Mirzə İbrahimov yaradıcılığında Güney Azərbaycan

post-img

Azərbaycanın Xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İhrahimovun həyat və fəaliyyəti daim Güney Azərbaycanla və bu mövzuda bədii-elmi yaradıcılıqla sıx bağlı olub. 1911-ci il oktyabrın 15-də İran Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvə kəndində anadan olmuş gələcəyin yazıçı-ədəbiyyatşünası uşaqlıq illərində ailəsi ilə birlikdə Bakıya köçsə də, ömrü boyu dünyaya göz açdığı yerləri unutmayıb, Güney mövzusu yaradıcılığında geniş yer tutub. 

Müsahibimiz Mirzə İhrahimovun vax­tilə AMEA Ədəbiyyat İnstitutunda yaratdı­ğı Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, professor Esmira Fuad böyük yazıçının hə­yat və fəaliyyətinin Güney Azərbaycan sə­hifələrini geniş araşdırıb. Mirzə İbrahimov Kitab Fondunun yaradıcısı olan Esmira xa­nım qəzetimiz üçün açıqlamasında bildirdi:

–Otaylı-butaylı ədəbiyyatımızın görkəmli siması Mirzə İbrahimov üçün bütöv Azərbay­can idealı ömrü boyu çox doğma və əziz olub. Bu mövzu onun yaddaşını heç zaman tərk et­məyib. O, bədii yaradıcılığında Güney, doğma şəhəri Sərab, Təbriz və ümumilikdə otaylı soydaşlarımızın həyatından geniş bəhs edib. Mirzə müəllim İranda yaşayan qardaş-bacıla­rının arzu-istəklərinin ifadəçisi, ağrı-acılarının carçısı olub. Ədib bacardığı qədər bətnindən qopduğu Güney Azərbaycan xalqının milli əsarətdən qurtulmasına, soydaşlarının ana di­lində oxuyub-yazmaq hüququnun gerçəkləş­məsinə çalışıb.

Yurdsevər yazıçı çoxsaylı əsərlərində Gü­ney Azərbaycan mövzusuna dönə-dönə qayı­dıb. Bu qayıdış təsadüfi deyildi. Görünür, yeddi yaşında ikən Sərabı tərk edən Mirzə müəllimin yaşadığı, gördüyü sanki yaddaşında, ruhunda daşlaşıbmış. O 1941-ci ildə sovet ordusunun tərkibində Güney Azərbaycana gedəndə də burada baş verən hadisələrin bilavasitə iştirak­çısı olub, qaynar həyatın tam mərkəzindən ic­timai-siyasi, ədəbi prosesləri diqqətlə, dərindən müşahidə edib və gələcək ədəbi-bədii fəaliyyəti üçün zəngin həyat materialı toplayıb. 

1941–42-ci və 1945-46-cı illərdə Təbriz­də yaşayan, burada sovet ordusunun siyasi işçisi vəzifəsini icra edən Mirzə İbrahimo­vun burada ana dilində çıxarılan “Vətən yolunda” qəzetinin redaktoru olduğu dövrdə Quzeydən gələn sənət dostları, yara­dıcı ziyalılarla Güneydə mədəni dəyişikliyə nail olmaq, soydaşlarına kömək etmək üçün gecə-gündüz böyük həvəslə çalışdığını söyləyən Esmira xanım daha sonra dedi:

– Mirzə İbrahimov “Vətən yolunda” qə­zetində (46 sayı dərc edilib) cəbhə xəbərləri ilə yanaşı, Azərbaycanın tarixindən, xalqın azadlıq uğrunda mübarizə salnaməsindən, bu mübarizənin aparıcı qüvvələri olan mərd Vətən oğullarının həyatından, ədəbiyyat və mədəniyyətindən diqqətçəkən məqalələrə ge­niş yer verib. Bu mədəni missiyanın davamın­da 1945–1946-cı illərdə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə 21 Azər inqilabı baş verib. Lakin 1 ildən sonra xarici mürtəce qüvvələrlə yerli istibdad rejiminin qüvvələri birləşərək inqilabı qan dənizində bo­ğub. Amma xalqın azadlıq, istiqlal arzularını boğmaq mümkün olmayıb. İstiqlal uğrunda mübarizə Güneydə bu gün də davam edir.

Mirzə İbrahimov ilk dəfə olaraq məhz “İrаn qızı” аdlı hеkаyəsini - Ulduz adlı qızın faciəli həyat hekayətini yazmaqla bədii yaradı­cılığına Güney Azərbaycan mövzusunu gətirib (1930). Milli hökumətin süqutundan sonra isə “Аzаd”, “12 dеkаbr”, “Tоnqаl bаşındа”, “İz­tirаbın sоnu”, “Sаlаm sənə, Rusiyа” və “İki həyаt” - altı hekayənin daxil olduğu “Cənub hеkаyələri” silsiləsi (1946–1947), İranda dal­ğalanan milli-аzаdlıq hərəkаtının yetirdiyi inqilаbçıların parlaq оbrаzlаr qalereyası sayıla biləcək “Gələcək gün” rоmаnı (1948–1950), “Хоsrоv və Ruzbeh” pоvеsti və “Azad qız” librettosu yazıçının Güney Аzərbаycаnda­kı ciddi və davamlı müşаhidələrinin, doğma xalqına odlu məhəbbətinin, uzun-uzadı yаrа­dıcılıq ахtаrışlаrının uğurlu nəticələri idi. 

Güney Аzərbаycаn məsələsi Mirzə İbrа­himоvun gündəlik həyatının, duyğu və dü­şüncələr aləminin ayrılmaz hissəsi idi. Evdə, işdə, səyahətdə, hətta yuxularında belə doğma Təbriz, Sərab, Eyvə onunla idi. Qızı Sevda xa­nımın xatirələrində də bu məqam var: “O, Cə­nubla bağlı xatirələrini danışanda həmişə məni qəhər bürüyərdi. Atam Təbrizi çox sevirdi. Biz bağa gedəndə uşaqlıq illərini xatırlayar və nisgilli səslə deyərdi: “Görəsən, mənə qismət olacaqmı ki, nə vaxtsa sizi Təbrizə aparım”.

Bir çox dillərə tərcümə edilən və baş qəh­rəmanın - Azadın nakam taleyinin bədii təs­viri olan “Azad” hekayəsinin də daxil olduğu məşhur “Cənub hekayələri”, “Gələcək gün” romanı, “Azad qız” librettosu Təbrizdə yaşa­dığı həmin keşməkeşli dövrün mürəkkəb icti­mai-siyasi hadisələrinin əks-sədası idi. “

“Tonqal başında” hekayəsi ruhən “Azad” və “12 dekabr” əsərlərilə səsləşir. “İztirabın sonu” hekayəsində isə milli-demokratik hərə­kat yatırıldıqdan sonra İran hökumətinin və onun xarici havadarlarının inqilabçı xalqa di­van tutması, zülm, işgəncə, təqib, təzyiq, sür­gün və həbslərin baş alıb getməsindən, lakin bütün bu əzablara rəğmən xalqın mübarizə əzminin qırılmamasından bəhs edilir. 

40-cı illərdə yazmağa başladığı, ancaq yarımçıq qalmış “Nakam məhəbbət” əsərinin davamı, mükəmməlləşdirilmiş, təkrar-təkrar işlənmiş variantı olan “Gələcək gün” rоmаnı Mirzə müəllimin yaradıcılığında mühüm mər­hələ təşkil edir. Ədib Güney Azərbaycanda baş verən azadlıq hərəkatını rоmаnda parlaq bədii boyalarla əks etdirir. Güney Azərbaycanı, İra­nı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi ədibə bu həyatı və şahlıq rejiminin çoxyönlü siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaradır. Bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəh­rəmanlarından biri kimi təsvir etdiyi obrazı canlı həyatdan götürmək şansını da verir. Bu möhtəşəm obrazın prototipi Milli Hökumətin yaradıcılarından biri olan alovlu vətənpərvər, prokuror Firudin İbrahimidir.

“Gələcək gün” romanı güclü bədii ümu­miləşdirmələrinə, real həyatda baş verən hadisələrlə boyaboy səsləşdiyinə görə bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin fa­ciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur. “Gələcək gün”də yazıçı “İran və Güney Azər­baycan xalqlarının iztirablarla dolu məşəqqətli həyatını Həsənalı və Musa kişinin ailələri fo­nunda ümumiləşdirir. 

Yazıçı axıcı bədii dillə iki ailənin faciələri­nin fonunda bütün xalqın məşəqqətli həyatının aydın mənzərəsini yaradır. Və sonda həbsdən qurtulan Firudun İbrahimini yenə də mübarizə meydanına qovuşdurur. Bununla diqtə edir ki, xalqın zülm və işgəncədən, əsarət zəncirindən yeganə qurtuluş yolu mübarizəyə qalxmaq, inqilab etməkdir. Xalqın nicatı yalnız milli birlikdə, milli vəhdətdədir.

Tədqiqatçı söylədi ki, Cənubi Azərbay­can mövzusu ömrünün son gününədək Mir­zə müəllimin yaradıcılığının aparıcı xəttini təşkil edib: 

– Cənubda gedən ədəbi prosesi yaxından izləyib, Gəncəli Səbahi, Rəhim Dəqiq, Cavad Heyət, Salamullah Cavid, Sönməz və digər iste­dadlı qələm sahibləri ilə məktublaşıb, ədəbi mü­kalimələr edib, burada yaranan poeziyanı “Ümid və kədər poeziyası” adlandırıb. Mərziyə xanım Üskuyi, Əlirza Nabdil Oxtay, Səməd Behrəngi kimi şəhid yazarların əməllərini, mərdliklərini yüksək dəyərləndirib, Şəhriyar, Səhənd, Sava­lan, Sahir, H.Tərlan, R.Dəqiq, Y.Şeydanın müba­riz poeziyasını təqdir edib, bu şairlərin romantik əsalətini, lirikasını təqdir edib.

Publisistik yazılarında da Güney Аzərbаy­cаnı unutmayan ədib “Təbriz səfəri”, “Onlar da günəşi görəcəklər”, “Cənubi Аzərbаycаnda milli demokratik hərəkat haqqında”, “Firidun İbrahimi”, “Azadlıq mübarizəsi”, “Xalqın səsi” məqalələrində oxucularının diqqətini İra­na, Güney Аzərbаycаna, Güney Аzərbаycаn xalqının həyatına və taleyüklü məsələlərinə, burada ölüm-dirim mübarizəsi aparan iki ideo­logiyanın çarpışmasına yönəldib.

Hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”



Müsahibə