İrəvanda ara qarışa bilər

post-img

“GALLUP”un sorğusu paytaxt meri
seçkilərinin saxtalaşdırılacağı barədə proqnoz verdi

Sentyabrın 17-də İrəvan şəhər meri vəzifəsinə seçki keçiriləcək. Ermənistan paytaxtında merin hansı siyasi düşərgəyə mənsub olması ölkə hakimiyyəti üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Belə ki, paytaxtı “ələ keçirən” siyasi qüvvə hökuməti onunla hesablaşmağa məcbur etmək gücündədir. Hesablaşmayacağı təqdirdə isə hökumətin işini sabotaj edə bilər. Bu baxımdan baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyası seçkidə nəyin bahasına olursa-olsun qalib gəlməyə çalışacaq.

Seçki günü yaxınlaşdıqca onun­la bağlı İrəvanda keçirilən müxtəlif rəy sorğuları da açıqlanır. Belə sorğulardan birini mərkəzi ofisi Vaşinqtonda yerləşən ABŞ-ın “GALLUP International Associ­ation” analitika və məsləhət şirkətinin Ermənistan nümayəndəliyi keçirib. Yeri gəlmişkən, qeyd edək ki, 1935-ci ildə Corc Qallup tərəfindən əsası qoyulmuş şirkət bütün dünyada apardığı ictimai rəy sorğularının obyektiv, qərəzsiz və etibar­lı olması ilə tanınıb. Şirkətin Ermənistan nümayəndəliyinin rəhbəri Aram Nava­sardyan keçirdiyi mətbuat konfransında sorğunun nəticələrini açıqlayıb. Bildirib ki, rəy sorğusu iyulun 27-dən avqustun 5-dək 809 respondent arasında keçirilib.

Sorğu zamanı vətəndaşlara “İrəvan meri seçkiləri ədalətli keçiriləcəkmi” sualı verilib. Respondentlərin 16,1 faizi “müt­ləq hə”, 28,9 faizi “yəqin ki, hə”, 19,5 faizi “yəqin ki, yox”, 32,1 faizi “qətiliklə yox” cavabını verib.

Sorğuda iştirak edən İrəvan sakin­lərinin 9,3 faizi hakim “Vətəndaş sazişi” partiyasının namizədi, bu partiyanın ya­radıcılarından və ölkənin baş nazirinin sabiq müavini olan Tiqran Avinyana, 3,7 faizi Hayk Marutyana, 2,8 faizi “Ermənis­tan” blokuna, 2,2 faizi “Ermənistan Avro­pa Partiyası”na səs verəcəyini bildirib. Rəyi soruşulanların 2,2 faizi Mane Tan­dilyana, 2 faizi isə David Xazakyana, 1,4 faizi “İctimai səs” partiyasının sədri Artak Qalstyana, 1,2 faizi Respublika Partiya­sına, 1,1 faizi Viktor Mnatsakanyana, 0,9 faizi Artak Zeynalyana, 0,7 faizi Natalya Rotenberqə səs verməyə hazırdır.

Maraqlıdır ki, respondentlərin 19,2 faizi seçkilərdə iştirak etməyəcəyini, 11 faizi namizədlərdən heç birinə səs ver­məyəcəyini bildirib. Bunun özü də vacib faktor hesab oluna bilər. Görünür ki, ar­tıq Ermənistan əhalisi namizədlərin seç­kiqabağı dövrdə verdikləri vədlərin yerinə yetirilmədiyini görərək, siyasi proseslərə biganəlik nümayiş etdirməyə başlayıb.

***

Bu arada İrəvanın keçmiş meri Hayk Marutyan seçkidə iştirak etməsi ilə bağlı yayımladığı videoda həm qərarının sə­bəblərini açıqlayıb, həm də hakimiyyəti sərt tənqid edib. Xüsusən də parlamen­tin sədri Alen Simonyanı hədəfə alıb. “Bi­zim komandanın böyük pulu, öz oliqarx­ları, mediası, inzibati rıçaqları yoxdur. Siz, irəvanlılar, bizim yeganə sərvətimiz­siniz”, – deyə Hayk Marutyan bildirib. Sabiq mer komanda yoldaşlarının kim olduğu barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, İrəvan meri vəzifəsinə 2018-ci il sentyabrın 23-də keçirilən növ­bədənkənar seçkilər nəticəsində Hayk Marutyan şəhərin meri olub. 2022-ci ilin dekabrında İrəvan Ağsaqqallar Şurası­nın “Mənim addımım” fraksiyası Marut­yana etimadsızlıq nümayiş etdirib. Merin səlahiyyətləri onun birinci müavini Hraç­ya Sarkisyana həvalə olunub.

“Erməni İnqilabi Federasiyası – “Daş­naksütyun” partiyası isə İrəvan meri vəzifəsinə keçirilən seçkidə iştirak et­məyəcəyini bildirib. Partiyanın ali orqa­nının yaydığı bəyanatda deyilir ki, seçki “Ermənistan və Artsax respublikalarının”, erməni xalqının üzləşdiyi mürəkkəb geo­siyasi çağırışlar və təhlükələr şəraitində keçirilir: “Əvvəldən bizim yanaşmamız belə idi ki, müxalifət seçkidə vahid siya­hı ilə iştirak etməlidir. Bu format həyata keçirilə bilmədiyi üçün “Daşnaksütyun” seçki üçün öz proporsional siyahısını irə­li sürməyi məqsədəuyğun hesab etmir”.

Bundan əvvəl isə Ermənistan Res­publika Partiyası seçkilərdə iştirak et­məyəcəyini açıqlamışdı.

“Joxovurd” qəzeti isə öz mənbələ­rinə istinadən yazır ki, “Vətəndaş sazişi” partiyasının seçki qərargahının rəhbə­rinin müavinləri ilə bağlı məsələ müba­hisə predmetinə çevrilib: “Bildiyiniz kimi, “Vətəndaş sazişi”nin seçki qərargahına Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbəri Armen Pambuxçyan rəhbərlik edəcək, ancaq seçki kampaniyasının koordinasiyasında ona kimlərin kömək edəcəyi qərarı verilməyib. Məsələ onda­dır ki, bir tərəfdən merliyə namizəd Tiq­ran Avinyan öz yaxınlarını bu vəzifələrə yerləşdirməyə, digər tərəfdən isə Armen Pambuxçyan özünün sadiq dostlarını tə­yin etməyə çalışır”.

Qeyd olunur ki, Avinyan seçki qərar­gahının rəhbərinin müavini vəzifəsinə Ar­men Qalçyanı, Pambuxçyan isə öz yaxın dostu, “Vətəndaş sazişi” fraksiyasının deputatı Vilen Qabrielyanı təyin etmək istəyir. “Bu mübarizənin necə bitəcəyinə Nikol Paşinyan qərar verəcək”, – deyə qəzet yazır.

Göründüyü kimi, seçki yaxınlaşdıqca, Ermənistanda siyasi hərarət də yüksəlir. Bu isə son illərdə dəfələrlə qarşıdurma, toqquşma meydanına çevrilən İrəvanın yenidən bu aqibəti yaşayacağı riskini artırır. Seçki saxtalaşdıralacağı təqdirdə paytaxt əhalisinin küçələrə tökülüşərək öz etirazını bildirəcəyi şübhəsizdir. On­suz da xalq arasında böyük nüfuza malik olmayan N.Paşinyan hazırda dilemma qarşısındadır: seçkini saxtalaşdırmasa müxalifət namizədi qalib gələ, saxtalaş­dırsa xalqın ciddi etirazı ilə üzləşə bilər. Onun bu vəziyyətdən necə çıxacağını qarşıdakı dövr göstərəcək.

Zaur Məmmədov,
politoloq

– Təkcə “GALLUP”un deyil, digər sosioloji rəy sorğularının da nəticələ­rinə görə, Tiqran Avinyanın və Hayk Marutyanın seçkidə daha çox səs ala biləcəyi ehtimal olunur. Hazırda onlara qarşı müxalifət mediasında ciddi kam­paniya aparılır, onlar təzyiqlərə məruz qalır. Eyni zamanda, müxalifət mediası tərəfindən onların şəxsi həyatlarının ic­timailəşdirilməsi prosesinə, belə deyək, start verilib. Onların həyat tərzi, əylən­cə məclislərində iştirakları ilə bağlı biz fotoşəkillərin, müxtəlif sosial şəbəkələr­də yayılmasına şahidlik edirik.

Amma ümumi götürdükdə sorğu­nun nəticələri də göstərir ki, irəvanlılar hələ tam olaraq kimə səs verəcəklərini müəyyənləşdirməyiblər. Hakim partiya­nın və onlara yaxın olan dairələrin na­mizədləri hazırda üst-üstə 15-20 faizi keçə bilmirlər. Bu, çox aşağı göstərici­dir. Biz bundan əvvəl İrəvanda keçirilən seçkinin nəticələri ilə müqayisə apar­dıqda bunu görə bilərik. Əvvəlki seç­kilərdə hakim partiyanın namizədi seçki ərəfəsində minimum 35-40 faiz səslə öndə olurdu.

Görünən odur ki, seçkiyə həm iq­tidar, həm də müxalifət ciddi yanaşır. Ona görə ki, qarşıdakı dövrdə Ermənis­tanda keçiriləcək parlament seçkilərinin nəticəsi, həm də, sentyabrın 17-də İrə­van şəhər meri vəzifəsinə keçirilən seç­kinin aqibətindən asılı olacaq. Ölkənin paytaxtı, demoqrafik baxımdan ən bö­yük şəhər olan İrəvanda toplanan səs­lər olduqca mühüm əhəmiyyət daşıyır.

Ümumiyyətlə, baş nazir Nikol Pa­şinyan ölkəsində keçirilən bu və ya di­gər seçkiləri demokratik seçkilər adlan­dırır və Ermənistanı demokratik dövlət kimi qələmə verməyə çalışır. Əslində isə bu seçkilər onun nəticələrinə ciddi şəkildə təsir etmək metodlarından isti­fadə olunduğunu göstərir. Hadisələrə obyektiv yanaşan istənilən şəxs bunu görə bilər. Seçkidə yüksək səs toplaya biləcək namizədlər sıxışdırılır və biz on­ların təzyiqlər nəticəsində namizədlik­lərini geri götürmələrinə şahidlik edirik. Yəni, bu, Ermənistanda sınaqdan çıx­mış siyasi texnologiyadır. Orada seç­kilərin nəticələrinə müxtəlif vasitələrlə təsir edirlər. Paşinyan rəqiblərinin qar­şısını rüşvətxorluq, çirkli pulların yuyul­ması və digər xoşagəlməz üsullarla alır. Ancaq görünən odur ki, İrəvan sakinləri daha Paşinyanın öz rəqibləri ilə bu me­todlarla mübarizə aparmasına dözmək niyyətində deyil.

Bütün bunları ümumiləşdirdikdə sentyabr ayında haylar arasında qız­ğın siyasi mübarizənin baş verəcəyini gözləmək olar. Biz daha çox küçə yü­rüşlərinin və mitinqlərin şahidi ola bilə­rik. Əgər seçkilər saxtalaşdırılacaqsa, dinc mitinq və yürüşlərin xarakteri də dəyişərək qarşıdurma xarakteri ala, iğ­tişaşa çevrilə bilər. Biz bunun örnəyini hələ 2008-ci ilin martında görmüşük. Həmin iğtişaşlar zamanı 10 nəfər hə­lak olmuş, 230 nəfər yaralanmışdı. İndi isə müxalifət başa düşür ki, onlar üçün hakim partiyanı və şəxsən Nikol Pa­şinyanı zəiflətmək üçün əllərinə yaxşı fürsət düşüb. Əgər müxalifət İrəvanın meri seçkisini qazana bilməsə, o za­man çətin ki, yaxın perspektivdə siyasi hakimiyyətə gələ bilsin.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət