Heykəli yandıran bir gün körpülərə də od vuracaq

post-img

Haylarla bir cəbhədə yer alan Fransa, İran və Hindistanın Azərbaycana qarşı düşmənçilik siyasəti bütün çılpaqlığı ilə ortadadır

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Qələbə onun təkcə dünya ölkələri ilə olan münasibətinə deyil, regiondakı güclər balansına da öz təsirini göstərdi. Üstəlik, 44 günlük müharibədən sonrakı dövr bölgədə, həmçinin qüvvələr nisbətini üzə çıxarmış oldu. İndi bütün kartların açılıb masa üzərinə düzüldüyü məqam yetişib. 

Azərbaycan kartların üzü çevrilmədən də dostunun və düşməninin kim olduğunu dəqiq bilirdi. İndi sadəcə pərdə qaldırılıb, oyunçuların əsl simaları aydınca görünür. Amma cavabını gözləyən bəzi suallar hələ də qalmaqdadır. Belə suallardan biri Hayastan–Hindistan “qar­daşlığıdır”. Dehli üçün uzun illər heç bir əhə­miyyət kəsb etməyən Ermənistan zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra, nədənsə, etibarlı tərəfdaşa, “qardaşa” çevrildi, ölkələrarası əlaqələr güclənməyə başladı. Bir çox beynəlxalq platformalarda Er­mənistanın “vəkili” rolunda çıxış etməyi özünə rəva bilən rəsmi Dehli hərdən ölkəmizə qarşı siyasi bəyanatlar səsləndirməkdən də çəkin­mədi. Əslində, bu tip davranışları ilə Hindistan İrəvanın Azərbaycana qarşı məkrli siyasətinin, xain əməllərinin ortağına çevrildi. Bakı dip­lomatik baxımdan belə şübhəli və təxribatçı hərəkətlərin yolverilməzliyini rəsmi Dehlinin nəzərinə çatdırmalı idi.

Dehli beynəlxalq hüquqa hörmət etməlidir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səla­hiyyətli səfiri Sridharan Madhusudhanan ilə məhz bu məqsədlə görüşdü. Həmin görüşdə H.Hacıyev səfirin diqqətinə Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın də­rinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu çatdırıb. Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın Er­mənistanla sülh sazişi üzrə danışıqlar apardı­ğı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın milita­rizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır, bu isə Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulma­ma Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir. Görüş zamanı H.Hacıyev Hindistan səfirinə Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çat­dırmağı və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyin vacibliyini bildirib.

Hayastan–Hindistan ortaqlığının Bakı üçün narahatlıq yaradan tərəfi son illər Deh­linin Ermənistanla hərbi sahədə əməkdaşlığı daha da genişləndirməsidir. Heç kimə sirr de­yil ki, Hindistanın ölkəmizə qarşı qeyri-səmi­mi, ikiüzlü münasibətinin əsas səbəbi Azər­baycan-Pakistan münasibətləri, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın güc­lənməsidir. Bu barədə İrəvanın Hindistanda­kı keçmiş səfiri Armen Barburtyanın fikirləri olduqca maraqlıdır: “Pakistan və Azərbaycan arasında xüsusilə hərbi sahədə qarşılıqlı fəa­liyyət və əməkdaşlıq Hindistanın Ermənis­tanla münasibətləri inkişaf etdirmək istəyinə öz təsirini göstərir”. 

Kəşmir məsələsi Bakı üçün qırmızı xətdir 

Yeri gəlmişkən, Dehlinin İrəvanla şü­bhəli hərbi əməkdaşlığı ilə bağlı ilk xəbər­darlığı 2023-cü il mayın 19-da Sridharan Madhusudhananın səfir etimadnaməsini qə­bul edərkən Azərbaycan Prezidenti İlham Əliyev etmişdi: “Bu gün Ermənistanda revan­şist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır. Əgər, doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün Hindistandan 100 milyonlarla dollar dəyərində silah alır? Bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər”.

Aydın məsələdir ki, Azərbaycan və Pa­kistan arasındakı şəffaf və qarşılıqlı etimada söykənən münasibətlər “hay-hind tandemi” üçün bir bəhanədir. Əgər Hindistanın Bakı­dan narazılığının təməlində, doğrudan da, bu məsələ dayansaydı, bu ölkənin təhlükəsiz­liyinə təhdid hesab edilə biləcək məsələlər çoxdan özünün həll yollarını tapmışdı. Rəs­mi Dehlinin Cənubi Qafqazda ermənilərlə əməkdaşlığa üstünlük verməsinin əsas səbəbi İslamabadı Kəşmir məsələsində güzəştə get­məyə məcbur etməkdir. Fəqət bu münaqişə Pakistandan ötrü ölüm-dirim məsələsidir və onun hansı formada çözülməsindən asılı ol­mayaraq, İslamabad-Bakı münasibətlərinə elə bir ciddi təsirinin olmayacağını düşünü­rük. 

Hərbi əməkdaşlıqla yanaşı, Dehlini İrə­vanla çoxvektorlu ticarət münasibətləri də bağlayır. 2023-cü il martın əvvəlində Ermə­nistan XİN-in başçısı A.Mirzoyan Hindistan mallarının Rusiyaya və Qara dəniz vasitəsilə Avropa ölkələrinə tranzit yolunu qısaldacaq ticarət dəhlizinin verilməsinin mümkünlüy­dən danışmışdı. Hayastanın baş diplomatı Dehliyə faktiki olaraq “İran körfəzi – Qara dəniz” layihəsinə qoşulmağı təklif etmişdi. Yəni, buradan göründüyü kimi, Mirzoyanın dediyi planın ideoloqu Tehrandır və onun si­yasi iradəsi və razılığı olmadan bu layihə heç cür reallaşa bilməz. 

İrəvan istənilən an Dehliyə xəyanət edə bilər

Hindistan hökuməti Hayastanın hərbi və siyasi cəhətdən güclənməsinin ona əlavə dividendlər qazandırmayacağının fərqində­dir. Xatırladaq ki, hələ 2020-ci ilin yazında, Ermənistan Azərbaycanla müharibəyə “ha­zırlaşdığı” üçün Hindistandan dörd yerüstü radar sistemini satın almaq qərarına gəlmiş­di. Bu məqsədlə iki ölkə arasında dəyəri 40 milyon dollardan çox olan müqavilə də im­zalanmışdı. Əslində Dehlinin bu addımı at­maqda əsas məqsədi Bakını və İslamabadı qıcıqlandırmaq idi. Bölgədə və beynəlxalq arenada düçar olduğu saysız-hesabsız uğur­suzluqlara baxmayaraq, Ermənistan yenə Hindistanla hərbi əməkdaşlı genişləndirmək­dədir. Şübhə yoxdur ki, bu iki ölkə arasında güclənən hərbi əməkdaşlıq Cənubi Qafqazda gözlənilən sülhə birbaşa təhdid deməkdir. Azərbaycanın moderatorluq etdiyi əksər beynəlxalq layihələrdə Hindistana qar­şı münasibəti heç də birmənalı olmayıb. Məlumdur ki, Qədim İpək Yolunun inki­şafında, istərsə də bizim üçün strateji əhə­miyyətli Zəngəzur dəhlizinin açılmasında rəsmi Bakı Hindistana etibar etmir. Bunun bir səbəbi də Dehlinin xarici siyasətində is­lamofobiya amilinin dayanmasıdır. Haylar­dan yoluxduqları bu epidemiya Hindistan siyasilərinin bölgədəki real vəziyyəti, onun inkişaf perspektivini və burada sülhün va­cibliyini düzgün qiymətləndirməsinə mane olur. Hindistan “İran körfəzi – Qara dəniz” layihəsinə məhsullarını Avrasiya İqtisadi İt­tifaqının (Aİİ) çoxmilyonluq bazarına çıxa­racaq körpü kimi baxır. Amma bu marşrutda Ermənistanın hərbi xarakterli xüsusi statusa malik olacağını da vurğulamağı unutmur. Xatırladaq ki, “üçlüy”ün (Hindistan, İran və Ermənistan) ortaq layihəsi barədə “sputnik Armeniya”ya açıqlama verən Hindistanın iq­tisadi-ticari təşkilatının prezidenti Asif İkbal ölkəsinin 2024-cü ildə Aİİ-də müşahidəçi ol­mağa hazırlaşdığını demişdi: “Layihəmiz işə düşəndən sonra Ermənistanla bütün treklər­də, o cümlədən müdafiə sahəsində əməkdaş­lığımızı dərinləşdirmək imkanı əldə edəcə­yik. Bu məqsədlə yaxın günlərdə Hindistanın Ermənistandakı səfirliyinin yanında sahəni kurasiya edəcək attaşe təyin olunacaq”.

Amma erməni diplomat məlum marş­rutla daşınacaq yükün mülki, yoxsa hərbi xarakterli olacağı ilə bağlı heç bir açıqlama verməyib. Turizm, məişət tullantısı adı al­tında İrəvanla Dehli arasında aparılan bütün danışıqların və layihələrin görünlməyən tərə­fində hərbi-sənaye xarakterli ticarətin, silah alverinin dayanması faktı abıvatellərə də gün kimi aydındır. 

“Hay” adlı gecpartlayan mina 

İndi isti görünən Hindistan–Ermənistan münasibətləri hər an soyumağa başlaya bilər. Bunun ən yaxın tarixdə bariz nümunəsi də var. 2021-ci il aprelin 28-də Hindistan Milli Azadlıq Hərəkatının lideri, azadlıq mücahidi Mahatma Qandinin İrəvandakı heykəlinin yandırılması faktdır. Baxmayaraq ki, həmin abidə Ermənistan Ağsaqqallar Şurasının yek­dil qərarı ilə ucaldılmışdı. Amma hansısa səbəbdən abidənin rəsmi açılışı baş tutma­mış, əksinə, heykəl “sərxoş hay” tərəfindən təhqirə məruz qalmışdı.

Bəs bu vandalizm aktının əsl səbəbi nə idi? Səbəb kimi Mahatma Qandinin Mustafa Kamal Atatürk başqa olmaqla Türkiyənin o dövrdəki rəhbərliyi ilə yaxın münasibətdə ol­ması və qondarma “erməni soyqırımı”nı rədd etməsi göstərilir. Digər bir səbəb isə 2021-ci il aprelin 24-də Hindistanın Ermənistandakı səfirliyinin Tvitter səhifəsində qondarma er­məni soyqrımı ilə bağlı paylaşım edildikdən az sonra “soyqırımı” sözünün silinməsi olub. Redaktədən sonra mətn bu cür verilib: “24 apreldə Ermənistanda həlak olan ermənilərin anma gününün 106-cı ildönümü qeyd edilir”. Hayları qeyzləndirən həmin düzəliş olub. 

Yazımızın sonunda oxucularımızın diqqətinə ermənilərin Hindistandan qovulma tarixçəsini çatdırmaq istərdik. Tarixi mən­bələrdə V-VI əsrlərdə Çin-Hindistan qarşı­durmasında hindlilərə xəyanət etdikləri üçün ermənilərin bu ölkədən qovulduqları barədə qeydlər var. Amma hay tarixçiləri hər vəchlə bu faktı yada salmağı “unudurlar”. Onların siyasiləri isə riyakarcasına hind-hay “dostlu­ğundan” dəm vururlar. 2017-ci ildə Dehliyə rəsmi səfər edən Ermənistanın sabiq prezi­denti Serj Sarkisyan burada maraqlı açıqlama verib. O, erməni və hind xalqlarını bir-birinə dərin mənəvi-tarixi köklərin bağladığını bil­dirib. Amma bu köklərin haradan “rişələndi­yi” hələ də məlum deyil.

Bəli, hayların hindlilərlə öz aralarında saldığı “qardaşlıq körpüsünün” altında yer­ləşdirdikləri “xəyanət minasını” gec-tez part­ladacaqları şəksizdir. Onların evinə sığındığı, çörəyini yeyib, suyunu içdiyi qonşularına etdikləri nankorluq və mərdiməzarlıq “təcrü­bələri” bu ehtimalın reallaşacağına qəti şübhə yeri qoymur. Daş heykələ od vuran üçün tax­ta körpünü yandırmaq çətin deyil. 

Tofiq ABBASOV,
siyasi şərhçi

Dünyada koalisiyaların müxtəlif mənşəyi, motivasiyası və müddəti olur. İndiki halda Ermənistan ərtafında böyük müttəfiqlər koalisiyasının formalaşmasını müşahidə edirik. Söhbət Fransa, İran və Hindistanın birgə fəaliyyətindən gedir. İkinci “divizionda” Yunanıstan, Kipr, di­gər məmləkətlər də var. Onlar Türk Birli­yinə qısqanclıqla yanaşır və bizim uğurla­rımızı rahat həzm edə bilmirlər. Mövcud vəziyyətə baxdıqda Fransa, Hindistan, digərləri heç də Ermənistanın qayğıları­nı deyil, özlərini düşünürlər. Çünki hər birinin ayrı-ayrılıqda geosiyasi baxışları, prioritetləri var və birlikdə Ermənistandan yararlanmaqla gələcək planlarını müəy­yən edirlər. 

Burada söhbət ilk növbədə, kommu­nikasiyalara nəzarətdən gedir. Dəhlizlər mücadiləsinin getdiyini bilirik və bu pro­sesdə, deyərdim ki, Şimal-Cənub dəhlizi ətrafında ehtiraslar qızışmaqdadır. Azər­baycan, Rusiya və İran bu marşrutun əsas bəndləridir. Amma bu nəqliyyat dəhlizini fərqli variantlarda görənlər də var. Bunlar marşrutu Hindistandan başlayaraq, dəniz yoluna çıxmaq, sonra Gürcüstana və Qara dənizə, sonda Avropaya, yəni Fransaya doğru çatdırmaq niyyətini güdürlər. İntə­hası, bu variantın Azərbaycan və müttə­fiqlərinin təklif etdiyi yoldan qat-qat baha başa gəlməsi dərhal gözə çarpır. Axı İran­dan birbaşa Gürcüstana yol yoxdur, ona görə Ermənistan ərazisindən keçməlidir­lər. Ermənistanın nəqliyyat şəbəkəsi isə zəif və bərbad vəziyyətdədir. Hələlik, bu layihə ətrafında spekulyasiyalar gedir və başqa xakakterli təmayüllər, o cümlədən silah-sursatın daşınması variantı gündəm­dədir. Bununla onlar Ermənistanın hərbi cəhətdən gücləndiyini və guya, Azərbay­canın üzərinə gələ biləcəyini deməyə çalı­şırlar. Əlbəttə ki, bu, blefdir. 

Fransaya isə 50-yə yaxın nüvə reak­torunu hərəkətə gətirməkdən ötrü uran lazımdır. Parisi Afrikadan vurub çıxar­dılar və bu mədənlərin açarı indi Ru­siyanın əlindədir. Bu halda alternativ variant Orta Asiya ölkələri, konkret Qa­zaxıstan və Özbəkistan uran yataqlarına malikdir. Fransa onlara yaxınlaşmağa çalışır, yolun açarı isə Azərbaycandır. Hindistan hazırda şübhəli və sürüşkən mövqe tutur. Dehli bölgədə öz imkanlarını genişləndirməyə can atır. Pakistanla fakti­ki düşmən olan Hindistan üçün Azərbay­can – Türkiyə – Pakistan üçlüyünün bir cərgədə olması narahatedici amildir. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət