Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-dək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında…

post-img

Ümummilli Lider Heydər Əliyev hakimiyyəti dövründə regional nəqliyyat dəhlizlərinin reallaşmasına xüsusi önəm verirdi. Onun rəhbərliyi ilə Azərbaycan üzərindən regiondan keçən dəhlizlərin genişləndirilməsi ilə bağlı kifayət qədər ciddi işlər görülüb. 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin iştirakı ilə imzalanan TRASEKA bunun bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

TRASEKA (Transport Corridor Europe Caucasus Asia / Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi) tarixi İpək yolunun bərpası istiqamətində görülən ən əsas işlərdən biri olduğunu söyləyən V.Bayramov layihənin inkişaf yolundan söhbət açıb: “TRASEKA bir layihə olaraq Azərbaycan üzərindən daşınan yüklərin artırılması və ölkəmizin istehsal etdiyi məhsulların ixracı baxımından vacib idi. Layihənin reallaşması istiqamətində strategiyanın qurulması və inkişafı praktiki olaraq 1995-ci ildə başladı. Həmin dövrdə TRASEKA proqramına nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı ölkələr beynəlxalq qurumlar tərəfindən 1.7 milyard avro cəlb etdilər”.

İpək yolunun bərpası üzrə keçirilən müxtəlif tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yer alan ölkələrin inkişafı, iqtisadi potensiallarından daha səmərəli istifadə edilməsi, eyni zamanda çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan və Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın paytaxtımızda - Bakı şəhərində keçirilməsi təsadüfi deyildi: “Bu bir daha ölkəmizin TRASEKA layihəsinə verdiyi xüsusi önəmin təzahürü idi. Həmin konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı. Bundan əlavə, 2001-ci il fevralın 21-də Bakıda Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinın açılışı oldu”.

Ekspert TRASEKA-nın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması üçün bir baza formalaşdırdığını deyərək əlavə edib: “Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində xüsusi yer tutması ölkəmizin dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət etdi. Bu hələ də davam edir. Təkcə ötən il Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb”.

Ümummilli Liderin təməlini qoyduğu bu strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirir. Bu da birbaşa Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsinə, ölkəmiz üzərindən daşınan yüklərin həcminin artırılmasına nail olmaqla nəticələnir. Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla kifayətlənmir, həm də Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısıdır.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yöndə atılan addımlardan - 2023-cü ildə məhz Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin elementi olan Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması və bunun üçün büdcədən 100 milyon dollardan artıq vəsaitin ayrılması nəzərdə tutulub.

Böyük İpək yolunun bərpasına, regional inteqrasiya proseslərinə güclü təkan verən TRASEKA nəqliyyat dəhlizinin ölkəmizin sosial-iqtisadi inkişafına verdiyi töhfələrin sadalamaqla bitmədiyini deyən iqtisadçı V.Bayramov bildirib ki, qeyri-neft sektoru da daxil olmaqla beynəlxalq yükdaşımalar, nəqliyyat dəhlizləri vasitəsilə əldə edilən gəlirlər öz göstəriciləri ilə növbəti illərdə də aktuallığını qoruyub saxlayacaq.

Qeyd: Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.







Siyasət