Avantüristlərin “aclıq isterikası” sərhəd tanımır

post-img

Haylar İsrail Prezidentindən də “humanitar fəlakət”ə əncam çəkməyi xahiş ediblər 

Nə qədər qəribə səslənsə də, bu, faktdır. İsraildəki erməni lobbisi bu günlərdə Prezident İsxak Hersoqa Qarabağda “humanitar fəlakət” səbəbindən “aclıqdan əziyyət çəkən” ermənilərə yardım göstərmək xahişi ilə müraciət edib. Bu barədə məqalə dərc edən Caliber.az saytı siyasi texnoloq və tarixçi, İsrailin ITON TV kanalında yayımlanan “Asiya. Böyük oyun” telelayihəsinin rəhbəri David Eydelmandan məsələyə münasibətini öyrənib.  

Yerli erməni lobbisinin dövlət başçısına ünvanladığı məktubun yuxarıda heç bir reaksiya doğurmadığını söyləyən Eydelman müraciət müəlliflərinin əsl niyyətlərinin nədən ibarət olduğuna bu cür aydınlıq gətirib: “Onlar bu müraciətlə İsrail rəhbərliyinə şikayətlənmək və eyni zamanda, yəhudilərin azərbaycanlılar barədə ənənəvi müsbət rəyini dəyişmək məqsədini güdürlər. Azərbaycanın ünvanına şər-böhtanla dolu məktubu göndərənlər Təl-Əvivin Qarabağdakı separatçı rejimə münasibətdə rəsmi Bakının mövqeyini dəstəklədiyini çox gözəl bilirlər. İsraildəki erməni lobbisi, hər halda, BMT TŞ-nin məlum iclasına qədər ümid edirdilər ki, Nyu-Yorkda Bakını ittiham edəcək, cəzalandıracaq və onu Laçın yolunu açmağa, eləcə də başqa addımları atmağa məcbur edəcəklər. Amma bu düşüncədə olan ermənilərin və onların tərəfdarlarının gözlədiyinin əksinə olaraq, BMT TŞ Qarabağda “aclığın” olduğuna və “soyqırımı təhlükəsinə” inanmaqdan imtina etdi. Ölkəmizdəki erməni lobbiçilərin bu məktubu yazarkən nəyə bel bağladıqlarını anlamaq, ümumiyyətlə, mümkün deyil. Məgər onlar bununla çoxəsrlik Azərbaycan–İsrail dostluq əlaqələrini poza biləcəklərinə ümid edirdilər? Biz hələ bu münasibətlərin indiki qarşılıqlı səmimiyyətə və effektə söykənən əməkdaşlıq səviyyəsindən danışmırıq”.    

Prezidentin bu məsələdə mövqeyi dəqiqdir   

Erməni lobbiçilərin İsrail Prezidentinə “aclıq isterikalı” müraciətinə sıravi yəhudilərin reaksiyası barədə danışan David Eydelman onun üçün bu məsələnin tam aydın olmadığını bildirib: “Açığı, ermənilərin niyə məhz Prezident İsxak Hersoqa üz tutduqlarını anlamaq çətindir. Cənab Prezident elə bu ərəfədə Azərbaycanla möhkəm dostluq və tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı çıxış etmişdi. Bəlkə onların niyyəti dövlət başçımızın gözünü “əsl həqiqətə” açmaq imiş? Biz bunu, sadəcə, güman edə bilərik. Onu deyim ki, İsxak Hersoqda Azərbaycanla dostluq əlaqələrinin möhkəmlətmək meyilləri bu gün və hətta prezident seçiləndən sonra yaranmayıb. Yadımdadır, onunla hələ iyirmi il bundan əvvəl Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasının vacibliyindən danışanda o, hələ Fəhlə Partiyasının siyahısında Knessetə seçkilərdə iştirak edirdi. Yəni Prezidentimizin bu məsələdə mövqeyi aydın və dəqiqdir. Amma İsrail demokratik dövlətdir və istənilən vətəndaş dövlət başçısına müraciət edə bilər. Həmin müraciət mütləq oxunur və ona baxılır. Fəqət, ermənilərin müraciəti ilə bağlı məsələdə maraqlı detal odur ki, məktubdakı imzaları toplamaq təşəbbüssünün kimə məxsus olduğu onun özü üçün də aydın deyil”.                                 

Müraciətdə nələr yazılıb?

Məlum məktubun mətnində nələrin yer aldığı barədə İsrailin “Wella” saytı məlumat verib. Saytın yazdığına görə, məktubda Qarabağda 120 min (?) erməninin son səkkiz ayda faktiki olaraq azərbaycanlıların mühasirəsində qaldığı və bu səbəbdən ərzaq və dərman kimi zəruri malların daşınmasını çətinləşdirdiyi əks olunub. Məktub müəllifləri vurğulayıblar ki, onlar münaqişəyə siyasi müdaxilə deyil, “ağır təhlükə altında olan” bölgə sakinlərinə yardım gözləyirlər. Məktubda Azərbaycan-Ermənistan müharibəsinin İsrailin maraqları üçün doğurduğu “fəsadlar“ açıqlanır, qərar qəbul edənlərdən Bakıya qarşı fərqli mövqe tutmaları və müharibəyə “regional və beynəlxalq töhfələri” nəzərə almaları tələb olunur.                             

Erməni lobbiçilərin İsrailin dövlət başçısına müraciəti barədə Livanın “Arabi21” saytı da xəbər yayıb. Saytın versiyasına görə, belə bir məktubun meydana çıxması İrəvan–Təl-Əviv əlaqələrini yaxşılaşdırmağa hesablansa da, onun müəllifləri bu üsulla Azərbaycanın yaxın müttəfiqləri ilə münasibətlərini korlamaq niyyətini güdürlər. Bu isə ermənilərin köhnə şakəridir. Sayt məlum məktuba imzasını atanların kimliyi ilə də maraqlanıb. Məlum olub ki, İsraildəki erməni lobbisi əvvəllər əsasən Knessetin ərəb-xristian üzvlərindən Azərbaycan və Türkiyə əleyhinə istifadə edib. Amma indi siyahının genişlənməsi, “fəaliyyətə” yeni adların əlavə edilməsi diqqət çəkir. Bu siyahıya Açıq Universitetdən soyqırımı üzrə tədqiqatçı professor Yair Oron, Holokost və Soyqırımı Araşdırma İnstitutunun sədri, professor İsrael Tşarani, jurnalist Yaakov Achimair və yazıçı Ora Achimair, ravvin Michael Melchior, jurnalist Şari Raz və digərləri daxil edilib.                        

“Verilişə gəlməkdən boyun qaçırdı”

Qayıdaq David Eydelmanın Caliber.az-a verdiyi açıqlamasına O, deyir ki, bu günlərdə ITON TV-də bu mövzuda veriliş hazırlayıb və studiyadakı söhbətə  Bakıdan onlayn formada qonaqlar da qoşulub: “Proqram mənim “Asiya. Böyük oyun” layihəm çərçivəsində canlı yayımlandı. Efirdən sonra sosial şəbəkədəki akkauntuma erməni lobbi təmsilçilərinin təhqir dolu şərhləri gəlməyə başladı. Yəni məni özlərinə loyal yanaşmamdan ötrü hər üsula əl atırdılar. Əlbəttə, bu, səciyyəvi erməni yanaşması idi. Axı onlar nəyə görə isə əmindirlər ki, qabalıq və vay-şivəndən istifadə etməklə özlərinə qarşı sayğılı münasibətə nail ola bilərlər. 

Ünsiyyət mədəniyyəti üzrə mütəxəssis kimi mən onlara, başlanğıc üçün, bu metodikanı dəyişmələrini təklif edərdim. Postun altındakı şərhlərdə özünü Prezident Hersoqa məktubun müəllifi kimi təqdim edən adam efirə “aclığın” qurbanlarını deyil, “cəlladları” qoşduğuma görə məni ittiham edəndə onu mövqeyini açıqlamaq üçün proqrama dəvət elədim. Bundan sonra o, daha böyük isterika qopardı və verilişə gəlməkdən qəti imtina etdi”. 

“Təxribatçılar cəzalandırılsın!”

Eydelmanın sözlərinə görə, ümumiyətlə, İsrail jurnalistləri azərbaycanlı politoloqlara suallar verəndə onların cavabları intellektual, arqumentli, məzmunlu olur. Ermənilərdən birinə sorğu göndərəndə isə növbəti isterikanı dinləməli olduqlarını vurğulayan ekspert məhz bu səbəbdən azərbaycanlı politoloqlara daha tez-tez müraciət etdiklərini dedi. Qarabağda “aclığ”a və “soyqırımı”na gəldikdə isə siyasi texnoloq hesab edir ki, sosial şəbəkələrdə “aclıqdan ölmüş” erməninin fotoşəklinin yerinə peykdən çəkilmiş Xankəndidəki təmtəraqlı toy şəkillərini yerləşdirmək olardı: “Bu mövzu dəfələrlə müzakirə olunub. Azərbaycanlılara məsləhət görərdim ki, bu dəfə ermənilərin dediklərini yoxlasınlar. Əgər onlar “aclıq” və “humanitar fəlakət”dən danışırsa, aydın məsələdir ki, Azərbaycan hakimiyyəti bu məsələyə laqeyd yanaşa bilməz. Birincisi, orada nə baş verdiyini aydınlaşdırmaq üçün özünün humanitar missiyasını Xankəndiyə göndərməsi daha məntiqli addım olardı. İkincisi, bu təxribatın təşkilatçılarını, konkret olaraq separatçıların rəhbərlərini cəzalandırmaq istiqamətində aktiv tədbirlər görmək lazımdır”.                 

Qarabağda aclıq situasiyasının qəsdən yaradıldığına əmin olduğunu söyləyən David Eydelman bunu bütün dünyaya car çəkənlərin müttəhimlər kürsüsünə əyləşdirməyin vacibliyini vurğuladı: “Azərbaycanın özünün suveren ərazisində bütün vasitələrdən istifadə etməklə bu problemi həll etməyə tam haqqı var. O zaman yalançı təhlükələr də aradan qalxacaq, yerli ermənilər də girovluqdan xilas olub rahat nəfəs alacaqlar”.  

İsrailin ITON TV kanalının əməkdaşı David Eydelmanın hüquqa və ədalətə söykənən obyektiv açıqlamasına bircə o faktı əlavə etmək qalır ki, İsxak Hersoq İsrailin Azərbaycana rəsmi səfər edən ilk prezidenti olub. Ondan sonra bu ölkənin müdafiə naziri Yoav Qalant da Bakıya gəlib. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Erməni lobbiçilərin İsrail Prezidentinə müraciəti, mən deyərdim ki, daha çox təbliğat xarakteri daşıyır. Yəni, Azərbaycan–İsrail münasibətlərinin indiki səviyyəsini, eləcə də ermənilərin fələstinlilərlə əlbir olub Təl-Əvivə qarşı fəaliyyət göstərdiklərini nəzərə alaraq, bu müraciətə müsbət reaksiyanı gözləmək mümkün deyil. Aydın məsələdir ki, sadəcə, müraciət təbliğat xarakteri daşıdığından, onun müəllifləri indi İsrailin Qarabağdakı daxili proseslərə hansısa formada müdaxiləsinə bel bağlayırlarsa, bunun heç bir nəticəsi olmayacaq. Eyni zamanda, onu da qeyd etməliyik ki, İsraildə çox yaxşı dərk edirlər və aparılan bütün sorğular göstərir ki, Ermənistan və onun müttəfiqləri yəhudilərə qarşı daim antisemit mövqedə dayanıblar. Belə olduğu təqdirdə Ermənistanın Qarabağ məsələsində İsraildən hansısa dəstəyi gözləməsi boş cəhddən başqa bir şey deyil. 

Tofiq ABBASOV, 
siyasi şərhçi

İsrail cəmiyyəti özünəməxsus bir cəmiyyətdir və orada erməni amili həmişə destruktiv rol oynayıb. Onlar üçün məğlubiyyətlə barışmaq tarixi ənənəyə çevrilib. Sadəcə, hər il təşkil etdikləri ianə oyunlarında topladıqları pullarla guya dünyada çətinə düşən, Qarabağda darda qalan ermənilərə kömək edirlər. Bir halda ki, böyük pullar yığılır, deməli ona yiyələnmək lazımdır. İsraildəki azsaylı erməni lobbisinin başında Aleksandr Sinker deyilən biri dayanıb. Vaxtilə Ermənistanda yaşamış demaqoq yəhudidir. Siyasi savadı çox aşağı səviyyədə olan bu adam avantüristin biridir. Guya, erməni icmasının rəhbəridir, vaxtaşırı yersiz, bəsit bəyanatlar verir. Məqsədi isə ermənilərin hesabına gəlir əldə etməkdir. 

İsraildə parlament üsullu idarəetmədir və əsas fiqur baş nazirdir. Prezident ikinci dərəcəli sayılır. Bir çox hallarda rəmzi rəhbər funksiyasını yerinə yetirir. Görünür, erməni lobbisi baş nazirə müraciətə cürət etməyib. Bu faktın özü onların niyyətlərinin nə qədər cılız və mənasız olduğunu göstərir. Amma belə gedişlərin heç bir siyasi çəkisi yoxdur, ola da bilməz. 

Fərid ŞƏFİYEV, 
beynəlxalq münasibətlər üzrə ekspert

Hazırda ermənilər dünyanın az qala bütün ölkələrinin prezidentlərinə yazır, müraciət edirlər. İsrailin özündə də Ermənistanı dəstəkləyən müəyyən qüvvələr var. Bu qüvvələr belə bir məntiqdən çıxış edirlər ki, əgər yəhudilər soyqırımına məruz qalmış xalqdırsa, onlar ermənilərə də bu məsələdə yardım etməlidirlər. Çox güman ki, bu sonuncu addım da həmin liberal qüvvələrə hesablanaraq atılıb. İsraildə ermənilərə görə daim Azərbaycanı tənqid edən, qarayaxma kampaniyası aparan bir qəzet var. Bu nəşrin əsas missiyası yeri gəldi–gəlmədi, İsrail-Azərbaycan münasibətlərini tənqid atəşinə tutmaq, iki xalq arasında yaxın, səmimi münasibətlərə kölgə salmağa cəhdlər etməkdir. 

Əlbəttə, oradakı erməni lobbisi oxşar müraciətləri təkcə İsrailin Prezidentinə deyil, dünyanın bir çox dövlət və hökumət başçılarına da ünvanlayıb. Amma bunun nə daxildə, nə də xaricdə heç bir faydasının olmayacağını özləri də çox gözəl bilirlər.     

İmran BƏDİRXANLI, 
“Xalq qəzeti”

 







Siyasət