TAP-ın Avropada bazarı genişlənir

post-img

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə real fəaliyyət sahəsinə çevrilmiş Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Hazırda “Şahdəniz” yatağından hasil olunan qaz sözügedən dəhlizin mühüm seqmentləri sayılan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri, eləcə də interkonnektorlar (birləşdirici kəmərlər) vasitəsilə Avropa bazarlarına çatdırılır. 

Son illər Avropa məkanı təbii qaza olan tələbatının ödənilməsində ölkə­mizi əsas tədarük bazarı kimi görür. Bu isə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti sayılan TAP-ın genişləndiril­məsini, eləcə də yeni interkonnektorla­rın tikintisini labüd edir. Trans-Adriatik Boru Kəməri layihəsinin icraçı direktoru Luka Skyepatti bu yaxınlarda mediaya müsahibəsində adıçəkilən kəmərin ötü­rücülük imkanlarının tam yüklənməyə yaxın olduğunu bildirib. 

O, 2023-cü ilin ilk beş ayı ərzində TAP vasitəsilə 4,5 milyard kubmetrdən çox qaz nəql edildiyini vurğulayıb.“­TAP-ın indiki uzunmüddətli imkanla­rı (təqribən ildə 10 milyard kubmetr) 2013-cü ildə imzalanmış qaz nəqli barədə sazişə əsasən, artıq “Şahdəniz” yatağından qaz tədarükçüləri arasında bölüşdürülüb. TAP qısamüddətli bron­lama üçün ilkin ötürücülük imkanlarının təqribən 5 faizini ayırıb. Bu artıq bron edilmiş imkanlara əlavədir”, – deyə Luka Skyepatti qeyd edib. 

İcraçı direktor ötən il TAP-ın özünü fəal operator kimi göstərərək bazara təklif olunan ötürücülük qabiliyyəti­nin maksimum artırılması üçün boru kəmərinin istismar şərtlərindən istifadə etdiyini diqqətə çatdıraraq 2022-ci ildə adıçəkilən kəmərlə faktiki olaraq İtali­yaya təqribən 10 milyard kubmetr qaz nəql olunduğunu bildirib. Bu isə 2021-ci illə müqayisədə təqribən 3 milyard kub­metr və ya 40 faiz artım deməkdir. Onun sözlərinə görə, bununla da, 2022-ci ilin ikinci yarısında Azərbaycan həmişəlik İtaliyanın Əlcəzairdən sonrakı ikinci əsas qaz tədarükçüsünə çevrilib.

L.Skyepatti 2023-cü ildə isə TAP va­sitəsilə daşımaların həcminin bazarda­kı tələbatdan asılı olacağını əlavə edib. Yeri gəlmişkən, cari ilin ikinci rübündə adıçəkilən kəmər vasitəsilə İtaliyaya 2,2 milyard kubmetr qaz nəql olunub. Bununla da, TAP istismara verildikdən sonra boru kəməri ilə bu ölkəyə nəql olunan qazın həcmi 21 milyard kub­metrə çatıb. Bütövlükdə isə, ötən müd­dətdə boru kəməri ilə 25 milyard kub­metr qaz nəql edilıb. Göründüyü kimi, ötən iki il yarım ərzində Avropa bazarı­na çıxarılan “Şahdəniz” qazının 84 faizi İtaliyanın payına düşüb. L.Skyepattinin bildirdiyinə görə, Trans-Adriatik Boru Kəməri 2022-ci ildə İtaliyada qaz isteh­lakının 15 faizini qarşılayıb. 

İtaliyanın dayanıqlı enerji inkişafı üzrə milli fəaliyyət planında Trans-Ad­riatik Boru Kəməri ilə bağlı maraqlı məqamlar yer alıb. Belə ki, sözügedən mənbədə TAP İtaliyanın enerji sistemi üçün lazımi infrastruktur kimi dəyərlən­dirilir. “Xəzər dənizindən Yunanıstan və İtaliya vasitəsilə Avropa İttifaqına qaz nəql edən TAP və onunla əlaqəli şə­bəkələr vacibdir”,–sənəddə deyilir. Pla­na əsasən, xüsusən tələbat ən yüksək həddə olduqda və bərpaolunan enerji mənbələri səbəbindən istehsal aşağı səviyyəyə düşdükdə də qaz əvvəlki kimi İtalyianın milli enerji sistemi üçün əvəzedilməz rol oynayacaq.

Xatırladaq ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də baş­lanılıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağa nail olub. Eyni zamanda, dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birba­şa çıxışla Azərbaycan, həm də öz ixrac imkanlarını şaxələndirib. Elə Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həc­mində qaz nəqli olunması da məhz ix­rac infrastrukturunun şaxələndirilməsi­nin nəticəsidir. 

Məlum olduğu kimi, illik ötürücü­lük qabiliyyəti 10 milyard kubmetr təş­kil edən TAP-ın yeni borular çəkməyə ehtiyac olmadan mərhələli şəkildə 20 milyard kubmetrədək artırılması nəzər­də tutulur. Elə TAP layihəsinin icraçı direktoru Luka Skyepatti də “Dayanıqlı gələcək” forumundakı çıxışında qeyd edib ki, kəmər öz ötürücülük imkanla­rını mərhələli şəkildə 20 milyard kub­metrədək genişləndirə bilər. “Biz artıq genişləndirmənin birinci mərhələsini başlatmışıq və 2026-cı ildən əlavə ola­raq 1,2 milyard kubmetr qaz əlçatan olacaq”, – deyə o, əlavə edib. 

Elman İSKƏNDƏROV,
texnika elmləri doktoru, professor

Azərbaycan qazını Avropa bazar­larına çıxaran Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi həm ölkəmiz, həm də region üçün mühüm əhəmiy­yətə malikdir. 10 il əvvəl Xəzər regi­onunu Avropa ilə birləşdirən TAP-ın çəkilməsindən söhbət gedirdisə, indi bu kəmərin genişləndirilməsi ətrafında dah çox danışılır. Bu da Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olması, eləcə də ölkəmizin etibarlı enerji tərəf­daşı kimi etimad qazanması ilə bağ­lıdır. Təsadüfi deyil ki, son zamanlar Avropa İttifaqının, eləcə də müxtəlif ölkələrin rəsmi nümayəndələri Azər­baycanın “köhnə qitə”nin enerji təmi­natına verdiyi töhfələri birmənalı olaraq yüksək qiymətləndirirlər. 

Beynəlxalq Enerji Agentliyinin mə­lumatına görə, 2022-ci və 2023-cü ilin ötən dövrü ərzində TAP vasitəsilə Azərbaycandan qaz tədarükü əvvəlki illə müqayisədə 15 faiz artaraq 8 mil­yard kubmetr təşkil edib. Ümumilikdə, Azərbaycan Avropaya qaz tədarükünə başladığı 2020-ci il dekabrın 31-dən indiyədək Qaz Dəhlizinin Avropa seq­menti olan TAP vasitəsilə, ümumilikdə, 22 milyard kubmetrdən artıq qaz nəql olunub. Cari ildə isə ölkəmiz Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. 

Avropanın qaza olan tələbatının getdikcə artdığı indiki şəraitdə isə bu, son hədd sayıla bilməz. Təkcə onu qeyd etmək kifayətdir ki, qarşıdakı il­lərdə Azərbaycan Avropanın 10-dək ölkəsinə qaz ixrac etməyi planlaşdırır. Buna isə TAP-ın mövcud nəqletmə gü­cünün iki dəfəyədək artırılması, eləcə də Avropa ölkələrinin qaz şəbəkələrini sözügedən kəmərlə əlaqələndirən in­terkonnektorların inşası ilə nail olmaq mümkündür. Elə bu il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıs­tan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovaki­ya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı imzalan­mış Anlaşma Memorandumu” da məhz bu məqsədə xidmət edir. 

Yeri gəlmişkən, Azərbaycandan Av­ropaya əlavə qaz tədarükünü nəzərdə tutan “Həmrəylik halqası” təşəbbüsü digər ölkələr üçün də açıqdır. Sözüge­dən təşəbbüsün reallaşması isə region ölkələrinin əlavə olaraq təbii qazla tə­min edilməsinə imkan yaradacaq.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat