Bir şəklin tarixçəsi

post-img

İrəvan xanlarının nəsil şəcərəsi mənbələrdə

Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərindəki ev-muzeyində orijinal bir şəkil var. Bu tarixi fotonu ilk dəfə 2004-cü ildə “Şərq qapısı” qəzetində çap etdirəndən sonra orada təsviri olanların kimliyi ilə bağlı araşdırmalara başladıq.

İndiyədək bir çox kitablarda, jur­nallarda və muzeylərdə maraqla qar­şılanan bu şəkildə bir neçə nəfərin şəxsiyyəti dəqiqləşsə də, axtarışlara, araşdırmalara nöqtə qoyulmamışdı. Axtarışlarımızın uğurlu nəticələnmə­sinə “Avrasiya gündəliyi” portalındakı müsahibə səbəb oldu. 

2016-cı ilin iyun ayında Bakıda Dün­ya Azərbaycanlılarının IV Qurultayı ke­çirildi. Məclisə gələn nümayəndələrdən biri də İrəvan xanlarının qürbətdə yaşa­yan varislərindən olan Turhan Turqut idi. Onun “Avrasiya gündəliyi” portalında müsahibəsi çox maraqla qarşılanmışdı.

Turhan Turqutun açıqlaması ümumi xarakter daşıyırdı. Yəni o, İrəvan xanla­rının şəcərəsinin dərinliyinə getməyərək bəzi maraqlı, vacib məqamlardan söhbət açmışdı. Necə deyərlər, maraq mənə də güc gəldi. Çünki Naxçıvan xanlığının ta­rixini araşdırarkən İrəvan xanlığı ilə bağlı bir çox məsələlər də mənim üçün aydın­laşmışdı. Turhan Turqutla elektron poçt vasitəsilə tanışlıqdan sonra bir müddət hər gün məktublaşdıq. 

İrəvan xanlığının tarixinə, azacıq da olsa, ekskurs edək. Bir çox arxiv mən­bələrindən və İrəvan xanlığına aid yazıl­mış kitablardan məlum olur ki, Həsənəli xan Qacar 1755–1759-cu illərdə İrəvan xanlığını idarə etmişdir. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azər­baycan torpaqlarına köçürülməsi” mo­noqrafiyasında öz əksini tapan Həsənəli xanın İrəvanın yerli Qacarlarından ol­duğu haqda məlumatı bir çox mənbələr təsdiqləyir. Və oradaca qeyd edilmişdir ki, Həsənəli xan Qacar hələ Nadir şah dövründə İrəvan hakimi olmuş və şah tərəfindən cəzalandırılaraq hər iki gözü çıxarılmışdı. 1759–1760-cı illərdə onu qardaşı Hüseynəli xan Qacar əvəz et­mişdir.

Buradaca bir haşiyə çıxaq. Şə­cərəşünas alim Ənvər Fərəcov “İrəvan xanları, onların mənşəyi, nəsilləri” adlı məqaləsində yazır: “Həsənəli xan İrə­vanı yenidən qurmuş, iqtisadiyyatını dir­çəltmiş, əhalisini yaxşı yaşamla təmin et­mişdi. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı”.

Ənvər Fərəcovun yazdığından mə­lum olur ki, 1827-ci ilin iyununda Nax­çıvandakı Abbasabad qalasında gedən döyüşlərdə 4 min bəxtiyarı və azərbay­canlı sərbaza Məhəmməd xan başçılıq edirmiş. Rusiya qoşunları qalanı tutan­dan sonra onu da Tiflisə əsir aparmışlar. Tədqiqatçı Həsənəli xanın və Hüseynə­li xanın atasının Xəlil xan olduğunu da qeyd etmişdir. Bu, həmin Xəlil xandır ki, 1751–1755-ci illərdə İrəvana xanlıq et­mişdir.

İrəvan şəhərində anadan olan Hü­seynəli xan mükəmməl mədrəsə təhsili almışdı. O, qurucu, səxavətli bir xan ol­muşdur. Hətta o, İrəvan şəhərini yenidən qurmaq üçün Xoy xanlığının baş mema­rı Mirzə Cəfəri İrəvana dəvət etmişdi. Bu haqda “İrəvan xanlarının diplomatik məktubları” külliyyatında ətraflı məlumat var. Görkəmli Azərbaycan memarı Mirzə Cəfər Xoylu məşhur Yeni Xan Sarayını tikmişdir. Azərbaycan memarlığının na­dir incilərindən olan Göy məscidi Hü­seynəli xan tikdirdiyi üçün onun şərəfinə hələ sağlığında və sonralar da bu məbəd “Hüseynəli xan məscidi” adlanmışdır. Həmin məscidi 1988-ci ildə erməni van­dalları yandırmışlar.

1783-cü il noyabrın 9-da qiyamçılar Hüseynəli xanı öldürmüşlər.

Hüseynəli xan Naxçıvan xanı I Kal­balı xanın və Xoy xanı Əhməd xanın qayınatası idi. Hüseynəli xanın Qulaməli xan və Məhəmməd xan, Məhəmmədqu­lu xan adlı oğulları, Tükəzban xanım və Səltənət xanım adlı qızları olmuşdur. Di­gər övladları da ola bilər, hələlik kameral siyahılarda yuxarıda qeyd etdiklərimizin adlarına rast gəlmişik.

Qulaməli xanı 15 yaşında atasının ölümündən sonra xanlıq taxtına əyləşdir­mişlər. O, cəmi 8 ay hakimiyyətdə qala bilmişdir. 1783-cü ildə hakimiyyətə gəlsə də, 1784-cü ilin yayında saray çevrilişi zamanı qətlə yetirilmişdir. Onun yerinə 12 yaşlı Məhəmməd xan (bəzi mənbələr­də Məhəmmədhüseyn) təyin olunmuş­dur. Məhəmməd xan da atası Hüseynəli xan kimi qurucu və xeyirxah olmuşdur. O, kürəkənləri naxçıvanlı I Kalbalı xanla çox vaxt eyni diplomatiya apardığından Fətəli şahın qəzəbinə gəlmiş və 1806-cı ildə tutulub Tehran həbsxanasına aparıl­mışdır. Qeyd edək ki, o, Ağa Məhəmməd şah Qacarın da hakimiyyəti dövründə həbs edilmişdir. Sənədlərin dili ilə desək, Məhəmməd xan 1784-cü ildən 1805-ci ilin iyununa qədər İrəvana xanlıq etmiş­dir. 

Məhəmməd xanın Rzaqulu xan, Həsənəli xan, Hüseynəli xan və Məhəm­mədhüseyn xan adlı oğulları olmuşdur. Ənvər Fərəcovun yazdığına görə, on­ların 3-ü şair olub. Xəlil xanın 3-cü oğlu Məhəmmədhəsən xanı 1783-cü ildə qar­daşı Hüseynəli xanla birlikdə öldürmüş­lər.

Ənvər Fərəcovun araşdırmalarında İrəvan Qacarlarının bu qolu da Ziyadlılar kimi qeyd olunmuşdur. Bəzi kitablarda onlar Dəvəli Qacarlar kimi yazılmışdır. Xarici ölkələrdə yaşayan varislər isə Turqutlar olduqlarını yazırlar. Bizcə, İrə­vanlı Hüseynəli xan Dəvəli Qacarlardan­dır. Hər halda bunun ciddi araşdırmaya ehtiyacı var. Çünki İrəvan xanlığında Dəvəli şəhəri olub və sovet hakimiyyəti illərində bu şəhəri Ararat adlandırıblar.

1806-cı ilin dekabrından 1827-ci il oktyabrın 13-dək İrəvana xanlıq edən Hüseynqulu xan Qacarın və qardaşı Sarı Aslanın (Həsən xanın) Hüseynəli xanla qohumluğu haqda hələ ki, baxdı­ğımız sənədlərdə məlumata rast gəlmi­rik. Gürcüstan Milli Arxivində İrəvan xanı Məhəmməd xanın qardaşı Məmmədqulu xana məxsus olan bir arxiv qovluğunda onun hərbçi olması haqda məlumat var­dır. Həmin sənəddən məlum olur ki, hərbi rütbəsi kapitandır. İrəvan xanlığı Rusiya tərəfindən işğal ediləndən sonra da İrə­vanda yaşamış və xanlıq titulunu ondan almamışlar. Qeyd edək ki, ona məxsus arxiv işinin üzərində “Kapitan Məmmə­dqulu xan” yazılmışdır. Məmmədqulu xa­nın oğlanlarından biri Mehbalı xan olub. Bəzən sənədlərdə Möhbalı, Möhübəli xan kimi də qeydlərə rast gəlinir.

Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından üzübəri açılmamış səhifələri­ni araşdırarkən İrəvan xanlarının varislə­rindən olan Abbasqulu xan İrəvanskinin adına tez-tez rast gəlirik. Bizim araşdır­dığımız fotoşəkildə Abbasqulu xan İrə­vanski ortada əyləşmişdir.

Abbasqulu xan Mehbalı xan oğlu, təxminən, 1830-cu ildə İrəvan şəhərin­də doğulmuşdur. Babası Məmmədqulu xan 1846-cı ildə vəfat edəndə Abbasqu­lu xanın 16 yaşı vardı. Abbasqulu xan gənc yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Onun İrəvan şəhərində 1860-cı ildən gördüyü işlər haqqında o dövrün mət­buatı da ətraflı məlumat verir. Abbasqu­lu xan dövrünün ziyalısı kimi tanınmış, İrəvan Şəhər Dumasına üzv seçilmişdir (1882–1899). O, maarifçilik işlərində də öz maddi köməyini əsirgəməmişdir. Abbasqulu xan İrəvan rus-türk məktəb­lərinin fəxri nəzarətçisi vəzifəsini daşı­maqla bərabər, xeyriyyəçilik də etmişdir. Onun haqqında “Qafqaz təqvimi”ndə və “Qafqaz” qəzetində belə materialla­ra daha çox rast gəlirik. Abbasqulu xan Naxçıvanla çox bağlı olmuşdur. 

 

Musa QULİYEV,
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Sosial həyat