deyilməlidir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti yarananda da Azərbaycanın tərkibində olub, sonrakı mövcudiyyəti dövründə də. 

İkincisi, Vardanın Ermənistanın XİN rəhbəri olduğu dövrü yada salaq. Həmin vaxt Azərbaycan Qarabağa özünün tərkibində ən yüksək status verməyə hazır idi. Ancaq Ermənistan hakimiyyəti bununla razılaşmadı. Nəinki razılaşmadı, digər torpaqlarımızın da işğalına son qoymaqdan boyun qaçırdı. Belə yanlış yanaşma isə 44 günlük müharibə reallığını doğurdu. Ermənistan savaş meydanında darmadağın oldu. 

***

Deməli, yeni reallıqların qalib Azərbaycanın haqqı kimi meydana çıxması həm qanunauyğundur, həm də ədalətli. Qanunauyğundur ona görə ki, ölkəmiz müharibədə qan tökdü, yəni İrəvan xoşluqla heç nə etmədi. Ədalətlidir o səbəbdən ki, ortada beynəlxalq hüquq və tarix var. Tarix isə onu göstərir ki, hazırkı Ermənistan Azərbaycanın əzəli torpaqlarında qərarlaşıb. Əgər Oskanyan və digər avantüristlər bu qərarlaşmanı qiymətləndirmək istəmirlərsə və yeni iddialara düşürlərsə, deməli, əllərində olanın qədrini bilmirlər. Qədri bilinməyən hər şey isə itirilir. İrəvan buna doğru gedir. 

R.ƏVƏZ,  “Xalq qəzeti”

 

Siyasət