Bu ilin yanvar–may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Hesabat dövründə 106 ölkəyə məhsul ixrac olunub, 175 ölkədən isə Azərbaycana müxtəlif mallar gətirilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 602,3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 12 milyard 763,6 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 838,7 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə, ölkəmizin ticarət dövriyyəsində 5 milyard 924,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Yeri gəlmişkən, 2022-ci ilin yanvar–may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,2 faiz azalsa da, real ifadədə 2,3 faiz artıb. İdxal real ifadədə 11,1 faiz artıb, ixrac isə 0,5 faiz azalıb.
“Xalq qəzeti”