Akademik Vladimir LUKYANENKO: Heydər Əliyev görkəmli rəhbər, xalqını ürəkdən sevən əsl vətənpərvər idi

post-img

Ukraynanın qocaman müəssisəsi olan M.Frunze adına "Sumı Elmi-İstehsalat Birliyi" ASC-nin 110 illik yubileyində ölkəmizi "Azərikimya" İstehsalat Birliyinin, “Azəriqaz” Səhmdar Cəmiyyətinin və “Azəriqaznəql” İstehsalat Birliyinin nümayəndələri təmsil etmişdilər. Maraqlıdır ki, yubiley tədbirindən əvvəl dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqları qəbul edən maşınqayırma müəssisəsinin baş direktoru, texnika elmləri doktoru, akademik Vladimir Matveyeviç Lukyanenko hər bir nümayəndə heyəti ilə ayaqüstü – cəmi 3-5 dəqiqə görüşdüyü halda, Azərbaycandan gəlmiş qonaqları daha yüksək səmimiyyətlə qarşılayaraq, onlarla yarım saatdan artıq söhbət etmişdi. Sən demə, bunun əsas səbəbi xalqımızın dahi rəhbəri Heydər Əliyev şəxsiyyətinə onun xüsusi ehtiramı imiş. Akademik həmin gün ulu öndərimiz haqqında ən isti ürək sözlərini, yüksək fikirlərini, dahi rəhbərlə görüşləri ilə bağlı işıqlı xatirələrini dilə gətirmişdi. 

Vladimir Lukyanenko kimdir? 1937-ci ildə dünyaya gəlib. 1961-ci ildə ali məktəbi bitirdikdən sonra M.Frunze adına Sumı Elmi-İstehsalat Birliyində usta köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonra baş usta, sex rəisi, baş mühəndis və baş direktor vəzifələrində çalışıb. 1986–1989-cu illərdə – Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini olan dövrdə o, SSRİ Neft və kimya maşınqayırması sənayesi naziri vəzifəsində çalışmışdır. Ukray­nanın Mühəndis Elmləri və Kibernetika Elmləri akademiyalarının akademiki, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı və Ukraynanın Milli Qəhrəmanıdır. Neft və kimya ma­şınqayırması sənayesinin inkişafındakı böyük xidmətlərinə görə SSRİ-nin və Ukraynanın ən yüksək orden və me­dallarına layiq görülmüşdür. 

Akademikin xatirələrindən bir qis­mini təqdim edirik: 

– 1986-cı ildə SSRİ-nin Neft və kimya maşınqayırması sənayesi nazi­ri təyin olunmuşdum. Mənim üçün çox xoş idi ki, bu sahəyə SSRİ Nazirlər So­veti Sədrinin birinci müavini kimi məhz Heydər Əliyev nəzarət edirdi. 

Çox prinsipial, qətiyyətli və işgü­zar bir rəhbər, yüksək daxili enerjiyə, iti zəkaya və düşüncəyə malik geniş intellektli bir adam olduğu haqqında müəyyən məlumatım olsa da, hələ görüşməmişdik. Bir gün məni yanına dəvət etdi. Gülərüzlə qarşıladı və rəh­bərlik etdiyim nazirliyin işi, problemləri ilə maraqlandı. Dedi ki, Siz SSRİ-nin maşınqayırma sənayesinin ən vacib sahələrindən birinə rəhbərlik edirsiniz, orada isə hələ istifadə olunmamış bö­yük potensiallar var. 

Və o, bizim nazirliyin fəaliyyətin­də elə ciddi sahələrə və məqamlara toxundu ki, düzü, bundan yalnız sahə­nin yüksək ixtisaslı və səlahiyyətli rəh­bərlərinin xəbəri ola bilərdi. 

Mən həqiqətən hiss etdim ki, bu şəxs heç də Siyasi Büronun qabaqca­dan hazırlanmış yazılı çıxışlara əsasən danışan, mövzunun qoyuluş çərçivə­sindən kənara çıxanda çaşıb qalan hər hansı bir üzvü deyil, geniş təfəkkürə, çevik düşüncəyə, möhkəm özüllü dərin və hərtərəfli biliyə malik, erudisiyalı bir rəhbərdir. Onun hər bir sözü, cümləsi konkret fikirlə yüklənmişdi. Bu sözlər, fikirlər mənə hər vaqonu, hər bir sister­ni qiymətli məhsulla dolu olan ağır yük qatarlarını xatırladırdı. 

Heydər Əliyev nazirliyə dair bəzi təklif və mülahizələrini bildirdikdən sonra dedi: 

– Vladimir Matveyeviç, bilirsiniz ki, mən neçə illər Azərbaycana rəhbərlik etmişəm, respublikanın iqtisadiyyatının qaldırılması üçün bir çox geniş miqyas­lı, səmərəli tədbirlər həyata keçirilib. Ancaq mənə elə gəlir ki, respublikanın maşınqayırma sənayesində hələ istifa­də olunmamış xeyli potensial var, an­caq, təəssüf ki, Bakıdakı müəssisələrin maşın parkı bugünün tələblərinə uyğun deyildir. Sizdən xahiş edirəm, vaxt ta­pıb, Azərbaycana gedəsiniz, respubli­kanın maşınqayırma kompleksinin və­ziyyəti və fəaliyyəti ilə daha yaxından, bilavasitə tanış olub, fikir və təklifləri­nizi mənə bildirəsiniz. Bu, son dərəcə vacibdir, çünki Bakı və Sumqayıtda neft-kimya sənayesi sürətlə inkişaf edir, maşınqayırma sənayesi də ona paralel irəliləməlidir. 

– Baş üstə, Heydər Əliyeviç, – de­dim. Həmin anda onun əsl insanlıq göstəricisi olan sadəliyi, səmimiyyəti büsbütün fikrimə hakim kəsilmişdi. Axı elə ali vəzifədə çalışan adam “xahiş edirəm” demədən də öz rəsmi göstə­rişini verə bilərdi və işin tam yerinə yetirilməsi üçün bu, kifayət idi. Ancaq, yəqin ki, yüksək elitar mədəniyyəti, sa­dəliyi və səmimiyyəti onu amiranə tərz­də danışmağa qoymurdı. 

Şübhəsiz ki, bir müddət sonra mən Heydər Əliyevin tapşırığına əməl edərək, ilk dəfə Bakıya gəldim. Azər­baycan həm də mənim nazir kimi işgü­zar səfərə çıxdığım ilk ittifaq respublika­sı idi. O zaman Azərbaycanın Nazirlər Soveti sədrinin birinci müavini işləyən Artur Rasizadə və respublikanın ma­şınqayırma kompleksinin rəhbəri Əli Qaraxanovla görüşərək, Heydər Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr barədə məlumat verdim. Onlarla birgə Bakının maşınqayırma zavodlarını gəz­dik, hər bir müəssisənin texniki-iqtisadi göstəriciləri, istehsal potensialı, maşın parkının vəziyyəti və s. ilə yaxından tanış oldum. Gördüklərim, şahidi ol­duqlarım məni xeyli təəccübləndirdi və təəssüfləndirdi. İlk növbədə ona görə ki, bu müəssisələrdə güclü mütəxəssis potensialı var idi, ancaq texniki tərəqqi və yeniləşmə sanki Böyük Qafqaz dağ­larına “ilişərək” qalmış, bura gəlib çat­mamışdı. Həm də ona təəccübləndim ki, bu cür mənəvi və fiziki cəhətdən köhnəlmiş texnoloji avadanlıqlarda Bakı müəssisələri neft sənayesi üçün kifayət qədər böyük həcmdə və keyfiyyətli neft­çıxarma avadanlıqları istehsal edirdi. Bunu da başa düşmək çətin deyildi ki, 1950–1960-cı illərin artıq sıradan çıx­maqda olan dəzgah parkında, texnoloji xətlərdə yüksək keyfiyyətli məhsul əldə etmək hansı əziyyətlər, çətinliklər baha­sına başa gəlir. 

Pərişan halda Moskvaya qayıtdım. Ertəsi gün nazirlik aparatının geniş müşavirəsini keçirdim. Maşınqayırma müəssisələrinin yenidən qurulması, dəzgah parkının təzələnməsi zərurə­tini önə çəkdim. Texniki tərəqqiyə ca­vabdeh olan baş idarələrin rəhbərləri­ni ciddi tənbeh edərək, Azərbaycanın maşınqayırma sənayesinə olan laqeyd münasibətin səbəblərini araşdırmağa çalışdım. Fikirlər səsləndi ki, Bakıda iş­lərimiz çoxdandır zəif gedir, guya, hə­min müəssisələrdə texniki tərəqqiyə o qədər də meyil yoxdur və s. Soruşdum ki, axı hansı zəiflikdən, perspektivsiz­likdən söhbət gedə bilər ki, Azərbaycan müəssisələri SSRİ-nin neft avadanlıq­larının təxminən 70 faizə qədərini ve­rir. Bəs, siz hara baxırsınız? Müşavirə iştirakçılarına göstərilən səbəblərin və gətirilən dəlillərin özünümüdafiədən başqa bir şey olmadığını söyləyərək, Azərbaycanın neft və kimya maşınqa­yırmasının gücünü artırmaq, orada texniki tərəqqinin daha geniş tətbiqinə nail olmaq, zavodların texnika parkının təzələnməsi, modernləşdirilməsi üçün qəti tədbirlər görərək, təxirə salmadan ciddi işə başlamaq barədə müvafiq göstərişlər verdikdən sonra Heydər Əliyevin görüşünə getdim. 

Heydər Əliyeviç məni kabinetində çox mehribanlıqla qarşıladı və səbrlə, lakin hiss olunacaq intizarla Bakıya səfərimin nəticələri haqqında fikir və təkliflərimi dinlədi. O, Bakı müəssisələ­rinin texniki səviyyəsinin həqiqətən aşağı və zəif olmasından açıq-aşkar təəssüf hissi keçirərək məyus oldu. La­kin vəziyyəti dəyişmək, həmin müəs­sisələrin ən son və mütərəqqi texno­logiya əsasında yenidən qurulması üzrə nəzərdə tutduğum tədbirlər onda bir qədər nikbinlik yaratdı. Buna bax­mayaraq, hələ də fikirli halda dedi:

– Vladimir Matveyeviç, mən Siz­dən xahiş edirəm, Bakıdakı vəziyyəti, zavodların rekonstruksiyası, avadan­lıqlarını təzələnməsi işlərini şəxsi nə­zarətinizə götürün. Sizə hansı kömək lazımdırsa, edəcəyəm, təki Azərbay­canın maşınqayırma kompleksi müasir tələblər səviyyəsində yenidən qurul­sun. Və hər rübdə Bakıya gedib, bütün işlərin gedişinə şəxsən özünüz rəhbər­lik eləyin. 

Şübhəsiz ki, məndə özünə və Azər­baycan xalqına qarşı xüsusi ehtiram və rəğbət hissi oyatmış belə bir görkəmli şəxsiyyətin göstərişini yüksək səviy­yədə yerinə yetirməyə çalışırdım. Bir neçə ay ərzində Bakının əksər ma­şınqayırma zavodlarını həm SSRİ, həm də xarici ölkə müəssisələrinin istehsalı olan ən mütərəqqi texnologi­yaya malik alət və avadanlıqlarla təmin etmək üçün nazirliyimizin bütün qüv­vələrini səfərbərliyə aldım. 

– Və biz qısa bir müddətdə Bakı müəssisələrini o qədər həcmdə ava­danlıqla təmin etmişdik ki, məndə olan məlumata görə, hətta SSRİ dağıldıq­dan xeyli sonra da həmin avadanlıqla­rın göndərildiyi konteynerlərin bir qismi zavodların həyətində, açılmamış vəziy­yətdə qalmışdı. Onu da deyim ki, bütün İttifaq üzrə işimin çoxluğuna və gərgin­liyinə baxmayaraq, hər 4-5 aydan bir nazirliyin mütəxəssisləri ilə birgə Azər­baycana gedib, maşın və dəzgah park­larının yeniləşdirilməsi, rekonstruksiya işləri ilə yerindəcə tanış olurdum. Ma­şınqayırma zavodlarının texniki cəhət­dən yenidən qurulduğunu gördükcə sevinir və bu barədə hər dəfə Heydər Əliyevə məlumat verirdim. Hiss edirdim ki, o, istəyinin yerinə yetməsindən nə dərəcədə böyük fərəh duyur. Azərbay­canı, doğma xalqını necə böyük ürəklə, kövrək duyğularla sevir, buradakı hər bir uğura necə qəlbən sevinir. 

Bəli, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi görkəmli övla­dı, zirvə fatehi olub. Heydər Əliyevin də ruhu şaddır ki, dahi rəhbər kimi onun xatirəsini yaşadan, qədirbilən xalqı var.

Qələmə aldı:
Rəhman ORXAN,
Əməkdar jurnalist





Sosial həyat