Ölkəmizdəki diplomatik korpus təmsilçiləri Ağdamda

post-img

Azərbaycanda akkreditə olunan diplomatik korpus üzvləri və hərbi nümayəndələr dünən Ağdama səfər ediblər. Heyətdə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi təmsil olunub. Səfər çərçivəsində xarici diplomatlar və hərbi nümayəndələr Ağdam–Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumatlandırılıblar.

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yol barədə qonaqlara məlumat verərək bildirib ki, tarixən geniş istifadə olunan bu mçarşrut Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet dövründə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel Ağdamdan Xankəndiyə qədər uzanan dəmir yolu xətti də inşa edilib.

Ağdam – Xankəndi yolu açıqdır

Prezidentin köməkçisi qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilmə­sindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülən ilk iş ərazidə dağı­dılmış yolların yenidən çəkilməsi olub. Bu yollar Qarabağda ermənilərin ya­şadığı ərazilərədək çəkilir. Azərbaycan Ermənistan istiqamətində də dəmir və avtomobil yollarını bərpa edir. Bu, onu göstərir ki, ölkəmiz ermənilər kimi yol­larda divar və maneələr qurmur, onu ikitərəfli gediş-gəliş üçün hazır vəziy­yətə gətirir. 

Azərbaycan rəhbərliyi Ağdam–Xankəndi yolunu Qarabağın erməni sa­kinlərinin ölkəmizin siyasi, sosial, iqtisa­di və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Bu yol inteq­rasiyaya xidmət etməklə yanaşı, nəqliy­yat imkanları baxımından daha sərfə­lidir. Yol, yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat-infrast­ruktur sisteminə çıxışını təmin edir.

Qonaqlara daha sonra məlumat verilib ki, Azərbaycan Qarabağdakı er­mənilərə yüklərin, malların çatdırılma­sı üçün Füzuli–Şuşa yolundan istifadə olunmasını da təklif edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərinin bu yol vasitəsilə Xankəndiyə çatdırılması barədə avqustun 5-də ra­zılıq əldə olunub. Bundan 24 saat son­ra da Azərbaycanın sərhəd və gömrük rejimi qaydalarına riayət olunmaqla Laçın–Xankəndi yolunun da açılması nəzərdə tutulurdu. Lakin bu imkandan istifadə etmək əvəzinə, erməni sepa­ratçıları həmin yolda beton sədlər qu­raşdırmağa başladılar. Bundan sonra isə Ermənistan Azərbaycanı, guya, Xankəndiyə gedən yolları bağlamaqda ittiham etməyə başladı. Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumun­da məsələyə aydınlıq gətirərək bildirdi ki, Ermənistan yolları bloklayır, Azər­baycan isə avtomobil və dəmir yollarını açır.

Reinteqrasiya günün tələbidir

Diplomatlara bildirilib ki, reinteqra­siyaya alternativin olmadığını hesab edən Azərbaycan Qarabağ erməniləri­ni öz vətəndaşları kimi görür. Ölkəmiz onların hüquqlarını və öhdəliklərini öz Konstitusiyası əsasında təmin etməyə hazırdır. Lakin Ermənistan Azərbayca­nın bu xoşməramlı addımlarına cavab olaraq, Qarabağda yaratdığı qondarma separatçı rejim vasitəsilə proseslərə mane olur. Eyni zamanda, bu, Ermə­nistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara və iki ölkə arasında münasibətlərin normallaşdırıl­masına da mənfi təsir göstərir. 

Ermənilər sülh danışıqlarını poza­maq üçün təxribatçı hərəkətləri davam etdirir, “humanitar böhran” şousu yarat­maqla beynəlxalq qarayaxma kampani­yası aparırlar, lakin bunun heç bir təsiri olmayacaq. Ermənistanın müraciəti əsasında bu məsələ BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarı­lır. 27 il ərzində BMT Təhlükəsizlik Şu­rasının Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 4 qətnaməsi masa üzərin­də qalmışdı. BMT Təhlükəsizlik Şurası cəsarət tapıb Azərbaycanın torpaqları­nın işğalını müzakirə edə bilməmişdi, amma bu gün Ermənistanın qaldırdığı məsələ müzakirəyə çıxarılır.

Xarici ölkə diplomatlarının nəzə­rinə çatdırılıb ki, Azərbaycan Qaraba­ğın erməni sakinləri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün on­ları bir dəfə Bakıya, bir dəfə isə Yevlaxa dəvət edib. Təəssüf ki, Ermənistan qey­ri-konstruktiv yanaşmasını davam et­dirərək, bu dəvətlərdən imtina edib. Bü­tün bu mesajlar beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana çatdırılmalıdır. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması pro­sesinə töhfə verən tərəfdaşlar – Avro­pa İttifaqı, Rusiya, ABŞ da danışıqlar prosesində çətinliklə əldə edilmiş nai­liyyətlərin Ermənistanın manipulyasiya əməlləri nəticəsində itirilməsinə imkan verməməli, münasibətlərin normallaş­dırılması prosesinə, danışıqlara dəstək verməlidirlər. 

Sonda vurğulanıb ki, Azərbaycan bu məsələlərin müzakirəsinin digər yer­lərdə deyil, məhz burada aparılmasını vacib hesab edir. Ağdam – Xankəndi yolu istənilən humanitar yükün Bey­nəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdırılması, eyni zamanda, ehtiyac du­yulan malların Azərbaycan ərazisindən daşınması üçün açıqdır və bu yüklər, mallar ən qısa zamanda Xankəndiyə çatdırıla bilər.

Bərdə – Ağdam magistralı ilə tanışlıq

Ağdama səfər edən xarici diplomatik heyət Ağdam – Xankəndi yolunu Azər­baycanın mərkəzi hissəsi ilə birləşdirən Bərdə – Ağdam dəmir və avtomobil ma­gistralının tikintisi işləri ilə tanış olublar. Qonaqlara hər iki yolun layihəsi və tikin­tisi ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən olan Bərdə – Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Başlan­ğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I tex­niki dərəcəyə uyğun inşa edilir. Yolda qovşaqlar, körpülər, yeraltı keçidlər və digər qurğuların inşası tam başa çatdı­rılıb. Ümumilikdə, layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra edilib. Yolun tikintisinin yaxın müddətdə başa çatdı­rılması üçün əraziyə lazımi sayda qüv­və cəlb olunub.

Bərdə – Ağdam dəmir yolu xəttinin inşasına da 2020-ci ildə başlanılıb. Ti­kinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Xəttin yan yollarla birlikdə uzunluğu 57,9 kilometr, o cümlədən ox üzrə uzunluğu 47,1 ki­lometrdir. İndiyədək Bərdə – Ağdam dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 70 faizi yerinə yetirilib. Xətt üzərində 56,9 kilometr uzunluğunda uzunölçülü relslər quraşdırılıb, mühəndis və digər qurğuların tikintisi başa çatdırılıb.

Ağdam yenidən tikilir

Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani ta­nışlıqdan sonra qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən misilsiz dağıntılar haqqında ətraflı məlumat verilib. Onlar hazırda şəhərdə davam edən genişmiqyaslı qu­ruculuq işləri ilə yaxından tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bə­şir Hacıyev diplomatik heyət üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivə­sində həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verərək bildirib ki, Böyük Qayıdış proqramına əsasən, 2026-cı ilədək Ağdam şəhərində keç­miş məcburi köçkünlər üçün 5 yaşayış məhəlləsi və rayonda 12 kənd tikiləcək.

Artıq şəhərdə Ağdam Konfrans Mərkəzinin və 1 nömrəli tam orta mək­təbin tikintisi yekunlaşıb. İlk yaşayış məhəlləsinin, “Ağdam Residence” ya­şayış kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, Ağdam Muğam Mərkəzinin, “Park Qarabağ” yaşayış kompleksinin tikintisi də həyata keçiri­lir. Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işləri yekunlaşmaq üzrədir. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə sənaye parkı yaradılır. 

Qeyd edilib ki, “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi tanınan Ağ­dam Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə regionun ən gözəl şəhər­lərindən birinə çevriləcək, doğma yurd­larından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

“Xalq qəzeti”











Siyasət