Bu il Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması, eləcə də Turanın görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliği məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu böyük şairimiz Molla Pənah Vaqif haqqında “Özü vəzir, sözü şah” adlı yeni kitab nəşr etdirib.
Kitab layihə rəhbəri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Molla Pənah Vaqif və bu kitab haqqında bir neçə söz” adlı “Ön söz”ü ilə açılır. Yazıda Günay Əfəndiyeva Molla Pənah Vaqifin ədəbi fəaliyyətinin Türk dünyası üçün kəsb etdiyi önəmdən bəhs edib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, Türk dünyasının qiymətli söz və fikir adamlarının yaradıcı irsi, onlar haqqında qələmə alınan əsərlər bizim üçün çox böyük əhəmiyyətə malikdir. “Özü vəzir, sözü şah” kitabı da bu yöndə fondun fəaliyyətinin növbəti nümunəsidir. Kitabda şairin şəxsiyyətinə və ədəbi irsinə həsr olunan poetik əsərlər, təsviri sənət inciləri bir daha göstərir ki, Vaqif yaşayır və daim türk xalqları ilə bir yerdədir”.
Azərbaycan və əcnəbi şairlərin Vaqifə həsr olunmuş şeirlərinin, onun əsərlərinə yazılan nəzirələrin toplandığı kitabda ədibin həyat və yaradıcılığı barədə dünya qələm adamlarının fikirləri də yer alıb. Nəşrə “Vaqif” dastanı və Səməd Vurğunun eyniadlı məşhur dram əsəri və Vaqifin Molla Vəli Vidadi ilə deyişməsi də salınıb. Topluda tanınmış Azərbaycan rəssamlarının çəkdiyi və şairin təsviri sənətdə obrazını canlandıran əsərlər, eyni zamanda, müxtəlif illərdə Azərbaycan teatrlarında səhnələşdirilən “Vaqif” tamaşalarından çəkilmiş fotolar da əks olunub.
Qeyd edilməlidir ki, “Zərdabi” nəşriyyatında çap olunan kitabın tərtibçisi və redaktoru şair Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Barat Vüsal, izahların müəllifi tərcüməçi Məhəmməd Nuridir.
“Xalq qəzeti”