Təkrar edirik: Qarabağ Azərbaycanın daxili işidir!

post-img

Ermənistan baş naziri aparatının ictimaiyyətlə əlaqələr və informasiya mərkəzində fəaliyyət göstərən “Orbeli” analitik mərkəzi “Səfirə suallar” layihəsi çərçivəsində İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zohuridən müsahibə götürüb. 

Səfir müsahibəsində çox mətləb­lərdən danışıb. Misal üçün, 2022-ci ili Ermənistan–İran əməkdaşlığının inki­şafı baxımından, faktiki bütün sahələr üzrə son dərəcə mühüm və səmərəli olduğunu qeyd edib. Zohuri İİR-in Qa­fanda baş konsulluğunun açılmasını da əlamətdar hadisə adlandırıb, iki dost və qardaş ölkə arasında ticarət dövriyyəsinin ilk dəfə 700 milyon dollar həddini keçməsini fövqəladə tərəqqi kimi dəyərləndirib. Səfir, həmçinin hö­kumətlər və xalqlar arasında inam və qarşılıqlı hörmət mühitinin möhkəm­ləndirilməsini daim diqqət mərkəzində saxladığını da deməyi unutmayıb. 

İranın Xarici işlər naziri Əmir Ab­dullahianın 2022-ci il oktyabrın 20-də İrəvana səfəri zamanı Şimal-Cənub dəhlizi ilə bağlı dövlətlərarası səmərəli əməkdaşlıqdan, bunun üçün Ermə­nistan–İran–Hindistan platformasının yaradılması zərurətindən söz açan diplomat yeni layihə ilə bağlı bu gün­lərdə Ermənistan XİN-də üçtərəfli si­yasi məsləhətləşmələrin aparıldığını da xüsusi vurğulayıb. Şimal-Cənub beynəlxalq dəhliz layihəsinin realaş­ması üçün İran şirkətlərinin Ermənis­tan infrastrukturunda yaxından və fəal iştirak etməyə hazır olduqlarını söy­ləyən səfir Zohuri nəticədə, İranın və Ermənistanın ərazisindən keçməklə Fars körfəzi – Qara dəniz tranzit xət­tinin işə salınacağına inandığını giz­lətməyib. Baltik dənizindən başlayan, Rusiya, Hindistan və İranı birləşdirən həmin Şimal-Cənub beynəlxalq nəq­liyyat marşrutunun üzərində Zəngə­zurda dəmir yolu xəttinin işə salınması ilə yüklərin daşınma müddətində 13-20 faiz qənaətə nail olunacağı deyilir. Hindistan–İran–Ermənistan layihəsini, yəni Fars körfəzi–Qara dəniz marşru­tunu Zəngəzur dəhlizinə alternativ kimi düşünən üçlüyün isə burada özlərinin iqtisadi gəlirindən daha çox siyasi divi­dendləri hədəf götürdükləri aydın görü­nür. Xırda Ermənistanı böyük transmilli layihələrə qoşmağa çalışan məlum güclərin əsas niyyəti məğlub Hayas­tanın müharibədə bükülmüş belini dir­çəltmək, onu gücləndirmək və sonuc­da Bakıya təzyiq göstərməkdir. Amma yanılırlar. Çünki artıq Azərbaycanla gücün dili ilə danışmaq mümkün deyil, indi onun özü sözünü və gücünü diktə edən tərəfdir. Azərbaycan Prezidentiİlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olun­muş müşavirədə belə yanlış niyyətə düşənlərin dəqiq və konkret cavabını verdi: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlan­mış bütün oxları sındırıb öz ləyaqəti­mizi və maraqlarımızı qoruya bilmişik. Daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bil­məlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kəs danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”. 

* * *

Müsahibənin ən “yaddaqalan” his­səsi isə Qarabağ münaqişəsi və ora­dakı erməni əhalisinin gələcək aqibəti ilə bağlı olub. Səlahiyyət müddəti başa çatmaqda olan səfir Zohuri erməni jur­nalistin “Azərbaycan Laçın dəhlizini bağlayıb, nəticədə 120 minlik (?) er­məni əhalisi blokadaya düşüb. Bakının bu hərəkəti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini, arsaxlıla­rın öz vətənlərində (?) azad və təhlükə­siz yaşamaq haqqını (?) kobud surətdə pozması deməkdir. İranın bu məsələdə mövqeyi necədir? – sualına belə cavab verib: “Bizim 10 noyabr Bəyanatını və sonrakı razılaşmaları imzalayan tərəf­lərə tövsiyəmiz həmişə bu olub ki, hə­min saziş və öhdəliklərin hərfinə və ru­huna əməl etsinlər. Beynəlxalq hüquqa görə, ölkələrin öz üzərinə götürdüyü dəqiq öhdəlikləri, vəzifələri var ki, on­lardan biri də Qarabağ bölgəsində ya­şayan sakinlərin hüquq və təhlükəsizli­yinin (?) müdafiəsidir. Biz hesab edirik ki, göstərilən ərazidə yaşayan sakin­lərin hüquq və təhlükəsizliyi olduqca çətin və incə (?) məsələdir”. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi­nin “çətinliyinin” və “incəliyinin” nədən ibarət olduğunu, harada gizləndiyini açıqlamayan cənab səfirə bu məsələ­nin Azərbaycanın daxili işi olduğunu xatırlatmağa dəyər. Onun unutduğu bu həqiqəti Prezident İlham Əliyev ən mötəbər beynəlxalq platformaların tri­bunalarından dəfələrlə bəyan edib. Azərbaycan üçün Hayastanın yaxında­kı və ya uzaqdakı tərəfdaşları ilə necə və hansı formada əməkdaşlıq edəcəyi əhəmiyyət daşımır. Sadəcə, bu zaman bizim mənafeyimizə zidd hərəkətlərə yol verərsə, altməqsədli gedişlərə baş vurarsa, Bakının dərhal adekvat ad­dımlar atacağına şübhəsi olmamalıdır. Bunu sülhə gəlməkdə hələ də cığallıq edən haylar kimi, İrəvanın ən yaxınlıq­dakı tərəfdaşı da nəzərə almalıdır. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət