Koalisiya Ermənistanda metallurgiya zavodu tikən şirkətləri insan hüquqlarına riayət etməyə çağırır

post-img

“Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin iki dövlət sərhədində yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodu ilə bağlı yaydığı cavab bəyanatını qınadığını bildirib. 

Koalisiyanın bəyanatında Ermənis­tanın sözügedən irimiqyaslı metallur­giya zavodunun tikintisi ilə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prinsiplərə, xüsusən də Transsər­həd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avro­pa İqtisadi Komissiyası Konvensiyası­nın (Espo Konvensiyasının) tələblərinə açıq şəkildə məhəl qoymadığı vurğula­nır. Eyni zamanda, Koalisiya bəyanat­da Espo Konvensiyasinın ekoloji prob­lemlərin milli sərhədlərdən kənardakı ərazilərə də təsirini qəbul etdiyini xatır­ladaraq birdən çox ölkənin təsirləndiyi müəyyən vəziyyətlər üçün beynəlxalq dialoqun vacibliyini vurğulayır. 

Bəyanatda daha sonra deyilir: “Azərbaycan tərəfi ilə qarşılıqlı razı­laşma olmadan sərhəd boyu ərazidə belə bir obyektin tikintisi transsərhəd situasiyalarda ətraf mühitə təsirin qiy­mətləndirilməsinə yönəlmiş 1991-ci il Espo Konvensiyasının tələblərinin açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Espo Konvensiyasının təlimatlarına uyğun olaraq, tikinti ilə bağlı Ətraf Mühitə Tə­sirlərin Qiymətləndirilməsi sənədi tikin­ti olan əraziyə yaxın olan Azərbaycan ərazisində yaşayan sakinlərin, eləcə də ekofəalların rəyi nəzərə alınmaqla, Azərbaycanın müvafiq qurumları tərə­findən araşdırılmalıdır”.

“Environmental Protection First” Koalisiyasının yaydığı bəyanatda haq­lı olaraq qeyd edilir ki, belə bir böyük zavodun tikintisi nəticəsində transsər­həd kontekstdə yaranan ətraf mühitə müdaxilə ilə bağlı Ermənistan Azər­baycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb. Məşhur ekoloq Garrett Har­din qeyd edirdi ki, bütün su axarlarının çirklənmə təhlükəsi var, ümumi torpaq­lardan istifadə hüququnun qanunla­ra əsasən idarəolunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razı­laşma əldə etməsi vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək.

Ermənistan tərəfinin cavabı əmək­daşlığı inkar etmək, Espo Konvensiya­sının tələblərini pozmaq və mövzudan yayınmaqdır. Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərin­də fəal iştirak etmək, zərərin həcmini ölçmək və potensial həllərin müəyyən edilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyə­ti nümayəndələrini (Azərbaycan və Gürcüstandan olan QHT-lər də daxil olmaqla) cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndir­mə aparmaq üçün əlverişli mühit yarat­malıdır.

“Xalq qəzeti”

Siyasət