Bu ilin birinci yarısında ölkəmizdə sosial-iqtisadi inkişafın göstəriciləri davamlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini deməyə əsas verir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf proqramları respublikamızın dayanıqlı inkişafını reallaşdırır.
Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının da səsləndirdiyi fakt və rəqəmlər də bunun bariz ifadəsidir. Ölkə rəhbərinin müşavirədə vurğuladığı kimi, hesabat dövründə qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun isə 3 faizdən çox artması real iqtisadiyyatın yüksələn xətlə inkişafından xəbər verir.
Statistik göstəricilərdən söz düşmüşkən, bəzi rəqəmləri də xatırlatmaq istərdik. Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 milyard 148 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib. Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 21,4 faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 4,2 faiz artıb. Bu dövr-də istifadə olunan vəsaitin 4 milyard 322 milyon manatı və yaxud 60,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 426 milyon manatı və yaxud 33,9 faizi xidmət sahələrinə, 398,8 milyon manatı və yaxud 5,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yarım il ərzində isə əsas kapitala yönəldilmiş məbləğin 5 milyard 208 milyon manatını və yaxud 72,9 faizini daxili vəsaitlər təşkil edib, 5 milyard 48 milyon manatı və yaxud 70,6 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
İlin ilk yarısında qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büd-cəsi gəlirlərinin artmasına da müsbət təsir göstərib. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsi kimi diqqət çəkib. Hesabat dövrünün ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaradıb. Bu, büdcəyə əlavə 3 milyard 50 milyon manat cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə vəsaitlərin artırılmasına gətirib çıxarıb.
İşğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait cari ilin sonunadək 12 milyard manata çatacağı proqnozlaşdırılıb. Həmin vəsaitin 5,5 milyard manata yaxın hissəsinin də bu il xərclənəcəyi planlaşdırılıb.
Mütəxəssislərin sözlərinə əsasən, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq. Bu qədər vəsait isə Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradacaq.
Hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları da artıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları iyun ayına 9,1 milyard ABŞ dollarına bərabər olub. Tədiyyə balansının cari əməliyyat üzrə profisiti 10 milyard dollara yaxın olub. Strateji valyuta ehtiyatlarının artımı, tədiyyə balansının cari əməliyyatlar balansının profisiti cari ildə makroiqtisadi sabitliyi təmin edib və manatın məzənnəsinin sabitliyini dəstəkləyib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan xarici dövlət borcu ilə bağlı hədəf göstəricisinə bu il nail olunub. Belə ki, 6,7 milyard ABŞ dolları olan xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.
Hesabat dövründə büdcəyə daxilolmalar da artıb. Məsələn, bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 75,366 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çox olub.
Xatırladaq ki, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,4 faiz artaraq 7 milyard 68 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,3 faiz artaraq 2 milyard 186,168 milyon manat təşkil edib.
Bütün bu uğurlu göstəricilər ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələr yaradılıb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyətlidir.
Azərbaycanda 2004-cü ildən başlayaraq, həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib.
Günay QULİYEVA,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin iqtisadi təhlil şöbəsinin müdiri
Çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. İqtisadiyyatın qeyri-neft-qaz sənayesində artım neft–qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunub.
Hesabat dövründə ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib. Bu artımla yanaşı, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edilməsi nəticəsində 2023-cü ilin yanvar-may ayları ərzində vergi yığımları ötən illə müqayisədə 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə profisiti yaratmaqla büdcəni rekord həddə çatdırıb.
Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Bununla bağlı 16 iyun 2023-cü il tarixində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılıb. Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub.
Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manatı isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə hökumətin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olmasını göstərir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”