Natəvanın “Gül dəftəri” “Dünya yaddaşı”na daxil edildi

post-img

Şuşada keçirilən növbəti Vaqif Poeziya Günləri ərəfəsində AMEA-nın yaydığı xəbər bu sənət bayramına töhfə kimi səsləndi: Xurşidbanu Natəvanın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan, “Gül dəftəri” adlanan – gül təsvirli şeirlər albomu UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınıb. Qurumun baş direktorunun imzası ilə müvafiq sertifikat instituta təqdim edilib. Beləliklə, Natəvan sənətinin xoş sorağı ondan bir əsr əvvəl Şuşada yaşayıb-yaratmış Vaqifin adına düzənlənən ənənəvi poeziya bayramına “Gül dəftəri” təravəti gətirdi.

Qeyd edək ki, “Gül dəftəri – təsvirli şeirlər albomu” nominasiyası Əlyazma­lar İnstitutunun beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri dosent Nigar Babaxanova tərəfindən tərtib edilərək UNESCO-nun müvafiq komissiyasına təqdim olunub. Eyni zamanda, Novruz bayramı günlərində həmin şeir albomun­dan 3 rəsm UNESCO-nun mənzil-qərar­gahında təşkil olunan sərgidə ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyi tərəfindən nümayiş etdirilib.

Sevinc hisslərini bizimlə bölüşən Nigar Babaxanovanın dedikləri:

– Bu əlamətdar hadisə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bəra­bər, ölkəmizin aidiyyəti qurumlarının birgə uğurlu fəaliyyətinin nəticəsidir. Əminik ki, gələcəkdə digər sənədli irs nümunələri­mizin sözügedən reyestrə daxil edilməsi ölkəmizin zəngin mədəniyyətinin bey­nəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.

Nəcib işləri ilə tanınmış Xan qızı Natə­van gözəl şair və ictimai xadim olmaqla bərabər, incə zövqə malik rəssam və bə­dii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan, de­yilənə görə, bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanım­dan alıbmış. Onun bədii irsi Azərbaycan incəsənətini məxsusi çalarlarla zəngin­ləşdirən sənət nümunələrindən ibarətdir. Xan qızının Qafqaza səfərə gələn məşhur fransız yazıçısı Aleksandr Dümaya özü­nün heyrətamiz tikmələrini bağışlaması da tarixi fakt kimi məlumdur. Natəvanın qrafik rəsmləri XIX əsr Azərbaycan təsviri sənətinin, miniatür rəssamlığının inkişaf tarixini özünəməxsus bədii xüsusiyyətlər­lə yeniləşdirib. 

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan ƏLİYEV:

– Natəvanın 1886-cı ildə hazırladı­ğı 227 səhifəlik albomuna baxınca onun bənzərsiz gözəllik duyumu ilə tanış olmaq mümkündür. Mütəxəssislərin “Gül dəftə­ri” adlandırdıqları bu albomda müəllifin yazdığı on üç qəzəllə yanaşı, onun sulu boya və karandaşla çəkdiyi müxtəlif gül­lər – qızılgül, bənövşə, qərənfil, eləcə də yasəmən, lalə və süsən əks olunmuş rəsmlər toplanıb. Rəsmlərin arasında 30-a qədər mənzərə və müxtəlif bitki təs­virinə də rast gəlmək mümkündür. Bütün­lükdə götürsək, onların həm rəngarəng motivlərində, həm də dəyişkən rəng ça­larlarında ifadə olunan təsiredici ovqat xa­nım şairin poetik irsinin daşıdığı lirik ruhla həmahəng səsləşir. Bunu əksər hallarda albomun səhifələrində yanaşı yerləşdiril­miş şeir və təsvirin aşıladığı bədii-psixoloji əhvali-ruhiyyə də təsdiqləyir. 

Natəvanın albomu, ilk növbədə, cil­dindəki tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənmiş bəzək elementləri ilə diqqət çəkir. Cildin bir tərəfində nərgiz, qızılgül və miladi tarixlə “1886-cı il”, o biri tərəfində isə küknar, qovaq, şam ağacı və hicri tarixlə “1304-cü il” toxunub. Al­boma çəkdiyi “Bülbül”, “Bənövşə”, “Gül”, “Qərənfil” və “Pərvanə” təsvirlərinin ya­nında bu zərif və incə varlıqlara həsr etdiyi şeirlərini yerləşdirməklə haradasa ədəbiy­yatla təsviri sənətin yaddaqalan sintezini yaratmağa nail olub. Əslində, bunun özü də zəngin tarixə malik qədim Azərbaycan kitab sənəti ənənələrinə yeni forma-biçim verməyin əyani nümunəsidir. 

Xan qızının “Gül dəftəri”nə daxil edil­miş bədii yaradıcılıq nümunələri arasında məşhur Şeyx Şamilin evinin və Qunib qa­lasının rəsmi diqqət çəkir. Ehtimal etmək olar ki, bu rəsmlər onun həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı çəkilib.

Göründüyü kimi, Xurşidbanu Natə­van öz yaradıcılığında poeziya ilə təsviri sənəti uğurla qovuşdurmağı bacaran incə zövqlü bir sənətkardır. Onun gözəllik du­yumunu əks etdirən işləri qədim tarixi olan bədii saxlancımızı zənginləşdirən milli sərvətdir.

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Sosial həyat