Ermənistan Azərbaycanla “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparsa da, bu ölkənin bizə münasibətdə xəbisliyi bitib-tükənmək bilmir. İrəvanda hakimiyyətlər dəyişir, ancaq bu münasibət on illərdir ki, dəyişmir. Haylar hər vəchlə Azərbaycana pislik etməyə çalışırlar. Onlar nəinki Azərbaycana və azərbaycanlılara, eləcə də bizimlə bağlı olan hər şeyə patoloji nifrət bəsləyirlər. Bu ilin aprelində İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dövlət bayrağımızın yandırılması, iyulun əvvəlində isə Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni idmançının yarış başa çatdıqdan sonra azərbaycanlı idmançının sifətinə qəfildən yumruqla zərbə endirməsi bunun bariz göstəricisidir.
Ermənistanın digər bir pisliyi də Azərbaycanın ətraf mühitinə və biomüxtəlifliyinə zərər vurmasıdır. Bu, beynəlxalq hüquqda ekosid adlanır. Ekosid flora və ya faunanın kütləvi şəkildə məhv edilməsi, atmosferin və ya su ehtiyatlarının zəhərlənməsi, habelə ekoloji fəlakətə səbəb ola biləcək digər hərəkətlərin edilməsidir. Bu termin Vyetnamla müharibənin qızğın çağında ABŞ-ın hərəkətlərinə reaksiya olaraq, 1970-ci ildə Adam Qalfson tərəfindən elmi dövriyyəyə daxil edilib. Hüquq nəzəriyyəsi baxımından təbiətin məhv edilməsi cəzalandırılmalıdır. Bütün dünya üzrə ekoloji fəallar hesab edirlər ki, ekosid hazırda yalnız dörd cinayəti (soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz) əhatə edən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil edilməlidir. Bir sıra ölkələrdə ekosid artıq cinayət kimi təsnif edilir. Bu ölkələrdə ekosid təşkil edə biləcək hərəkətlərə ekosistemə əhəmiyyətli ziyan vurmaq və ya onu məhv etmək, yaxud hansısa növün rifahına, o cümlədən insanların sağlamlığına zərər vurmaq daxildir. Düzdür, BMT hələ də ekosidi beynəlxalq cinayət kimi tanımayıb. Ancaq 2021-ci ildə beynəlxalq hüquqşünaslar qrupu ekosidi beşinci beynəlxalq cinayət hesab edən qanun layihəsi hazırlayıblar.
***
Bəli, Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu cinayətlər az imiş kimi, onların üzərinə biri də əlavə olunub: ekosid. İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçımızın toxunduğu məsələlərdən biri də Ermənistanın ekosid cinayətləri oldu. Dövlətimizin başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi: “Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var”.
***
Məqalənin girişində Ermənistanın Azərbaycana xəbisliyinin bitmədiyini vurğulamağımız əsassız deyil. Məsələ ondadır ki, Ermənistan hazırda Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasını həyata keçirir. Tikintiyə 70 milyon dollar sərmayə yatırılacaq, zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq.
Ekoloqlar bu fikirdə həmrəydirlər ki, zavodun inşası yeni ekoloji fəlakətə yol açacaq. Onların fikrincə, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 11-də keçirilən müşavirədə də Ermənistanın yumşaq desək, bu yaramaz əməli diqqətdən kənarda qalmadı. Dövlət başçısı bildirdi ki, indi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına: “Bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin. Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq. Ona görə bu tapşırığı verirəm, siz baxın, hansı hüquqi yollar var ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin”.
Qeyd edək ki, dövlət başçımızın haqqında bəhs etdiyi Espo Konvensiyasının tam adı Transsərhəd kontekst-də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyadır. Beynəlxalq müqavilə statusunda olan sənəd BMT-nin təşəbbüsü ilə 1991-ci ildə imzalanıb, 1997-ci ildə qüvvəyə minib. Finlandiyanın Espo şəhərində imzalandığı üçün bir çox hallarda Espo Konvensiyası adlanır. Konvensiyaya əsasən, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ictimai müzakirələr də daxil olmaqla) proseduru təkcə dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə də həyata keçirilməlidir. Qiymətləndirmə proseduru planlaşdırmanın ilkin mərhələlərində həyata keçirilməlidir. Qonşu ölkələrə təsir edə biləcək obyektlərin siyahısı Konvensiyaya 1 saylı əlavədə verilib.
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalı idi. Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, özünü “demokratik yolla seçilmiş hökumət” adlandıran Nikol Paşinyan iqtidarı bölgədə destruktiv siyasət aparır, qoşulduğu beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozur, öhdəliklərini yerinə yetirməkdən imtina edir. Bu isə Paşinyan rejiminin əsl simasını üzə çıxarır.
Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova da “Xalq qəzeti”nə açıqlamasında Ermənistanın dağ-mədən sənayesinin bölgə üçün ciddi ekoloji təhdid yaratmasından narahatlıq duyduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, Arazdəyəndə inşa olunan iri metallurgiya zavodunun tikintisinin dayandırılması ilə bağlı bəyanat imzalayıblar. Ancaq İrəvan buna heç bir məhəl qoymayıb, zavodun tikintisini daha da sürətləndirib: “Bundan sonra biz Nikol Paşinyana açıq məktub ünvanladıq. Ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlar bizim məktubumuzu dəstəkləyirlər. Çünki Ermənistanın bu fəaliyyəti beynəlxalq hüquqa ziddir, heç bir ekoloji standart gözlənilmir. Həmçinin, təmiz, sağlam, dayanıqlı ətraf mühit 2021-ci ildə BMT tərəfindən insan hüquqları kimi qəbul olunub. Ermənistan dağ-mədən sənayesində qanunsuz fəaliyyəti ilə, heç bir standarta əməl etməməklə hətta BMT-nin qəbul etdiyi insan hüquqlarını da pozur. İrəvan bizim açıq məktubumuza reaksiya verməli, özünün ekoloji siyasətində dəyişikliklər etməlidir”.
Qəmzə Yusubova əlavə edib ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövr ərzində haylar Qarabağda, Şərqi Zəngəzurda ətraf mühitimizə qarşı konkret olaraq, ekoloji terror həyata keçiriblər: “Bilirsiniz ki, Oxçu çayı Ermənistanın dağ-mədən sənayesinin tullantıları ilə çox ciddi şəkildə zəhərləndirilib. Bu çayda biomüxtəliflik tamamilə məhv edilib. Oxçu çayı Araz çayına tökülür, Arazın suyu isə suvarmada istifadə edilir. Təbii ki, bu zaman təsərrüfatlarımıza ciddi ziyan vurulur. İndi isə iri metallurgiya zavodunun Arazdəyəndə – Azərbaycanla sərhəd bölgədə inşa olunması düşünülmüş siyasətin nəticəsidir. Zavodun inşası Azərbaycanla, hətta yerli sakinlərlə müzakirə olunub razılaşdırılmalı idi. Ermənistan Espo Konvensiyasını məqsədyönlü şəkildə pozur və heç bir müzakirə aparmadan zavodun tikintisini sürətləndirib. Ancaq tarixi təcrübə göstərir ki, Laçın-Xankəndi yolunda ekofəalların 138 gün davam edən aksiyası öz nəticəsini verdi. Həmin ərazilərdə milli sərvətlərimizin talanması dayandırıldı və sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması təmin olundu. Düşünürəm ki, bizim fəaliyyətimizin də müsbət nəticəsi olacaq”.
Səxavət HƏMİD, “Xalq qəzeti”