Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur

post-img

Amma torpaqlarımızı separatçı və terrorçulardan təmizləməkdə israrlıyıq 

Məlum  məğlubiyyətlərdən sonra Ermənistanda baş qaldıran revanşistlərin atacağı hansısa addımlar  təkcə Cənubi Qafqaza sülh gətirilməsinə mane olmayacaq, həm də regionun, deməli, həm də onların özlərinin iqtisadi inkişafını əngəlləyəcək. Unudurlar ki,  revanş məqsədilə düşünülən plan, terror və təxribatlar yeni hərbi əməliyyatların başlanmasını qaçılmaz edəcək və  nəhayət, onlar otuz il Azərbaycan torpaqlarında törətdiklərinin hesabını verməli olacaqlar. 

Hamı bilir ki, Azərbaycan Ordusu və ya hansısa fərdimiz heç bir mülki erməniyə zərər verəcək addım atmayıb. Ancaq ermənilər bilavasitə dövlət səviyyəsində  yüzdən çox türk siyasətçisinə, diplomatına qarşı terror törədib, yüzlərlə günahsız azərbaycanlı körpəni qanına qəltan ediblər. Ona görə də  regionun yeni hərbi əməliyyatlara cəlb edilməsi Ermənistan üçün təsəvvür etdiklərindən qat-qat ağır nəticələr verəcək. Odur ki, suyun yenidən bulandırılmasından əl çəkməlidirlər. 

O da faktdır ki, son günlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə məhz olduğu kimi çatdırılması, eləcə də Ermənistanın dövlət səviyyəsində uydurduğu iyrənc yalanların növbəti dəfə ifşa edilməsi barədə yayılan xəbərləri eşidəndə qədim bir el məsəlimiz yada düşür: “Yanlış da bir naxışdır”. Yəni biz – təbii ki, elə  mən də  neçə gün əvvəl eşidəndə ki, ermənilər məlum məsələnin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında müzakirə edilməsinə nail olublar, ciddi şəkildə narahat olmuşduq. Çünki beynəlxalq aləmdən kifayət qədər riyakarlıqlar, ikili standartlar görmüşdük və  indi də hansısa ədalətsizliyin baş verəcəyini istisna etmirdik. Ancaq müzakirələrdən sonra məlum oldu ki, bunlar tamamilə Azərbaycanın xeyrinə imiş. 

Dünya ictimaiyyəti bir daha gördü ki, Azərbaycan heç bir ərazini “blokada”ya almayıb. Əksinə, Qarabağ iqtisadi rayonumuzda yaşayan ermənilərin istənilən humanitar məqsədlə ölkədən getməsinə və qayıdıb gəlməsinə zəmin yaradılıb. Hamıya məlum oldu ki, Qarabağ ermənilərinin aclıqdan ölməsi tamamilə ağ yalandır. Əksinə, “blokada”da olan ərazilərdə təmtəraqlı toy məclisləri, ad günləri və digər məclislər keçirilir. Azərbaycan diplomatiyası bütün dünyaya sübut etdi ki, İrəvan, Tehran və Parisin  aləmə car çəkdiyi “Azərbaycan Qarabağda soyqırımı törətməyə hazırlaşır” haray-həşiri müəyyən zümrənin qəsdən uydurduğu cəfəngiyatdır. Məlum oldu ki, Ermənistanda fəaliyyət göstərən bəzi millətçi təşkilatlar revanşist çağırışlarla erməni gənclərinin beynini zəhərləyirlər. 

 Elə bu yazı da məhz həmin çağırışların  Ermənistan üçün olduqca ağır fəsadlar törədəcəyi barədədir. Çünki “Daşnaksütyun” partiyasının quldurları başda olmaqla, tarix boyu ( onların Qafqazdakı tarixi iki əsrdən bir az çoxdur) türk düşmənçiliyindən əl çəkməyən faşist düşüncəli ermənilər 2020-ci ilin dərslərindən nəticə çıxara bilmirlər. Yəni revanş çağırışlar  son aylar işğalçı ölkədə tez-tez səslənir. BMT Təhlükəsizlik Şurasındakı məğlubiyyətdən sonra isə daha da fəallaşırlar. Ancaq unudurlar ki, bu addımlarla Ermənistanın məğlubiyyətlər seriyasını “zənginləşdirəcəklər”. Çünki Azərbaycan da daha kiminsə nazıyla oynamaq fikrində deyil, beynəlxalq ictimaiyyət də erməni nağıllarına qulaq asmaqdan bezib. 

Bu məzmunlu bəzi arqumentləri yada salaq. Dövlət başçımız hələ ötən ilin aprelində demişdi ki,  əgər Ermənistanda hələ də revanşizm haqqında düşünən və buna əsaslanaraq, sülh müqaviləsinin imzalanmasına və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına mane olan müəyyən qüvvələr varsa, o zaman biz də analoji addımlar atmalı və işğalçı Ermənistanı tanımamalı olacağıq. Yəni Ermənistanın ərazi bütövlüyünü məhz bu ölkədəki revanşistlər təhlükə altına alırlar. Amma Azərbaycan lideri bu məqamda da ermənilərə xatırladır ki, indiki halda bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Ona görə də daşnaklar və onların ətrafındakılar yaxşı düşünməlidirlər. 

Yeri gəlmişkən, dövlət başçımızın “Euronews” televiziyasına verdiyi müsahibədə qisas almalı (yəni revanş addımı atmalı)  tərəfin kimin olduğu açıq-aydın görünür: “Otuz illik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. 

Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acılara baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da  Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”. 

Xatırladaq ki, Azərbaycan tərəfinin fikrincə,  Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan ermənilər  ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi, Azərbaycan vətəndaşları olaraq, yaşayacaqlarına və yaxud Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Rəsmi Bakı  onlara seçim hüququ verir. 

Bəs ermənilər Azərbaycanın bu sülh jestlərini necə qiymətləndirirlər? Əslində, onların nəyi, necə qiymətləndirməsi bizim üçün o qədər də maraqlı deyil. Ancaq Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Dövlət başçımızın dediyi kimi, onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar: “Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Bu məqamda yuxarıdakı arqumentlərimizi təkrarlamaqdan başqa heç bir fikrimiz yoxdur: Biz heç bir dövlətə qarşı ərazi iddiaları etmirik. Ancaq ölkəmizin bütün ərazilərini terrorçu, təxribatçı, separatçı və işğalçı ünsürlərdən tamamilə təmizləməkdə israrlıyıq. Nə qədər ki, gec deyil, Xankəndi də bu həqiqətləri anlamalı, lazım olan addımları atmalıdır. Atmasalar, başqa addımların şahidi olacaqlar. 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti” 

 

Siyasət