“Azov” alayının komandirləri iyulun 8-də Ukraynaya qayıtdılar. Prezident Vladimir Zelenski onların geri qayıtmasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşmalar sayəsində mümkün olduğunu bildirdi. Razılaşmanın detalları açıqlanmadı, ancaq ukraynalı hərbçilərin qaytarılması Rusiyada birmənalı qarşılanmadı. Rəsmi Moskva hərbçilərin geri qaytarılmasını “razılaşmanın kobudcasına pozulması” kimi qiyməndirsə də, Türkiyə ilə münasibətlərini bundan sonra da inkişaf etdirəcəyini vurğuladı.
“Biz Türkiyədən Vətənə qayıdırıq və qəhrəmanlarımızı Vətənə qaytarırıq. Ukrayna əsgərləri Denis Prokopenko, Svyatoslav Palamar, Sergey Volınski, Oleq Xomenko, Denis Şleqa, nəhayət, ailələrinin yanında olacaqlar”, – Vladimir Zelenski sosial şəbəkədəki səhifəsində belə bir məlumat paylaşmışdı. Bundan əvvəl cənab Zelenski İstanbula səfər etmiş və burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmışdı. Xatırladaq ki, adı çəkilən komandirlər Prezident Rəcəb Tayyib Ərdoğanın zəmanəti altında Türkiyədə qalmışdılar. “Azov” batalyonunun komandirləri 2022-ci ilin sentyabrında mübadilə çərçivəsində Rusiya əsirliyindən Türkiyəyə gətirilmişdilər. O zaman Rusiya Müdafiə Nazirliyi daha 55 rus hərbçisinin ölkəyə qayıtdığını bildirmişdi. Əvəzində Rusiya Ukraynaya “Azov” alayının nümayəndələri də daxil olmaqla 215 nəfəri təhvil vermişdi.
Bəs ukraynalı hərbçilərin azad edilməsi Rusiya–Türkiyə münasibətlərinə necə təsir göstərəcək? Ümumiyyətlə, bu hadisə Rusiyada necə qarşılandı? Müharibə Tədqiqatları İnstitutu ukraynalı komandirlərin azad edilməsinin Rusiyanın hərbi dairələrində son dərəcə narahatlıqla qarşılandığını bildirir. Rəsmi dairələr də, eyni zamanda, Rusiya informasiya məkanı da ukraynalı hərbçilərin azad olunmasna mənfi münasibətlətini sərgilədilər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, bu, Moskva, Kiyev və Ankara arasında “razılaşmaların pozulmasıdır”. D.Peskovun sözlərinə görə, “Azov” komandirlərinin Ukraynaya qayıtması barədə Rusiyaya məlumat verilmədi. Müqavilələrin şərtlərinə görə, “Azov” komandirləri müharibənin sonuna qədər Türkiyədə qalmalı idilər. Müxtəlif siyasi-hərbi ekspertlər də iddia etdilər ki, “Azov” komandirlərinin Türkiyəyə verilməsi “yanlış qərar” idi. Rusiyada bir çox ultra-millətçi bloqerlər “Azov” komandirlərinin qayıtmasını Rusiya üçün “alçaldılma” kimi qiymətləndirirlər.
Bununla belə, Rusiya bu hadisəyə görə Türkiyə ilə münasibətlərini yenidən nəzərdən keçirməyə hazırlaşmır. D.Peskovun sözlərinə görə, NATO sammitindən əvvəl alyansın üzvü olan Türkiyənin böyük təzyiq altında olduğunu bilirdilər və Moskva hər şeyi gözəl başa düşür. Ancaq “şimal qonşu”dan alternativ bəyanatlar da səsləndirilir. Məsələn, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri, general Viktor Bondarev bildirir ki, Türkiyə dost olmayan ölkəyə çevrilir. Senator əsir götürülən komandirlərin Ukraynaya ekstradisiyasını “təxribat” adlandırır. Ukraynaya qayıtdıqdan sonra keçmiş əsirlərin cəbhəyə getməyi planlaşdırdıqlarını açıqlamalarından sonra bəzi rusiyalı hərbi müxbirləri Türkiyə ilə İstanbul yaxınlığında qaz qovşağının yaradılması, “Akkuyu” atom elektrik stansiyasının tikintisi və taxıl müqaviləsi kimi iqtisadi müqavilələri pozmağa çağırırlar. Amma rusiyalı mütəxəssislər inanmırlar ki, Moskva Türkiyə ilə iqtisadi əməkdaşlığını məhdudlaşdıracaq. Siyasi analitik Toğrul İsmayıl da ümid edir ki, Ankara ilə Moskva arasında ciddi bir çəkişmə olmayacaq: “Münasibətlərin pisləşməsi Türkiyə üçün sərfəli deyil, ilk növbədə, Rusiya üçün də sərfəli deyil. Türkiyə təkcə adi vətəndaşlara deyil, həm də siyasətçilərə qapılarını rusların üzünə açan yeganə NATO üzvüdür”.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”