Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir heykəltəraşlıq sənətinin ən parlaq nümayəndələrindən biri, Xalq rəssamı Fazil Nəcəfov 88 yaşında vəfat edib.
Fazil Nəcəfov 1935-ci il fevralın 16-da Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.
Görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun yetirməsi olan Fazil Nəcəfovun yaradıcılığının ilk illərindən etibarən mövzu və janr müxtəlifliyi, plastik formaların incə duyumu, mövzunun mahiyyətinə uyğun müasir formalar, təsir və özünüifadə vasitələrinin axtarılması özünü qabarıq göstərib.
1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində Bakıda özlərini tamamilə bədii eksperimentlərə, fərdi sənət dilinin inkişafına həsr etmiş həmfikir rəssamlardan ibarət mühit formalaşmışdı. Onların yaradıcılığında məzmunla yanaşı, əsərlərinin əsasını müxtəlif formalar təşkil etməyə başlamışdı.
Monumentallıq, yığcamlıq, dəqiq və inamlı kompozisiya həlli F.Nəcəfovun əsərlərinin səciyyəvi cəhətlərindəndir. Rəssam hər zaman bədii yaradıcılıqda sərbəstliyə, cəsarətli formalara, orijinal ideyalara, yeni obrazların yaradılmasına can atır və uğurlu nəticələr əldə edirdi. Təsadüfi deyil ki, tanınmış heykəltəraşın adı gələn kimi sənətsevərlər “İçərişəhər qadınları”, “Ana”, “Teatr”, “Səhər”, “Həyatın mərtəbələri”, “Zamanın oyunları”, “Fortuna”, “Qulyabani”, “Qoca”, “Qız”, “Gənc qadın”, “Mələk”, “Həyatın mərtəbələri”, “Söhbət”, “İstirahət edən qoca”, “Minillik insan”, “İbadət”, “Əkizlər”, “Fontan” kimi əsərlərini rəğbətlə xatırlayırlar.
Bizim “Xalq qəzeti” redaksiyasının yaxınlığında, Nizami Kino Mərkəzinin yanında ucaldılmış bir abidə isə özünün modern dizaynı ilə diqqət çəkir. Bu, Fazil Nəcəfovun yaradıcı fantaziyasının məhsulu olan “Qara Qarayev” heykəlidir: görkəmli bəstəkarın xəyala dalmış halda təsviri ziyarətçiləri dərin düşüncələrə qərq edir. İndi Fazil Nəcəfovun özünün də əbədiyyətə qovuşması xəbəri ilə istər-istəməz könüllərimizi hüznlü duyğular aldı. Onu da xatırladaq ki, Xalq rəssamı 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə uğurla iştirak edib. 2019-cu ildə Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş “Göyə baxan daşlar” sənədli filminin maraqlı təqdimatı keçirilib və seyrçilər bir daha əmin olublar ki, o, insana, bəşəriyyətə dərin sevgi bəsləyən sənətkardır.
İki il öncə isə Moskvadakı Dövlət Şərq Muzeyində Fazil Nəcəfov Azərbaycan heykəltəraşlığında avanqardizm istiqamətinin banisi kimi təqdim edilib, Xalq rəssamının albomunun təqdimatı və sərgisinin açılışı olub. Sənətkarın yaradıcılığının müxtəlif dövrlərinə aid qrafika əsərləri və bürüncdən hazırlanmış heykəllər nümayiş etdirilib. Onun yaradıcılığında ədalət, sülhə çağırış, humanizm çalarları xüsusilə güclü təsir bağışlayıb.
Fazil Nəcəfov 1988-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Heykəltəraşlıqda öz sözünü demiş Fazil Nəcəfov onu sevənlərin ürəklərində yuva salanlardan, abidə kimi ucalanlardandır. Onun işıqlı obrazı hər zaman xatirələrdən boy göstərəcək.
Allah rəhmət eləsin!
Ə.ƏLİYEV, “Xalq qəzeti”