“Humanitar yük” adı altında...

post-img

Jozep Borrell hayların təbliğatının təsiri altına düşüb 

“Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq verdiyi bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur”.

Borrellin bəyanatı ilə bağlı Azər­baycan XİN-in açıqlamasında daha sonra bildirilir ki, Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yük­sək qiymətləndirilir. Amma “2020-ci ildə 44 günlük müharibədən sonra ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təh­did olmaqda davam edən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam olaraq çıxarılmaması ilə yanaşı, Laçın yolundan istifadə etməklə Er­mənistanın qeyri-qanuni fəaliyyətlə məşğul olmasına, Azərbaycan əra­zilərinə silah-sursat, eləcə də mina daşınmasına, Azərbaycanın təbii sərvətlərinin Ermənistana aparılma­sına Azərbaycan tərəfinin etirazları­na heç zaman məhəl qoyulmaması və gördüyü legitim tədbirlərin La­çın yolunun bağlanması kimi təq­dim edilməsi kökündən yanlışdır”. XİN, həmçinin onu da nəzərə çatdırır ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyə­tinə qarşı etiraz aksiyalarına bax­mayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitə­sinin Laçın yolundan keçidi həyata keçirilib. “Azərbaycan tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsi­nin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub. Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhd­lərinə, eləcə də 26 iyul tarixində “hu­manitar yük” adı altında avtomobil konvoylarının göndərilməsi təxriba­tına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan ya­radıb”.

“Daha böyük yüklərin Azərbaycan əra­zisinə gətirilməsinə gəldikdə, Ermənistan­dan irəli gələn təhdidlər nəzərə alınmaq­la, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklif olunub” – deyilən açıqlamada bu təklifin Aİ, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Er­mənistan tərəfinin və özlərini yerli ermə­ni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq, yüklərin daşınmasının qarşı­sını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipul­yasiyadan başqa bir şey olmadığını sübut etdiyi vurğulanır. 

*** 

“Azərbaycanın gördüyü legitim təd­birlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır”. Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə Aİ rəsmisi Jozep Borrelin böl­gədə vəziyyət barədə bəyanatını şərh edərkən deyib. Nazirlik rəsmisi bildirib: “Eynilə, Beynəlxalq Ədalət Məhkəməsi­nin məlum qərarlarının açıq-aydın şəkildə yanlış şərhinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır. Azərbaycanın öz sərhəd­lərinə nəzarət hüququnu bir daha təs­diq edən və Ermənistanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu təsdiqləyən 6 iyul tarixli qərarı bir daha göstərib ki, Azərbaycanın öz təh­lükəsizliyini qoruması legitim tədbirdir”.

 

“Xalq qəzeti”

Siyasət