“Avropa İttifaqı insan haqlarını pozan, Cənubi Qafqaz məsələlərinə müdaxilə edən İİR rejiminə qarşı daha sərt mövqe sərgiləməlidir”. Bu fikirlər Avropa İttifaqının EU Reporter veb-saytının əməkdaşı Maurisio Cerinin İranda yaşayan azərbaycanlıların etnik ayrı-seçkiliyə məruz qalması barədə yazdığı məqaləsində yer alıb. “Caliber.Az”-ın ingilis dilindən tərcüməsini dərc etdiyi həmin məqaləni ana dilimizdə qısa ixtisarla oxucularımızın diqqətinə veririk.
Güney Azərbaycandakı soydaşlarımızın ağır vəziyyətinin səbəblərini araşdıran Maurisio Ceri əvvəllər NATO-nun Birləşmiş Komandanlığında Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə analitik kimi çalışıb.
Müəllif son iki ayda rəsmi Bakının artıq ikinci dəfə öz vətəndaşlarını İİR-ə getməkdən çəkinməyə çağırmasını belə izah edir: “Hazırda Azərbaycan və İran arasında münasibətlər heç də arzu edilən vəziyyətdə deyil. Yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terror aktından sonra diplomatik missiya fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Fevral ayında Bakıda İranın xeyrinə casusluqda şübhəli bilinən 40-a yaxın adam həbs edildi. Mart ayında Azərbaycan parlamentinin deputatı silahlı basqına məruz qaldı və bu insidentdə İran rejiminin əli olması ehtimalı da irəli sürüldü. Bəzi ekspertlər hətta iki ölkə arasında müharibə riski ilə bağlı təhlükəli meyillərə diqqət yetirirlər. Əsas sual isə budur: Tehran Bakıda vəziyyətin qeyri-sabit olmasında nədən bu qədər maraqlıdır?”
Cənab Ceri yuxarıdakı suala geniş aspektdə cavab tapmağa çalışır. Azərbaycanın geniş strateji diversifikasiya üçün zəruri enerji habı kimi Qərb tərəfindən artan maraqların obyektinə çevrilməsinə, onun mürəkkəb geosiyasi situasiyada, Rusiya və Çin kimi böyük güclərin nüfuz dairəsindəki postsovet məkanında, qlobal təhlükəsizliyin rəqabət mühitində duruş gətirməsinə diqqəti çəkən analitik Bakının Aİ üçün çox vacib geosiyasi aktor olduğunu yazır: “Bu ölkə Avropanı Xəzər hövzəsi və Mərkəzi Asiya regionları ilə bağlamaqla yanaşı, iki imperiyanın buraya təsir dairələrini genişləndirmək cəhdlərini ləngidir. Bakı Moskvanın və Tehranın müttəfiqi olan İrəvanla atəşkəs rejimini qoruyub saxlayır. Axırıncı, bu yaxınlarda üzə çıxdığı kimi, hərbi texnika daxil olmaqla, sanksiyaya düşən malların Rusiyaya ötürülməsində açar rolunu oynayır. Bundan savayı, Azərbaycanın Türkiyə ilə onu birbaşa birləşdirəcək Zəngəzur dəhlizinin açılması barədə təklifi məhz İranın fitvası ilə Ermənistan tərəfindən qəti etirazla qarşılanır. İİR-in Qafanda özünün konsulluğunu açması ona dəlalət edir ki, Tehran İrəvanın regional səylərinə dəstəyini gücləndirmək niyyətindədir. Bu isə Qərbin regiondakı məqsədləri ilə de-fakto tərs mütənasibdir”.
Göründüyü kimi, Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə səriştəli mütəxəssis kimi Maurisio Ceri regionda baş verənləri praqmatik dəyərləndirir və haqlı olaraq Bakı ilə Tehran arasında kəskinləşən diplomatik soyuqluğun səbəbini həm də Azərbaycanın İsraillə yaxın münasibət qurması ilə bağlayır. Onun qənaətinə görə, Tehranın Bakıya soyuq münasibətinin digər səbəbi 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra başlayıb. “İran əhalisinin üçdə birindən çoxu etnik azərbaycanlıdır və qərbyönlü siyasət yeridən sivil Azərbaycan Respublikası molla rejimini ciddi narahat edir. Çünki İİR-dəki çoxmilyonluq Azərbaycan icması üçün şimaldakı müasir dövlət quruluşu ilhamverici amildir”,– yazan müəllif məqaləsində Berlindəki Güney Azərbaycan diasporunun fəaliyyəti, İranda daim irticaya məruz qalan soydaşlarımızın təhsil hüquqi və azadlıqları üzərində dayanır.
“Berlində güneyli azərbaycanlıların etiraz mitinqi. Az qala bütün Avropadan bura toplaşmış etnik azərbaycanlılar arasında dayananda birdən başa düşdüm ki, bu etiraz aksiyası mənə Xordad hadisələrini xatırladır. 2006-cı ildə rasist karikaturası ilə bağlı İranda əmələ gələn qalmaqaldan sonra güneyli azərbaycanlılar üsyana qalxmışdı. Verilən məlumatlara əsasən, onda 5 min fəal həbs edilmiş və onların əksəriyyəti zindanlarda işgəncələrə məruz qalmışdı. Saxlanılanlardan 150 nəfər ya öldürülmüş, ya da itkin düşmüşdü (deyilənlərə görə, onlar diri-diri yandırılaraq cəsədləri Urmiya gölünə atılıb). Çoxlu sayda insan ciddi xəsarət almışdı”.
Bunları Avropa oxucusuna xatırladan müəllif güneyli azərbaycanlıların İran hakimiyəti tərəfindən çoxdan – həm fevral inqilabına qədərki Pəhləvi sülaləsi, həm də hazırki teokratik rejim tərəfindən etnik ayrı-seçkiliyə və qərəzli münasibətə məruz qaldıqlarını diqqətə çatdırmağı unutmur.
“Bir qayda olaraq ikinci növ vətəndaş kimi nəzərdən keçirilən etnik azərbaycanlılar assimilyasiyaya, alçaldıcı stereotiplərə və məcburi yerdəyişmələrə on illərlə dözməli olublar. Bu gün güneyli azərbaycanlıların dili, mədəniyyəti və isri ən müxtəlif üsullarla sıradan çıxarılır. Hərçənd İran qanunvericiliyində etnik azlıqlara öz doğma dillərində danışmaq hüququ nəzərdə tutulur, buna baxmayaraq mərkəzi hökumət məktəb və kolleclərdə Azərbaycan dilindən istifadəni faktiki olaraq qadağan edir. Güney Azərbaycandakı toponimlərin fasiləsiz olaraq farslaşdırılması mədəniyyətin qəsdən mənimsənilməsi çərçivəsində yaranan daha bir narahatlıq mənbəyidir. Bu zaman qədim Azərbaycan mədəniyyəti və tarixi irsi yalnız saxtalaşdırılmır, bir çox hallarda hətta fiziki cəhətdən məhv edilə bilir. Bombardman nəticəsində dağıdılan Təbrizdəki Ərk qalasını bunun bariz nümunəsi kimi göstərmək mümkündür”.
Məqaləsində daha sonra Güney Azərbaycan hərəkatının siyasi qanadının İrandakı mövcud dövlət aparatı tərəfindən irticaya məruz qaldığını qələmə alan müəllif nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında təsdiqini tapmış faktlara söykənərək qeyd edir ki, Tehran iqtidarı tez-tez müxtəlif mədəni-kütləvi tədbirlərin gedişində etnik azərbaycanlıların həbsini həyata keçirir, milli fəallar işgəncələrə məruz qalır, yaxud soydaşlarının siyasi hüquqlarının təmin edilməsini tələb etdikləri üçün ölkədən didərgin salınır. “2022-ci ilin sentyabrında kütləvi etiraz dalğası başlayandan sonra bu etnik qrupun vəziyyəti daha da pisləşdi. Çarşabı məcburi örtməyin yeni qaydası barədə qanuna qarşı qadınların etirazı az sonra sosial, iqtisadi və siyasi tələblərə qədər genişləndi (buna misal olaraq, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarını göstərmək olar). Tehranın teokratik rejimi isə, öz növbəsində, buna cavab olaraq etiraz aksiyalarını qəddarcasına dağıtmaqdan ötrü ixtiyarındakı bütün təhlükəsizlik qüvvələrini səfərbər etdi. Ekspertlər qrupunun hazırladığı hesabata görə, Güney Azərbaycanın ən böyük şəhərində – Təbrizdə “etirazların yalnız ilk iki həftəsi ərzində saxlanılanların sayı 1700 nəfər”dən çox olub. Bundan başqa, 2022-ci ilin sentyabrından dekabrına kimi hökumətin həyata keçirdiyi xüsusi reydlərin nəticəsində təhlükəsizlik qüvvələri tərəfindən 20-dən çox gənc fəal öldürülmüş, yüzlərlə etirazçı isə yaralanmışdır. Həmin dövrdə 10-a yaxın etnik azərbaycanlı isə ölümə məhkum edilib”.
Bununla bağlı konkret hadisələri ayrıca qeyd edən EU Reporter veb-saytının əməkdaşı Maurisio Ceri yazır: “2022-ci ilin sentyabrında Zəncandan olan yeniyetmə Mehdi Musəvi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Mehdinin ailəsinə və qohumlarına təhdid göstərərək bu qətl barədə susmağa məcbur ediblər. Başqa bir hadisənin qurbanı 22 yaşlı Nəsim Sədqi olub. Bu gəncin də aləsinə hədə-qorxu gələrək övladlarının bədbəxt hadisə zamanı öldüyünü söyləmək məcburiyyətində qoyublar”.
Hazırladı:
İ.HƏSƏNQALA, “Xalq qəzeti”