Milli Olimpiya Komitəsində (MOK) Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib.
Qurumdan “Xalq qəzeti”nə bildiriblər ki, bu nüfuzlu yarışda Azərbaycanı təmsil edəcək idmançılara uğurlar arzulayan komitənin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Avropa yeniyetmələrinin yay olimpiya festivallarında hər zaman Azərbaycan komandası fərqlənib.
Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalının missiya rəhbəri Vaqif Əliyev Sloveniyanın Maribor bölgəsində keçiriləcək festival haqda tədbir iştirakçılarına məlumat verib. Vurğulayıb ki, festivalda 48 iştirakçı ölkədən 11 idman növü üzrə 3600-ə yaxın olan yeniyetmə idmançı iştirak edəcək. Festivalın rəsmi açılışı iyulun 23-nə, bağlanış mərasimi isə 29-na təsadüf edəcək. Azərbaycan idmançılarının atletika, tennis, üzgüçülük, velosiped, MTB, cüdo, gimnastika idman növlərində təmsil olunacaqlarını bildirən missiya rəhbəri Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və digər texniki məsələlər haqda da danışıb.
MOK-un Beynəlxalq Proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında OCEP məktəblilərinin iştirakından söz açıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmizi Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri təmsil edəcəklər.
AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.
Sonda xatirə şəkli çəkdirilib.
L.QURBANOVA,“Xalq qəzeti”