Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Zirvə toplantısında verdiyi açıqlamalar beynəlxalq aləmin gündəmində olub. Dünya zirvədə çıxarılan qərarlardan danışarkən ilk “F-16” açıqlamasını ABŞ Prezidenti Co Bayden verdi. “Avro-Atlantik bölgədə çəkindirmə və müdafiəni inkişaf etdirmək üçün Prezident Ərdoğan və Türkiyə ilə işləməyə hazıram”– açıqlaması ilə çıxış etdi.
Dövlət Departamentinin sözçüsü Metyu Miller isə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, İsveçin NATO üzvlüyü və “F-16”ların satışı ayrı-ayrı məsələdir. “Bir müddətdir ki, “F-16” satışında Türkiyəni dəstəklədiyimizi açıq şəkildə bildiririk və bu barədə onlara özəl görüşlərdə deyirik. Ancaq biz bu məsələnin İsveçin NATO-ya üzvlüyü ilə bağlı olduğuna hər nə qədər inanmasaq da, bir qrup Konqres üzvü var ki, bunun NATO üzvlüyü ilə əlaqəli olduğuna inanırlar. Birləşmiş Ştatlar Türkiyənin Avropa İttifaqına üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir. Bizim diqqətimiz isə NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib”.
Daha sonra Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan deyib: “Bayden “F-16” ların satışı məsələsini Kon-qreslə məsləhətləşərək qırıcıları Türkiyəyə göndərməyi planlaşdırır. Dövlət başçısı bir neçə ay ərzində “F-16” hərbi təyyarələrinin Türkiyəyə tədarükünün tərəfdarı olduğunu birmənalı şəkildə qeyd edib və bu, bizim milli maraqlarımıza cavab verir. Türkiyənin potensialının artması NATO-nun marağındadır”.
“F-16” qırıcılarının Türkiyəyə satışının qəti əleyhinə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes də açıqlama ilə çıxış edib. O bildirib ki, hazırda ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Prezident Administrasiyası ilə danışıqlar aparır və gələn həftə ərzində “F-16” qırıcılarının Türkiyəyə satılması ilə bağlı qərar verilə bilər. Lakin Robert Menendes bu məsələnin Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq verməyi ilə bağlı olub-olmadığı məsələsinə aydınlıq gətirməyib.
Ağ evdən sonra diqqətçəkən bir açıqlama da NATO-dan gəldi. NATO-nun Baş katibi Yens Stoltenberq deyib: “Türkiyə açıq şəkildə bildirdi ki, “F-16” tədarükü məsələsi İsveçlə bağlı sövdələşmənin bir hissəsi deyil. Lakin bu razılaşmaların bir hissəsi olaraq Türkiyəyə silah tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırılıb”.
NATO-nun Baş katibi daha sonra deyib ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək. Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır”.
Türkiyədən sonra Macarıstan da İsveçin NATO-ya üzvlüyünə razılıq verib. Ekspertlər bunu “Alyansın birliyinin sübutu” kimi dəyərləndirirlər.
Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 ədəd “F-16 Block 70” təyyarəsi və öz arsenalındakı “F-16” qırıcılarının modernizə edilməsi üçün 80 dəst “Block 70” komponenti istəyib. Lakin Amerika qanunvericiləri ABŞ silahlarının digər ölkəyə satılmasına mane ola bilərlər. Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Konqresin bəzi üzvləri Türkiyəyə silah tədarükünü İsveçin NATO üzvlüyü ilə bağlı Ankaranın addımlarına bağlamağa çağırır.
Qeyd edək ki, dünən Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti başlayıb. NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu sammit müzakirə olunacaq bir çox məsələlərlə bağlı tarixi toplantıdır. Bura İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər daxildir. O deyib: “Sammitdə Ukraynaya gələcək dəstək barədə də qərarlar qəbul ediləcək, biz Kiyevə əlavə hərbi dəstək göstərməyi öhdəmizə götürürük”.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”