Şərurda sənaye məhəlləsi

post-img

Muxtar respublikanın ən böyük rayonu olan Şərur son vaxtlar görülən işlər nəticəsində öz simasını dəyişmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirlir. Şərur şəhəri indi bir tikinti meydançasını xatırladır. 

Ötən il şəhərin Heydər Əliyev pros­pektində zirzəmi ilə birlikdə 6 mərtə­bədən ibarət olan 40 mənzilli yaşayış binasının təməli qoyulub. Hazırda bu­rada tamamlama işləri aparılır. Rayon mərkəzində daha bir yeni yaşayış bina­sının tikintisi üçün hazırlıq işləri görülür. Şəhərdə yeni avtovağzal binasının tikin­tisi yekunlaşdırılıb.

Şərur şəhərində son dövrlərdə diqqət mərkəzində olan tikinti obyekt­lərindən biri də Şərur Sənaye Məhəl­ləsi üçün yaradılmış kompleksdir. Ötən dövrdə burada 24 istehsal sexi, 6 inzi­bati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub. Səna­ye məhəlləsinin idarəedici təşkilatına aid otaqların və kiçik ölçülü istehsal və xidmət bloklarının yerləşdiyi inzibati bina 895 kvadratmetr ərazini əhatə edir. İstehsal bloklarının ümumi sahəsi isə 1300 kvadratmetrdir. 

12 blokdan ibarət birinci istehsal korpusunda ayaqqabı, Avropa qapı­ları, bərk və yumşaq mebel olmaqla, 2 mebel müəssisəsi fəaliyyət göstərir. Hər biri ayrı-ayrı sahibkara məxsus bu müəssisələrdə Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilir. Korpu­sun digər 6 blokunda isə rayonun möv­cud resurslarından istifadə olunmaqla müvafiq sahələr üzrə sahibkarların cəlb edilməsi üçün araşdırmalar aparılır. 2 hissədən ibarət ikinci korpusda məktəbli ləvazimatları, kağız kisə və karton tara müəssisələri fəaliyyət göstərəcəkdir. Hazırda məhəllənin bitki yağları istehsal sexində quraşdırma işləri davam edir.

“Xalq qəzeti”

Sosial həyat